"Onun sinir sistemi çox dayanıqlıdır, o, aqressiyadan daha dözümlü olur..."
"Oğlum böyüməkdə olan politoloq və hərbi ekspertdir, atasına məsləhətlər verir..."
Ukraynanın birinci xanımı Yelena Zelenskaya öz övladları və həyat yoldaşının Rusiya hərbçilərinin Buçada, İrpendə və Kiyev vilayətinin digər şəhərlərində törətdikləri vəhşiliklərə münasibəti barədə danışıb.
O, bu barədə ümumukrayna telemarafonunun efirində jurnalistlərlə söhbətində danışıb.
Ukraynalılar üçün mürəkkəb dönəmdə öz ailəsinin emosional vəziyyətini şərh edərkən, Zelenskaya əmin edib ki, o da, həyat yoldaşı da doğma torpaqda baş verənlərdən çox həyəcan keçirir.
"Biz istisna deyilik. Biz bunu yaşayırıq. Mən yalnız və yalnız hiddət hissi keçirirəm. Bunu törədənlərə qarşı heç bir sentimentim yoxdur. Düzünü desəm, mən bunun mənim ailəmin başına gələ biləcəyini heç təsəvvür etmək istəmirəm. Mən belə fikirləri yaxına buraxmıram", - Zelenskaya deyib və əlavə edib ki, Kiyev vilayəti Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edildikdən sonra qarşıya çıxan mənzərədən prezindent şok yaşayıb:
"O, Buça və İrpenə gələndə onun üzünü xatırlayırsınız?"
"Amma onun sinir sistemi çox dayanıqlıdır.Və, yəqin ki, onun bu hiddəti...Kimsə belə pis şeylərdən əyilir. Amma ona hiddət hissi yalnız təkan verir. Mən onun xasiyyətini yaxşı bilirəm. O, aqressiyadan daha dayanıqlı, daha dözümlü olur", - Ukrayna prezidentinin xanımı belə deyib.
Yelena Zelenskaya həmçinin müharibə zamanı ailə həyatından açıqlamalar verib. Onun sözlərinə görə, 9 yaşlı oğlu Kirill "böyüməkdə olan politoloq və hərbi ekspertdir". Oğlum atasına Rusiya hərbçilərinin hücumlarını dəf etmək üçün hansı hərbi texnikanın alınmasını məsləhət görür .
"O, hər şeyi bilir, hərbi məsləhətlər verir, hansı tankları, təyyarələri almaq lazımdır, nəyimiz çatışmır...Hansı ölkələr bizə yaxşı, hansılar pis kömək edir. Ümumiyyətlə, o, hərbi ekspertdir. Onunla bu barədə aylarla danışmaq olar", - birinci xanım deyib.
Zelenskaya əlavə edib ki, o, əri ilə birlikdə oğlunu belə söhbətlərə sövq edir, onu dayandırmır, çünki anlayırlar ki, uşaq ürəyini boşaltmaq istəyir.
Zelenski həmçinin etiraf edib ki, tədris zamanı oğlunun diqqəti müharibədən yayınır, yerdə qalan zamanını isə cəhbədə döyüşlərdən danışır. Lakin, onun sözlərinə görə, ailəsi "Borodyankadan olan balaca dolab" kimi dözümlüdür (Rusiya hərbçilərinin yaşayış binasına atəşlərindən sonra Kiyev vilayətinin Borodyanka kəndində yeganə salamat qalan dolab nəzərdə tutulur. Mətbəx interyerinin bu əşyası Ukrayna xalqının əyilməzliyi rəmzinə çevrilib).
Qeyd edək ki, Yelena və Vladimirin iki övladı var- qızı Saşa 2004- cü, oğlu Kirill isə 2013- cü ildə anadan olub./moderator