Özünü 4 ay “cavanlaşdırmaq” və yeni şəxsiyyət vəsiqəsi Müşviq Ağayevin nəyinə lazım idi?
Doğrudanmı, Müşfiq Ağayev kəndin qəbiristanlığını, stadionunu, payıbəlli torpaqalarını qanunsuz olaraq satıb?
Ölkəmizdə 23 yaşı bu il tamam olacaq bələdiyyə qurumlarının Masallıda da həm uğurları, həm də göz deşən nöqsanları olub.
Kolatan, Köhnə Alvadı. Göyəçöl, Kəlbhüseynli, Şərəfə və digər ərazilərdəki bələdiyyələrinin fəaliyyəti yaxşı nümünələrdəndir.
Heyf ki, bu yaxşılar sırasında müxtəlif zamanlarda Qızılağac, Qəriblər və sair ərazilərdəki bələdiyyələrdə ürəkbulandıran nöqsanlar da az olmadı. (Bir çox bələdiyyələrin isə adı oldu, özü olmadı)
Qəriblər bələdiyyəsi isə Müşviq Ağayevin 5 illik rəhbərliyi dövründə özünün ən bərbad dövrünü yaşadı.
Həmin kəndin sakini Xanışov Nəsrəddin Balabəy oğlu bu barədə cenub.az-a ilginc məlumatlar təqdim edib.
Onun məktubunu kiçik redaktə ilə sizə təqdim edirik:
Şikayətçi bildirir ki, Müşviq Ağayevin bütün ömür yolu sanki bir saxtakarlıq “tarixidir”. Aradan illər keçsə də hər il onun yeni saxtakarlığı üzə çıxır.
17 il bundan öncə saxta kimlik düzəldən şəxsin saxtakarlığı necə faş edildi?
Xatırladaq ki, 01.03. 1973-cü il təvəllüdlü Masallı Rayonunun Qəriblər kənd sakini Ağayev Müşviq Vasif oğlu 2005-ci il 19 fevral tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 221.2.1.1 qərarı ilə (dələduzluq və xuliqanlıq əməllərinə görə) məhkum olunmuşdu.
18.10. 2005-ci ildə isə yuxarıda adı çəkilən Müşviq Ağayev Masallı Rayon Polis Şöbəsinin Vətəndaşlarin Qeydiyyatı Şöbəsində özünə saxta yolla yeni kimlik alaraq təvəllüdünü dəyişdirib. Belə ki, 01 mart 1973-cü il təvəllüdünü dəyişdirərək, 02 iyul 1973-cü il kimi sənədləşdirib. Yəni, özünü 4 ay cavanlaşdırıb.
Məqsəd nə olub?
Bundan əvvəl bu şəxsin məhkumluğu və onun hədəfində yüksək vəzifə tutmaq həvəsi olduğu üçün, bəzi vəzifəli şəxslərlə əlbir olub belə saxtakarlığa yol verib.
Bəs bu saxtakarlıq necə aşkarlandı?
Bu ilin aprel-may aylarından başlayaraq Müşviq Ağayev ardıcıl olaraq sahibkar Qardaşəli Allahyarovdan müvafiq təşkilatlara böhtan dolu şikayətlər ünvanlayıb. Qarşı tərəf də bunların hər birini əsassız olduğu üçün ifşa etdiyi zaman, bəlli olub ki, M. Ağayevin şəxsiyyət vəsiqəsində şübhəli məqamlar var. Belə ki, o, təvəllüd tarixini 4 ay cavanlaşdırmaqla saxtakarlıq edib. Masallı Polis şöbəsi və prokurorluğu 17 ildən sonra bu saxtakarlığı aşkarlayıb. Bu saxtakarlıq nəticəsində guya tərcümeyi – halında qaranlıq məqamları təmizləyib, daha sonra 5 il bələdiyyə sədri olub.
Hazırda bu iş çox dəqiqliklə araşdırılır.
Şikayətçi Nəsrəddin Xanışov Cenub.az-a açıqlamasında bildirib ki, M. Ağayev bələdiyyə sədri işlədiyi müddətdə onlarla, bəlkə də yüzlərlə saxtakarlıq edib, onlarla adamı alladıb, kəndin qəbristanlığından, stadtionundan, payıbəlli torpaqlarından tutmuş, onlarla ictimai əhəmiyyətli digər torpaqları satdı, az qala bütün kəndi üz-üzə qoydu, yüzlərlə insanın haqqını tapdalatdı, kimini şərlədi, kimini aşağıladı və sair bəd əməllər etdi.
Xatırladım ki, Qəriblər stadionunun yerini satıb, kəndin yüzlərlə gəncini nfutbol oynamaqda mərhum edən Müşfgiq Ağayevin əməlləri cəzasız qalmır. Belə ki, aşağı instansiya məhkəmələrinin qərarından sonra, Ali Məhkəmə də qətnamə qəbul edib. Qətnaməyə görə stadionun ərazisində qanunsuz tikilmiş evlərin alqı-satqısı ləğv edilib, çıxarışlar etibarsız hesab olunub. Yaxın günlərdə qərarın icrasına başlanılıacaq və stadion ərazisindən tikilən evlər söküləcək.
Sərvətlər içində üzən Qəriblər kəndi onun əməllərindən nəinki bir fayda görmədi, hələ də onun yaratdığı 26 min manat borcu ödəməklə məşğuldur.
Daha sonra şikayətçi M. Ağayevin saxtakar əməllərinin qurbanı olan şəxslərin adlarını açıqlayıb.
Bildirib ki, Qasımov Cavid Yavər oğlundan həyətyanı torpaq sahəsinin sənədləşməsi adı ilə 4 min 500 manat,
Mehdizadə Fariz Telman oğlundan 3 min 700 manat,
Allahyarov Qardaşəli Baloğlan oğlundan torpaq sənədi düzəltmək üçün tövləsindən dəyəri 4.500 manat olan 3 ədəd iribuynuzlu mal-qaranı qardaşı vasitəsi ilə apartdırıb.
Sadıqov Xaliq Tarif oğlundan isə ona torpaq verəcəyi adı ilə 12 min manat, Əliyev Rəşadət Bəxtiyar oğlundan isə həmin adla aldadaraq 2500 manat alıb, hələ də qaytarmır
Müşviq Ağayev sonradan dairəni daha da genişləndirərək Lerik Rayonunun Haftoni kənd sakini Həsənov Ibadulla Zərbi oğlundan 3 min 500 manat alaraq ona vəd etdiyi torpağı verməmişdir.
Bundan əlavə kəndin cənub hissəsində 7 hektar pay torpaqlarının altından keçən su borularını satdıqdan sonra həmin torpağı aidiyyatı bəlli olmayan, hərəsi kənddənkənar fərqli ünvanlarda yaşayan adamlara “pay-püş” edib.
Onun bu saxta əməlləri nəticəsində hazırda kənddə 10-dan artıq sənədsiz ev tikilib.
Bundan əlavə o, bələdiyyənin 1,8 ha. torpaq sahəsini də zəbt edib və hazırkı bələdiyyə sədri və ərazi nümayəndəsi o əraziyə girə bilmir.
sonda cenub.az-a Nəsrəddin Xanışov bildirib ki, bildirdiyim hər bir məlumatı konkret sənədlərlə sübut edə bilərəm. Adını çəkdiyim şəxslərin telefon nömrələri ilə də əlaqə saxlamaq kifayətdir ki, dediklərimi təsdiqləsinlər. Onu da xatırladım ki, dediklərimi hüquq-mühafizə orqanlarına da bildirmişəm ki, araşdırsınlar.
Məndə olan məlumata görə, artıq olayla bağlı cinayət işi açılıb və ciddi araşdırma aparılır.
Bəs qarşı tərəf nə deyir?
Deyilənlərə aydınlıq gətirmək üçün qarşı tərəfin, Qəriblər kənd bələdiyyəsinin sabiq sədri Müüşfiq Ağayevlə görüşüb onların fikrini öyrənməyə çalışdıq. Müşfiq Ağayev deyir ki, yazılanların hamısı şər və böhtandır. Bilirəm ki, bu cür yazıları kim yazdırır. Onlar bu böhtanların cavabın alacaq. Çox istəyirəm ki, onların dedikləri çap olunsun, sabah böhtana görə onları məhkəməyə verəndə əsas olsun. Bir daha deyirəm ki, yazılanların hər bir sətri böhtandır. Mən kənddə bunu yazdıranların bəd əməllərin ictimailəşdirdiyim üçün belə addımlar atırlar. Hazırda araşdırma gedir. Bu böhtanların əsassız olduğu polis şöbəsində araşdırılandan, təsdiqini tapmayandan sonra, mən onları özüm məhkəməyə verəcəm.
Qaldı ki, stadionun satılması, bu barədə Ali Məhkəmənin Qətnaməsinin olması barədə. Onlar bu qətnamə necə əldə edib, hamıya bəllidir. Bu günlərdə pespublikanın Baş Prokuroru Masallıya gələcək. Mən də onun qəbulunda olub, mənə yönəlik şər və böhtanlar haqqında onu məlumatlandıracağam. Mənim heç bir əyri, kimdənsə gözükölgəli işim yoxdur. Nə etmişəm xalqım üçün, imkansızlar üçün etmişəm. İnşallah, bir dəfə gəlib daha geniş açıqlama verəcəyəm ki, bu kənd üçün nələr etmişəm.
Cenub.az üçün hazırladı: Zahir Əmənov