Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular – Dilbərin məşəqqətli həyatı


Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin doğum günüdür. Onun haqqında maraqlı faktları təqdim edirik.

Dilbər Hacı qızı Axundzadə 29 may 1914-cü ildə Gəncə şəhərində anadan olub. O, körpə olanda valideynləri ayrılır. Dilbər atası ilə qalır. Atası ikinci dəfə ailə qurur. Əmisi tərcüməçi-dilçi alim İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş. Bir dəfə İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, qardaşıqızı üçün ata evində ögey anası ilə çox çətindir. İdris Axundzadə çox düşünmədən onu özü ilə Bakıya gətirir. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşayır.

***


Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.Dilbərin əmisinin arvadı Fəramüş Mikayıl Müşfiqlə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibətilə APİ-də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparır. Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür. Onlar ikinci dəfə "Kommunist" küçəsində rastlaşırlar, aralarında qısa dialoq keçir. Növbəti dəfə isə Dilbərin rəfiqələrindən olan Pirayə Müşfiqdən ona məktub gətirir. Müşfiq məktubda Dilbərin hörüklərinə şeir yazaraq sevgisini etiraf edir.


Dilbər xanım Əli Nəzminin qızı Pirayə xanımla bir oxuyurdu, yolda Müşfiq onu görür, xəbər alır. Pirayə xanım da deyir ki, elə indi Dilbərin yanındaydım, oradan gəlirəm. Soruşur Dilbər neyləyirdi? Pirayə xanım da deyir ki, yatmağa hazırlaşırdı. Müşfiq qayıdır ki, səndən bir xahişim var, get onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy.

***

1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanım, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, həmçinin məşhur müğənni Bülbül də iştirak edir. 1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar. Onların Yalçın adlı övladları doğulur. Lakin, o, xəstəlikdən dünyasını dəyişir.

***

Müşfiq məşhur tarzən Qurban Primovla dost idi. Tarın qadağan edilməsi onun üçün bir faciə idi. Çünki Müşfiqin özü də tarı çox sevirdi. Yaxşı ifa etməyi bacarmasa da, Dilbər xanım da tar çalmağı bacarırdı. Qurban Primov "Yetim segah"ı ifa edir, Müşfiq isə bu ifada məşhur "Oxu tar" şeirini yazır...

1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. Müşfiq iyunun 4-də evində həbs edilir. Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs edirlər. Qadınlar saxlanılan ümumi kamerada saxlanılır.

***

Bəzi versiyalara görə, Dilbər Axundzadə gözəl qadın olduğuna görə, onu əldə etmək üçün Müşfiqi aradan götürmək istəyiblər. Burada hətta Mircəfər Bağırovun da adı hallandırılır. Digər versiyaya görə, Müşfiqin gənc yaşında ikən ölkədə tanınması, ard-arda uğur qazanması onun həmkarları tərəfindən qısqanılmasına və satılmasına səbəb olur.

Ona orada olmazın işgəncələr verilir. Onunla eyni kamerada dustaq həyatı yaşayan qadınlardan biri öz xatirələrində yazır: “Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin... Atamı çağırın... Atama deyin ki, məni buradan aparsın... Sevdiyim üçün ölərəm... Burada hamı hesab edir ki, mən dəli olmuşam... Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et...” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü.

Mühacir Lətif Elsevərin “Ağrılı bir qarşılaşma” adlı yazısında yazır. Bir gün universitetdən çıxıb dərin bir kədərin verdiyi dalğınıqlıqla yol gedirdim. Küçədəkilərin ani bir həyəcanı ilə daxili aləmimdən ayrıldım. Baxdım. Faciəli bir mənzərə ilə qarşı-qarşıya idim. Pəjmürdə geyimli bir qadın önümdə dayanmışdı. Saçları “maşinka” ilə dibdən kəsilmişdi. Paltarları bədəninin bir çox yerlərini göstərəcək qədər yırtıq və köhnə idi. Bənizi solmuş, gözləri hədəqəsindən çıxmış kimi idi. Nə edəcəyini, hara gedəcəyini bilmir, vurnuxub dururdu. Qadını tanımışdım. O, gözəlliyi və zəkası ilə bir zamanlar Bakıya ün salan Dilbər xanım idi... Bir neçə ay öncə NKVD cəlladlarının gecə evindən apardığı şair Müşfiqin xanımı Dilbər! Onun da əri ilə birgə həbs edildiyini, edilən işgəncə və təhdidlərə təhəmmül edə bilməyərək ağlını itirdiyini eşitmişdim. Qarşımda ağlını itirmiş Dilbər durmuşdu.

***

Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verirlər. Getdikcə qarabasmalar görən Dilbər xanımın vəziyyəti daha da çətinləşir. Buna görə də 7 mart 1939-cu ildə Respublika prokurorluğunun xüsusi işlər şöbəsi D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən D. Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir...

O, Gəncəyə, anasının yanına gedir və uzun müddət orada müalicə olunur. İlk vaxtlar o heç nə danışmır, heç nə anlamır, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmir... Həkimlər ona yeni həyata başlamağı, ailə qurmağı məsləhət gördülər.

Sağalandan sonra Dilbər Axundzadə ailə həyatı qurur. Onun bir qız övladı doğulur. Qızının bir yaşı olanda həyat yoldaşı dünyasını dəyişir.

***

Dilbəri ən çox istəyənlərdən biri Mikayıl Müşfiqin bacısı Balacaxanım idi. Ağır xəstəlikdən sonra son nəfəsində o, can verə bilmir, Müşfiqin şəklini qucaqlayır. Nəhayət qərara gəlirlər ki, Dilbəri onun yanına aparsınlar. Gecə gəlib Dilbər xanımı aparırlar, Balacaxanım onu görən kimi rahatlanıb gözlərini yumur.

***

Bakıda yaşamağa başlayan Dilbər şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib./kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10