Elşad Mirinin müsahibəsini təqdim edirik.
– Elşad müəllim, salam. Əvvəlcə Rusiya-Ukrayna müharibəsi haqqında danışaq. Bu haqda nə düşünürsünüz və nə üçün İslam alimlərindən heç kim bu bərədə heç nə danışmır?
– İslam alimləri dediyimiz adamların çıxıb heç nə deməməsində ən təəssüfləndirici hal odur ki, sanki bir müharibə yalnız müsəlmanlar arasında olarsa, onlar çıxıb nəsə deyə bilərlər. Halbuki İslam sözünün özü sülh deməkdir. İslam barış dinidir, əmin-amanlıq dinidir. Müsəlman da həmin sülhü, barışı, əmin-amanlığı bərqərar edən adamdır. Bunu deməlidirlər, bunun üçün vasitəçilik etməlidirlər. Müsəlman alimləri qalxıb deməlidirlər ki, İslam dinində müharibəyə hansı halda icazə verilir və müsəlman bu haqsız davada kimin tərəfində olmalıdır. Ukraynadakılar hər nə qədər müsəlman olmasa belə, bizim qardaşlarımızdır. Ona görə də əlimizdən nə gəlirsə, onlara kömək etməliyik. Çünki İslam bizdən adam olmağımızı tələb edir. Yoxsa sadəcə özünü müsəlman adlandıran insanlarla maraqlanıb, digər insanlarla maraqlanmamaq, onların qeydinə qalmamaq anlayışı yoxdur. Çünki bütün insanların hamısının eyni hədəfi var. Hər kəsin istədiyi bir şey var: qida, təhlükəsizlik və sağlamlıq faktorları. Hər kəs bunu istəyir, rahat yaşamaq, ifadə azadlığının olması, azad cəmiyyət və s. Hər yerdə insan eynidir. Buna görə də, bu məsələyə səs çıxarmayanlara təəssüflənirəm.
Amma gəlin məsələyə digər tərəfdən yanaşaq. Mən məsələyə bir tərəfli yanaşmağın tərəfdarı deyiləm. Çünki Allah Quranda deyir ki yaxınlarınızın əleyhinə olsa belə, düz şahidlikdən, ədalətdən uzaqlaşmayın. Bu bizim üçün əsas prinsip olmalıdır. Mələsən, fikir verin, Amerika özü müsəlman ölkələrinə girəndə nə qədər insanın səsi çıxdı? Həmin dövrdə də bir koalisiya var idi. Həmin koalisiya nəticəsində o insanlar İraqa daxil olduqları zaman təsəvvür edin ki, nüvə silahı adı altında girmişdilər. Bunun da yanlış olduğunu özləri etiraf elədi. Faktiki olaraq orda bir xaos yaratdılar və yüz mindən çox insan qətlə yetirildi. Buna etiraz edən oldumu? Bu gün bəzi qərb ölkələri ayrıseçkilik salaraq Ukraynadan olan qaçqınlara öz qapılarını açdıqlarını bildirirlər. Amma Əfqanıstandan, Suriyadan, Liviyadan olanlara qarşı isə diskriminasiyanın olduğunu görürük. Bu insanlıqdırmı? Bu rasizm, irqi və dini ayrıseçkilik deyilmi?
– Bizim tam olaraq din haqqında bilgimiz yoxdur. Məsələn, məni bu sual çox maraqlandırır. Allah nədir?
– Allah nədir, yoxsa Allah kimdir? Bu sualın cavabını birinci növbədə ordan öyrənə bilərik ki, Allah bizə özünü tanıtmalıdır. Ancaq onun göndərdiyi kitablarına baxaraq bilərik ki, Allah kimdir, nə istəyir, niyə bizi yaradıb və biz ona necə qayıdacağıq? Bizim ən böyük problemimiz ondadır ki, Allahı özümüzdən uzaqlaşdırmışıq. Uzaq bir Tanrı təsəvvürü var. Yaxud da tənbəl bir Tanrı. Allah yaratdı, çəkildi öz “məkanına”. Ondan sonra biz seçimlərimizlə baş-başa qaldıq. Müsəlmanlara görə, bu dünyadakı əməllərimizə ucbatından ya cəzalandırılacağıq, ya da mükafatlandırılacaq. Yaxud da Hindu dininə və ya ondan qaynaqlanana Hinduizm, Buddizm, Caynzim, Seizm və s. dinlərinə görə isə reinkarnasiya dediyimiz, samsara anlayışı var. Onlar da həmin anlayışın nisbətində təkrar dünyana gəlişi qeyd edirlər. Allah bizə deyir ki, mən sizə şah damarınızdan da yaxınam. Allah bizi bizdən yaxşı bilir. Yaradan odur. Sən yaradılanlara qul olma, yaradılanlara qulluq eləmə, şəxsiyyətin, prinsiplərin olsun. Allah belə, özünü tanıdarkən “prinsip sahibi olan Allah” deyir. Allah belə, özünə bəzi məhdudiyyətlər qoyur. Tutaq ki, deyir, mən bunu özümə fərz elədim. Mən bunu özümə yazdım. Halbuki biz fikirləşirik ki, Allah nə istəyir edir. Xeyr, Allah da özü-özünə qaydalar qoyur. Və insanlara da onu deyir ki, mən yaradan olduğum halda, hər bir şey mənim əlimdə olduğu müddətdə, özümə məhdudiyyətlər, prinsiplər qoyuramsa, sən də bir şəxsiyyət kimi formalaşmaq üçün öz azadlıqlarına çəki-düzən verməlisən, həyatını qaydaya, nizam-intizama salmalısan. Mən Allahı bu cür qəbul edirəm. Bilirəm ki, o bizi hər zaman, hər yerdə, hər cür görür. Yoxsa kiminsə tükü göründü deyə Allah onu cəhənnəmə atmayacaq. Bizim Quran tərcümələrində Allah “qorxudan” kimi verilir. Tam əksinə, Allah özünə həmişə hörmətlə yanaşmağımızı istəyir və bunun da qarşılıqlı olduğunu bildirir. Sən Allahı unudarsansa, Allah da səni unudar. Sən Allaha tərəf addım atarsansa, Allah da sənə tərəf daha çox addım atar. Bu cür fikirləşəndə, həqiqətən, anlayırsan ki, mən tək deyiləm. Allah Quranda deyir ki, məndən heç bir zaman ümidsiz olmayın. Allahdan ancaq Allahı bilərək inkar edənlər ümidsiz olarlar. Yəni kafir dediyimiz adamlar. Ümid yeri varsa, hər hansı çətinlik olarsa, insan yenə də başqa bir alternativ, başqa bir variant axtarmalıdır.
– Din nədir?
– Din hərfi mənada “borc, haqq-hesab” deməkdir. Deyir ki, “Maliki yavmiddin” – “Din günün sahibi”. Nədir din günü? Açırıq Quranı. “İnfitar” surəsinin, son 3 ayəsində Allah özü dinin nə olduğunu, din gününün nə olduğunu açıqlayır. Din gününün haqq-hesaba çəkilmək olduğunu orda bildirir. Din bir yoldur, bir sistemdir, bir metoddur. Yəni dünyanın təkcə maddi həyatdan ibarət olmadığını, insanın duyğulara sahib bir varlıq olduğunu qeyd edən bir sistemdir ki, bu sistem bizə yol göstərir. Yaxşı yol da göstərər, pis yol da. Seçimi insanın ixtiyarına buraxır. Dinin yeganə mənbəyi olan Qurana baxanda, deyir ki, “istəyən iman gətirsin, haqqı qəbul etsin, istəyən də inkar etsin, kafir olsun”. “İnsan” surəsində deyir ki, “istəyən şükür eləsin, istəyən naşükür olsun”. Yəni insan düz yolu seçəcəksə, o seçiminə uyğun olaraq edəcəyi əməllərə, rəftara, davranışa görə bunun mükafatını alacaq. Kim də mənfi yolu, pis yolu seçəcəksə, həmin o mənfi rəftara, davranışa görə cəzalandırılacaq. Dini bir yaşamaq anlayışı, bir seçim kimi görürəm. Yoxsa din insanların fikirləşdiyi kimi insanların həyatını çətinləşdirən bir sistem deyil. Din, əslində, insanın həyatını daha da asanlaşdıran və bizə it hürən tərəfə, yoxsa işıq gələn tərəfəmi getməyi göstərən bir sistemdir.
- Allah bir insanı yaradandan sonra başqa insanları yaratmağa qadir deyilmi? “Əraf” surəsində (7/11) deyilir ki, “sizi yaratdı, sizə surət verdi”, sonra Adəmi deyir. Yəni siz, siz deyəndən sonra, Adəmi götürür. Fərd olaraq, prototip olaraq onun üzərindən bir dialoq qurur. Bir yaradılış səhnəsini canlandırır.
– Onda ilk insan Adəm deyil?
– Qurani-Kərimin heç bir ayəsində ilk insanın Adəm olduğuna aid bircə cümlə belə tapa bilməzsiniz. Nisa surəsinin 4-cü ayəsində deyilir ki, “ey insanlar, mən sizi bir nəfsdən yaratdım”. Bunu təfsirçilər götürüb deyirlər ki, bir nəfs, yəqin ki, Adəmdir. Ay qardaş, Allah istəsə elə Adəm deyərdi də. Amma biz bu gün təəssüflər olsun, elə nağıllara inanırıq ki, guya Adəm və Həvva yarandı, ondan sonra uşaqlarından biz yarandıq. Adını nə qoyursan qoy, çarpaz qoy, düz qoy, yenə də bacıqardaş evliliyinə çıxır. İslam həmin dövrdəki insanlara bunu icazə verir, amma sonradan buna icazə vermir? Belə bir yanaşma ola bilərmi? Həmin dövrdəki insanlara bu günün ifadəsi ilə desəm, (haşa) qeyrətsiz olub, bugünkülərə isə qeyrətli olmağımı əmr edir? Allah belə Allahdırmı?
– Təkamülə inanırsınızmı?
– Təkamül iki cürdür. İnsan təkamül edir. Təkamül etmirsə, bu insanın özünün tənbəlliyi və səhlənkarlığıdır.
– Yox, siz başa düşdünüz mən təkamül deyəndə nəyi nəzərdə tuturam.
– Bəli, Təkamül nəzəriyyəsi. O tamam başqa məsələdir. Onunla bağlı müxtəlif versiyalar var. Belə bir iddia formalaşdırıblar ki, Təkamül nəzəriyyəsini qəbul edənlər ateist, deist, aqnostik olur, qəbul etməyənlər isə dindar. Mənim tanıdığım çoxlu ilahiyyatçılar var ki, Təkamül nəzəriyyəsini qəbul edir. Amma ateistlər də var ki, onlar Təkamül nəzəriyyəsini qəbul etmirlər. Bu yaxınlarda belə bir fikir gündəmə gəldi ki, sən demə, Darvinin Təkamül nəzəriyyəsi oğurluq imiş. Ümumiyyətlə, Darvinin həyatına baxsaq, o heç vaxt özünü ateist, yaxud da dindar adlandırmayıb. Çox maraqlıdır. Əksinə “Növlərin mənşəyi” adlı kitabında qeyd edir ki, ara keçid formu ilə bağlı milyonlarla fosilin ola bilər. Amma bu günə qədər bir dənə də ara keçid formu tapılmayıb. Məsələn, bir ceyranın zürafəyə çevrilməsi ilə bağlı deyirlər ki, milyonlarla il lazımdırsa, o milyonlarla il nəticəsində hansısa bir qalıq olmalıdır. Yaxud da ayının okeana düşməsi, ordan balinaya çevrilməsi üçün milyonlarla il lazımdır. Həmçinin milyonlarla qalıq lazımdır. Amma əgər bu qalıqlardan biri də yoxdursa, deməli, bu, həqiqətən, sual altında olan məsələdir. Ona görə də bu gün insanın təkamül nəticəsində dünyaya gəlməsi hələ də müzakirə predmetidir. Yəni bunu qəbul edən ateist, qəbul etməyən isə teist olmur. Çünki bu bir yanaşma və dünyagörüşüdür. Türkiyənin “Göbeklitepe” ərazisindən tapılan 12 min il məsələsi və Konqodan tapılan 75 min il əvvələ aid uşaq qəbri bu məsələnin özünü sual altına alır.
– Mən sizin “İslamda yoxdur” kitabınızı oxumuşdum, müsahibəyə hazırlaşarkən bir daha oxudum. Kitabda belə bir hissə var ki, İslamın beş şərtinə (Kəlməyi-şəhadət, Namaz, Oruc, Həcc, Zəkat) əməl etmək vacib deyil. Vacib olan təqvalı (Təqva – ruh və nəfsin hifz edilməsi deməkdir) və məsuliyyətli olmaqdır. Təqvalı və məsuliyyətli olan müsəlman, İslamın beş şərtinə əməl etməyə bilərmi?
– İslamın beş şərti deyib, bizə tipik tənbəlliyi sırımaq istəyirlər. Nə deyir? Kəlməyi-şəhadəti gətir. Bunu hamı edə bilir. Sonra deyir, namaz qıl, oruc tut, zəkat ver, Həccə get. Bu beş şərtin ikisi – zəkat vermək və Həccə getmək – deyirlər ancaq imkanlılara aiddir. Onda varlı olmalısan ki, hamısını yerinə yetirəsən. Yaxşı, bəs bu şərtlərdə niyə ədalətli olmaq yoxdur, niyə bir yetimin əlindən tutmaq yoxdur, niyə yalançı şahidlik etməmək yoxdur, niyə dürüst olmaq yoxdur? Mən deyirəm ki, bunlar sosial şərtlər deyil. Bunlar İslamın şərtləri ola bilməz. Hardadır burda oxumaq, təhsillə bağlı qız və ya oğlan ayrı-seçkiliyi salmamaq? Yoxdur. Məsələ bu şərtləri qəbul edib-etməmək deyil, məsələ düzgün adam olmaqdır, əlindən və dilindən heç kimə zərər verməməkdir.
Sualınıza gəldikdə isə bu, Allahın biləcəyi bir məsələdir. Allah mənə, yaxud başqa birinə belə bir səlahiyyət verməyib ki, kimin cənnətlik, kimin cəhənnəmlik olduğunu biləsən. Amma Allahın buyruqlarını yerinə yetirdiyin zaman insanın özünə faydası olur. Buna da “həsənat” deyirlər. Bir də var “salihat”. Mənim saleh əməlim başqalarının faydalandığı işlərdir. Başqalarına qarşı gördüyüm xeyirli əməllərdir. Yəni mən özümdən çox o insanlara can atmalıyam. Bu əməllər mənimlə Allah arasındadır. Allah bilər, onu qəbul edər, yaxud eləməz. Amma Allah elə bir Allahdırmı ki, sənin yaxşılıqlarının üstündən xətt çəksin? Əlbəttə, xeyr. Qurani-Kərimdə “Zilzal” surəsində deyilir ki, “xırda, zərrə bir yaxşılıq edən onun əvəzini görəcək, zərrə miqdar pislik edən də onun əvəzini görəcək”. Yəni o balans pozulmayacaq. Allah heç kimə durduğu yerdə cəza vermir. Tam əksinə, kiməsə yaxşı əməllərinə görə mükafat verər. Allah, günahları bağışlayan Allahdır.
– “Nisa”, “Məryəm”, “Nuh”, “Bəqərə” surələrində Quranın rahat başa düşülən və asan olduğu deyilir. Hətta “Qəmər” surəsində dörd ayədə vurğulanır. Bəs nə üçün Quran təfsirlərlə açılır, surələri çoxlu hədislərlə açıqlanır, heç nə başa düşmək olmur?
– Çox gözəl sualdır. Mənim ən çox üzərində düşündüyüm və çalışdığım mövzudur bu. Baxın, qədimdə insanlar nə edirdilər? Bir sözü ictimailəşdirmək, kütləvi hala gətirmək üçün həmin dövrdə əsas metod nə idi? Məscidlər. İnsanlar məscidə yığışırdılar, orda verilən xütbələrlə bir piar aparılırdı. Və istənilən fikir ictimailəşə bilirdi. Quranda deyilir ki, Quran asandır, rahat başa düşüləndir. Amma insanlar Quranı qəlizləşdirdilər. Xüsusi peşələr yaratdılar: İslam alimliyi, din xadimliyi, din adamı peşəsi formalaşdırdılar, “sən bilməzsən, get başqasından soruş”, “o bilməz, get o birindən soruş”, “mən daha yaxşı bilirəm, səndən daha ağıllıyam” kimi fikirlər ortaya atdılar və nəticədə insanlar Qurandan uzaqlaşdılar. Adamlar adi bir şey üçün də, zəng edib filankəsdən, din xadimi saydıqları adamlardan min dənə şey soruşurlar. Halbuki zəhmət çəkib bir proqram yükləsələr, bir az araşdırma etsələr özləri hər şeyi başa düşə bilərlər. Niyə adamlar kiməsə məhkum olmaq istəyirlər, başa düşmürəm. Bu səbəblərə görə o qədər bu kitabı çətinləşdirdilər ki, biz məcburuq onu təmizləyək. Məsələn, baxın ilahiyyat fakültələrinə. Orda elə dərsliklər, elə fənlər tədris olunur ki, bir ilahiyyat fakültəsinin tələbəsinə sual versən ki, dinindən dönən adamı öldürmək olar, ya olmaz? Deyəcək, öldürmək olar. Quranda belə şey varmı? Yoxdur. Haradan çıxarırlar belə şeyləri? Rəvayətlərdən, yaxud da hədislərdən. Onların da üzərindən bir sual işarəsi qoyanda, deyirlər ki, sən hədis inkarçısısan. Qardaş, axı Quranda olmayan hökmü, necə kiməsə məcburən elətdirə bilərsən? Və yaxud da daş-qalaq etmək. Deyir ki, bir insan zina edərsə, daş-qalaq edilməlidir. Haradadır belə şey? Açsınlar göstərsinlər də, harada belə şey deyilir? Olmayan bir şeyi sən mənə necə təlqin edə bilərsən? Bir az da üstlərinə getsəm, mənim özümü də daş-qalaq edərlər. Şükür edirəm ki, Azərbaycan sekulyar dövlətdir. Burda heç olmasa rahatlıqla bunu deyə bilirəm. Bilirsiniz ki, bu söhbətlərə görə adamlar bıçaqlanıb, qətlə yetirilib. Sabah mənim başıma nə gələcək bəlli deyil. “İsraillyət” deyilən bir anlayış var. İslamla əlaqəsi olmayan hər bir şeyə “İsrailiyyət” deyilir. Məsələn, Quranda merac anlayışı yoxdur. Amma insanlar merac gününü qeyd edirlər. Peyğəmbərin səmaya qalxıb Allahla danışmasını bayram kimi keçirirlər. “İsra” surəsi 89-da deyilir ki, “sən göylərə qalxmalı deyildinmi?”. Elə ondansa deyərdi ki, qalxıb gəlmişəm də. Niyə birinci ayə onunla bağlıdır, ikinci ayə başqa şeylə? O qədər cəfəngiyatla doldurublar ki, bu cür şeyləri təmizləmək istəyəndə, insanlar etiraz edirlər. Din xadimləri mədrəsələrdə beyinləri bu cür yalan fikirlərlə doldururlar. Tövratda məkan var, tarix var, obraz var. Amma Quranda belə şeylər yoxdur. Quran sənin bildiyin şeyləri sənə danışır. Çıxarılacaq dərsi göstərir. Amma bizim bəzi “alimlər” Quranın aralarını doldurmağa çalışdılar. Bu gün mənim kimi insanların elədikləri iynə ilə quyu qazmaqdır. Bu cür yalan şeyləri təmizləməyə çalışırıq.
– “Ənam” surəsində deyilir ki, “hər şey onun biliyi və nəzarəti altındadır. Heç bir hadisə ondan ixtiyarsız baş vermir”. Bu halda insanın azad iradəsi sual altına düşmürmü?
– Onun bilməyi başqadır, müdaxilə etməyi başqadır.
– Onda Allah bilir ki, biz cənnətə, yaxud cəhənnəmə düşəcəyik?
– Allahın bilməyi başqa məsələdir, bizim onu bilib-bilməməyimiz başqa məsələdir. Mən bu gün bilmirəm ki, cənnətə, yaxud cəhənnəmə düşəcəyəm. Bilmədiyim şeylə bağlı cəhd edirəm ki, yaxşı insan olum. Amma ola bilərmi ki, Allah bunları bilməsin? Əlbəttə, xeyr. Amma di gəl ki, onun bilməyi mənim həyatımda hər hansı bir şeyə təsir etmir.
– Belə çıxır ki, Allah bizi sınayır.
– Bəli. Allah “Bəqərə” surəsində deyir ki, “sizi aclıqla, çətinliklə sınayaram”. Adicə bir xəstəliyi pis görürük, düzdürmü? Amma müəyyən bir mərhələdə xəstələnməyimiz immunitetimizin güclənməyinə səbəb olur. Eyni zamanda, insanın sıxılması da, insanın möhkəmlənməsinə səbəb olur. Baxın, bir misal çəkim. Bu gün bir uşaq istəyərəkmi məktəbə gedir? Səhər tezdən durmaq, yol getmək, yuxularına kobud desək haram qatmaq, məktəbdə əziyyət çəkmək, müəllim danlağı, yorğunluq və s. Nəyə görə? Bircə dənə universitetə qəbul olmaq üçünmü? Allahın bizi sınağa çəkməyi bizim xeyrimizədir. Həyatda enişlər və yoxuşlar olmalıdır. Əgər düz bir həyatın varsa, demək ki, sən ölmüsən. Eniş olanda da çalışmaq lazımdır ki, o azalsın, qrafik yoxuşa doğru getsin. Bizim Quran tərcümələrində çox yanlış bir şey var. Kiçik bir səhv görün nələrə gətirib çıxarır. Tərcümədə yazılıb ki, “Allah istədiyinə hidayət verər, istədiyini düz yola gətirər, istədiyini də pis yolu, zəlalət yolunu göstərər”. Məntiqli olaraq belə bir sual çıxır ki, o zaman Allah ssenari yazıb, biz də ssenariyə görə oynayırıq. Onda pis rolu oynayan da rolunun öhdəsindən yaxşı gəldiyinə görə sonda mükafatlandırılmalıdır, yaxşı rolu oynayan da mükafatlandırılmalıdır. Allah mənim üçün cənnət yazıbsa, ölənə qədər pis əməllərlə məşğul olsam da, cənnətə düşəcəyəm. Yaxud da mən yaxşı adamam, amma mənə cəhənnəmi yazıb. Bu halda da ömür boyu mən ibadət, yaxşılıq edim, axırda da cəhənnəmə düşüm. Bu, Allahın ədalət anlayışına zidd deyilmi? Görürsünüz, bircə dənə tərcümə xətası ilə hər şey necə dəyişir və şübhə altına girir? Allah istədiyinə yox, Allah istəyənə hidayət verər, istəyənə də zəlalət yolunu göstərər. Belə kiçik bir səhv tale, qismət, alın yazısı dediyimiz bu cür böyük yanlış şeylərə gətirib çıxarır. Buna görə əlimizi-qolumuz sallayırıq, deyirik, nə olacaqsa, olacaq. Amma Allah bizdən hərəkət etməyimizi istəyir axı. Camaat yığışır cümə namazına, namazdan sonra da deyirlər ki, istirahət edirik. Amma Allah deyir ki, namazınızı qıldınız, gedin ruzinizin dalınca. İstirahət tamam başqa şeydir. Bu gün müsəlman ölkələrindən neft çıxır, biz də tənbəl-tənbəl yaşayırıq. Körfəz ölkələrində yaşayan insanların əksəriyyəti şəkər xəstəliyinə tutulublar.
– Elşad müəllim, cənnətin açarı nədir?
– Birincisi, Allaha şərik qoşmamaqdır. İkincisi, Allahın buyurduğu kimi saleh əməllər eləməkdir. Bunun da adını belə qoya bilərik: adam olmaq. Adəmi adam edən şey, elədiyi səhvindən sonra tövbəsi olub. İblisi şeytan edən şey isə, elədiyi səhvindən təkəbbürlüyü olub. Deyəsən, Freydin sözüdür, deyir ki, dindarlığını Allaha göstər, mənə adamlığın lazımdır.
– Cənnət və Cəhənnəm əbədidir?
– Bəli, Allah Quranda buyurur ki, Cənnət və Cəhənnəm əbədidir.
– Müəllim, yazırsınız ki, Quranda heç bir məzhəb haqqında məlumat yoxdur. Üstəlik, peyğəmbərin dövründə də belə söhbətlər yox idi. Hətta məzhəb imamlarının özləri də məzhəb qurmaq barəsində düşünməyiblər. Amma “Ənam”, “Ali-İmran”, “Rum”, “Muminun” surələrində məzhəblərə, firqələrə bölünməmək haqqında bir sıra ayələr mövcuddur. Əgər məzhəblər həmin dövrdə yox idisə, Allah nə üçün məzhəblərə bölünməmək barəsində ayələr nazil edirdi?
– Allah deyir ki, firqələrə bölünməyin. “Ali İmran” surəsinin 103-cü ayəsində buyurulur ki, “hamılıqla, camaatla yapışın, firqələrə, qruplara, məzhəblərə bölünməyin”. Bir olmağımızı, bölünməməyimizi istəyir. Bu gün biz tərcümədə onu məzhəb kimi veririk, amma halbuki orda söhbət bizim indi bildiyimiz məzhəblərdən getmir. Qrup-qrup olmayın deyir Allah. Çünki, həqiqətən, insanlar eyni hədəfə vurduqları zaman daha çox nəticə əldə edə bilərlər. Allah bizdən birlik olmağımızı istəyir. Amerikanların çox gözəl bir sözü var. Deyirlər ki, bizim müxtəlifliyimiz, bizim zənginliyimizdir. Amma biz eyni yerdə belə fərqli düşünən insanlara az qala düşmən kimi baxırıq.
– Yaxşı, bu ayələrdə konkret olaraq Allah bildirir ki, bölünməyin. Yəni bun açıq-açıq ifadə edir. Burda başa düşülməyəcək heç nə yoxdur. Bəs məzhəb adamları bu ayələrə rəğmən özlərini necə müdafiə edirlər?
– Təəssüflər olsun ki, məzhəb adamları məzhəbi din halına gətirdikləri üçün ondan qopa bilmirlər. Üzr istəyirəm, bu ifadələri işlətmək istəmirəm, amma suala cavab vermək üçün buna məcburam. Misal üçün, bir şiədən soruşsam ki, başqa bir məzhəbə keçə bilərsən, deyəcək, yox. Çünki şiəlik bərabərdir İslam. Sanki şiəlikdən çıxıb sünni olmaq dinini dəyişməkdir. İmam əbu Hənifə heç vaxt deməyib ki, mən Hənəfi məzhəbini yaratmışam, yaxud İmam Malik deməyib ki, mən Maliki məzhəbini qurmuşam. İmam Şafii Misirə, başqa ölkələrə səfər edəndən sonra verdiyi əvvəlki fitvaların yarısından çoxunu dəyişib. Niyə? Çünki dünyaya açıldı, fərqli yerlər gördü, fərqli mühitlər gördü. Multikultural sistem müşahidə etdi, insanların yaşayışlarının, həyat tərzlərinin eyni olmadığını anladı. Ona görə mən həmişə deyirəm ki, dinlə məşğul olanlar, ilahiyyatçılar dünyanı gəzməlidir. Başqa ölkələrdəki formatları görməlidir.
– Buxarinin “Səhih” kitabı Qurandan sonra ən çox inanılan və hörmət edilən bir kitabdır. Həmin kitabda peyğəmbər öz əmisinin cəhənnəmə düşəcəyi barədə məlumat verir. Amma Quran deyir ki, kimin cənnətə və kimin cəhənnəmə düşəcəyini yalnız Allah bilir.
– Bəli. Siz özünüz bu analogiyanı aparmaqla Buxarinin “Səhih” kitabında yanlış məlumat olduğunu tapmısınız. Bu gün Qurandan sonra ən mötəbər hədis kitabları kimi qəbul edilən kitablar “Kutub-us Siddə” deyilən 6 kitabdır. Daha sonra 3 kitab da əlavə olundu və oldu “Kutub-us Tisə”, yəni 9 kitab. Həmin bu kitabların müəlliflərinə baxsanız, görərsiniz ki, heç bir müəllif ərəb olmayıb, heç biri həmin bölgədə yaşamayıblar. Əksəriyyəti də Xarəzm bölgəsində olub. Həmin dövrdə də hakimiyyətdə Samanilər idi. Bu haqda mən saatlarla danışa bilərəm, çox uzun və mübahisəli məsələlərdir. Bəzi yerlərdə ən mötəbər kitab kimi Buxari, bəzi yerlərdə də Muslimini götürürlər. Buxarinin özü İsmail bin Muhəmməd adı ilə məşhurdur. Peyğəmbərdən iki əsr sonra yaşayıb. İki əsr yeddi nəsil deməkdir. Yəni bu insanlar nəyi və necə gəlib izah edib çatdıra bilərlər? Necə onların yazdıqlarının doğruluğuna inana bilərik. Buxarinin bu günümüzə çatan özünün yazdığı bir kitabı yoxdur. Tələbəsinin yazdığı bir kitab yoxdur. Tələbəsinin tələbəsinin yazdığı kitab varmı bəs? Yoxdur. Buxariyə istinad edilən kitab, Buxarinin ölümündən dörd əsr sonra gəlib bizə çatıb. 1301-ci ildə yazılan bir kitabdır həmin kitab. Kitab dəfələrlə başqa adamlar tərəfindən şərh yazılaraq yeni versiya ilə təqdim olunub. Başdan-ayağa rəvayətlərlə doludur. Müəllif deyir ki, bu hədisləri altı yüz min hədisin içindən seçib yazmışam. Altı yüz min hədisin içindən nə qədər seçilib? Yeddi-doqquz min arası. Onların təkrarlarını da çıxsan iki min hədis qalır. O zaman belə çıxır ki, onun yaşadığı vaxtda artıq altı yüz min hədis uydurulmuşdu. Deməli, bu adam özü ən böyük hədis inkarçısıdır ki, altı yüz min hədisin içindən iki minini seçib.
– Müəllim, bu qədər söhbətdən sonra adam fikirləşir ki, bəlkə, Quran da günümüzə tam təhrif olunaraq, dəyişdirilərək gəlib çatıb?
– Bu da maraqlı sualdır. Mənim bu mövzu ilə bağlı çoxlu araşdırmalarım var. Bu haqda dünyada ən çox araşdırma aparan şəxs Tayyar bəydir. Türkiyədə “Diyanet İşleri Bakanlığının” bakanı olub. İndiyə qədər də o vəzifəni ən çox icra edən adamdır. Biz bir neçə il əvvəl Türkiyədə görüşdük. O, Quran nüsxələrini araşdırır. Bu gün biz elə bilirdik ki, Quranın indiki halı Osman nüsxələridir. Yəni Osmanın dövründə köçürülüb. Amma onun araşdırmalarından sonra məlum oldu ki, belə deyilmiş. İngiltərədə tapılan və kitabxanada saxlanılan bir nüsxə var, hansı ki karbon testlərlə araşdırıblar, ilk nüsxənin həmin variant olması ehtimalı var. Çünki testlərdə məlum oldu ki, bu nüsxə peyğəmbərin yaşadığı dövrə təsadüf edir. Türkiyədə “tıpkı basım” adlı çap var, hansı ki, kitabı olduğu kimi çap edirlər və çox baha qiymətlərə satırlar. Mən də onların hamısını “tıpkı basım” çap üsulu ilə əldə etmişəm.
– Mehdi kimdir və bizi necə xilas edəcək?
– Bosniya və Herseqovinanın mərhum prezidenti var idi, Aliya İzzatbeqoviç. Onun çox gözəl bir sözü vardı. Deyirdi ki, Mehdilik bizim tənbəlliyimizin adıdır. Biz – Şərq ölkələri həmişə başqa bir adam gözləyirik ki, kimsə gəlib bizi xilas edəcək. Niyə? Prinsipləri, qayda-qanunu özümüz qurmalıyıq. Sizə deyim ki, əksər dinlərdə belə yanaşma var. Xristianlar gözləyirlər ki, Məsih gələcək, Armaqeddon savaşı olacaq. İnsanları mühakimə edəcək. Daha sonra min il yer üzündə yaşayıb ona inananlarla birlikdə göyə qalxacaq. Yəhudilikdə Davud nəslindən Meşiah gələcək. Hinduizmdə də, Zərdüştlükdə də var belə şeylər. Hamı nəyisə gözləyir. Kimi gözləyir bu insanlar? Mehdi sözü hidayət olunmuş deməkdir. Yəni mən müsəlmanamsa, özümü Mehdi sayıram. Çünki hidayət olunmuşam.
– Bəs İsa peyğəmbər? O da gəlməyəcək?
– Yox, niyə mütləq kimsə gəlməlidir axı? Gələn olsa, elə Məhəmməd peyğəmbər gəlsin də.
– Elşad müəllim, namazın qaydaları, duaları haqqında Quranda nəsə var?
– Bəli, dörd qayda var. Qiyam, ruku, qiraət, sücud. Dualar da hamısı Qurandan oxunan dualardır. Məcbur deyil ki, orda ancaq Qurandan dua oxuyasan. Öz dualarını da edə bilərsən. Dua oxuyanda Məhəmməd peyğəmbərin adını çəkmək doğru deyil. Dua “ey, rəbbimiz”lə başlasa, daha yaxşıdır.
– Onda Azərbaycan dilində də qılmaq olar namazı?
– Əgər ərəbcə bilmirsənsə, öz dilində qılmaq olar. Yetər ki, nə elədiyini anla. Quranın “Ənkəbud” surəsində deyilir ki, namaz sizi mənfiliklərdən, çirkinliklərdən uzaqlaşdırmaq üçündür. Amma bu gün əlli dənə qələt edək, gələk namaz qılaq, olaq namaz qılan müsəlman, belə şey olmur.
– Musiqi İslam dinində haram buyurulubmu?
– Xeyr, bunlar bəzi məzhəblərin uydurduqları, ortaya atdığı yalanlardır.
– Kafir nədir?
– Haqqı bilərək, üstünü örtən, gizlədəndir.
– Reinkarnasiya varmı?
– Xeyr.
– Axı Quranda deyilir ki, ölülər yatıblar...
– Yox, o başqa məsələdir. Deyir ki, ölürdünüz, diriltdim. Yəni olmayan bir şeyi “ölü” adlandırır. Ölmək günü ərəbcə o cürə ifadə olunur. Yəni biz yox idik, yoxdan var olduq. Reinkarnasiya hansı ruha görə olacaq? Hansı hərəkətinə görə olacaq? Burda heç bir məntiq yoxdur./kulis.az