Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan yığmasını o da xilas edə bilməz - ONU TANI


"Onu tanı" layihəsində bu dəfə dünya şöhrətli məşqçi Joze Mourinyodan bəhs edəcəyik

“Azərbaycan yığmasını heç Mourinyo da xilas edə bilməz”. Millimiz hər dəfə acı məğlubiyyətə uğrayanda sosial şəbəkələrdə nədənsə onun adını çəkirlər. Amma maraqlıdır ki, Feliş və Mariyanın gələn il 60 yaşını qeyd edəcək oğlanları Joze Mаriu duş Santuş Mourinyo məşqçi olduğu illər ərzində bircə gün də hansısa bir yığmanı çalışdırmayıb.  Nə qazanıbsa, klublarla əldə edib...

Dünən isə Joze Mourinyo isə özünəməxsus nailiyyəti ilə yadda qaldı. O, futbol tarixində  dörd fərqli komanda ilə Avropa yarışlarını qazanan ilk məşqçi oldu. Portuqaliyalı mütəxəssis hər üç avrokubok - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibi olan ilk məşqçi kimi tarixə düşdü. 

 

Joze 1963-cü il yanvarın 25-də Portuqaliyanın Setubal şəhərində peşəkar futbolçu Feliş və ibtidai sinif müəllimi Mariyanın ailəsində anadan olmuşdu. Peşəkar karyerasına atasının məşqçi kimi fəaliyyət göstərdiyi “Rio Ave” klubunda başlamış, ardınca “Belenenseş” və “Sezimbra” klublarının da formasını geyinmişdi.
Peşəkar futbolçuya lazım olacaq sürətə və fiziki gücə malik olmasına baxmayaraq, o, sonradan futbol məşqçisi olmağa qərar verir. Anası Mourinyonu biznes məktəbində qeydiyyata aldırsa da, Joze məktəbi tərk edir və diqqətini idman sahəsinə yönəldir. Sonradan Lissabon Texniki Universitetinin “İdman elmləri” fakültəsində təhsil alır. İngiltərə və Şotlandiya futbol assosiasiyalarının təşkil etdiyi məşqçilik kurslarında iştirak etdikdən sonra Şotlandiya milli komandasının keçmiş baş məşqçisi Endi Roksburqun diqqətini çəkməyə başlayır.
O, bir müddət,  yəni karyerasının əvvəllərində “Porto” və “Sportinq”də Bobbi Robsonun tərcüməçisi işləmişdi. Sonradan elə həmin Robsonun və Lui Van Qalın “Barselona”da köməkçisi olmuşdu. 

2002-ci ildə “Portu” klubuna baş məşqçi kimi qayıdan Mourinyo 2003-cü ildə burada Portuqaliya çempionatı, Kuboku və UEFA Avropa Liqasının qalibi ola bildi. Növbəti mövsüm ölkə çempionluğunu ikinci dəfə qeyd edən Joze bu dəfə Portuqaliya Superkuboku və Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasını qazandı.
2004-cü ilin yayında “Çelsi”yə keçidinin ardınca 50 illik fasilədən sonra klub həmin dövr üçün rekord sayılan 95 xalla ölkə çempionu oldu və İngiltərə Liqa Kubokunu qazandı. 2007-ci ilin sentyabrında klubun sahibi Roman Abramoviçlə arasında yaranmış münaqişə nəticəsində “Çelsi”ni tərk etdi və İtaliya A Seriyasına, “İnter”ə keçdi. Burada İtaliya Superkubokunu qazandı, həmçinin mövsümün sonunda klubu çempion etdi.  Növbəti il Mourinyonun başçılıq etdiyi “İnter” qızıl het-trik edərək bir mövsüm ərzində İtaliya A Seriyası və UEFA Çempionlar Liqasını qazanan ilk italyan klubu kimi tarixə keçdi. O, bu nəticə ilə avrokuboklarda iki müxtəlif klubda çempion olan beşinci baş məşqçi oldu. 2010-cu ildə FİFA tərəfindən təqdim olunan “İlin ən yaxşı məşqçisi” mükafatına layiq görüldü. 

Tale onu baş məşqçi kimi İspaniyaya da aparıb çıxardı. “Real Madrid”ə keçən Mourinyo ilk mövsümdəcə burada İspaniya Kral Kubokunun qalibi oldu. Növbəti mövsüm İspaniya La Liqasının da qalibi olduqdan sonra ən azı dörd müxtəlif ölkədə (Portuqaliya, İngiltərə, İtaliya və İspaniya) liqa çempionu olan beşinci baş məşqçi kimi tarixə düşdü.
2013-cü ilin iyun ayında “Real Madrid”i tərk edən Mourinyo yenidən İngiltərəyə qayıdıb “Çelsi” nin başına keçdi. Bu dəfə də ilk mövsümdəcə ölkə çempionu olmasına baxmayaraq, növbəti mövsüm “Çelsi”nin əldə etdiyi zəif nəticələrdən sonra vəzifəsini tərk etdi.


Mourinyo bundan sonra daha iki ingilis klubunu, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırmışdı. Ötən ilin mayında isə başqa bir İtaliya klubu “Roma”yla 3 illik müqavilə bağladı. 

Yeri gəlmişkən, “Roma”ya keçəndə jurnalistlərdən birinə belə bir açıqlama vermişdi. “Mən insan kimi dəyişmişəm. Əvvəl özümə görə qələbə qazanmaq istəyirdim, indi isə heç vaxt titul əldə etməyən futbolçulara görə. Onlara kömək etmək istəyirəm”. 

Mourinyo 1989-cu ildə Setubalda qonşuları olmuş Matilda Faria ilə evləndi. Onların Matilda və Joze adlı iki övladı var. Bir vaxtlar Matildanın Devid Bekhemin oğlu Bruklinin sevgili olduğu iddia olunurdu.

İngilis paparatsilər, onları birlikdə gecə klublarından birindən çıxarkən görüntüləmişdilər. Qeyd edək ki, 19 yaşlı Matildanın daha əvvəlki sevgilisi ondan 11 yaş böyük futbolçu Denni Qraham idi.

Xarici KİV-ə inansaq, Mourinyonun varidatı 130 milyon dollardan çoxdur. O, təkcə məşqçilik etmir, “Samsung”, “American Express”, “Braun”, “Jaguar”, “Adidas” kimi iri şirkətlərin reklamlarına çəkilir. Elə onun özü də dəblə geyinməyi çox sevir. 

Hə, illər öncə Joze haqqında "Qalib - Setubaldan “Stemford Bricə” adlı kitab yazılsa da, onun çapına qadağa qoymuşdu. Amma maraqlıdır ki, sonradan hansısa yollarla çap olunan bu kitab Portuqaliyada bestsellerə çevrilmişdi…/lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10