Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qatıqsatana qibtə edən, rus qadını heyrətləndirən dahi Azərbaycan şairi – Maraqlı adam


Xalq şairi Səməd Vurğunun anım günüdür. Onunla bağlı xalq arasında dolaşan əhvalatları təqdim edir.

Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət edəndə onun şeir dediyini hiss edir və soruşur:

- Siz də şair-mairsiniz?

- Şair nədir, mair nədir? – müştəri suala sualla cavab verir.

Bərəçi ah çəkir:


- Şair Səməd Vurğundur, mair sizin kimi ara-bərədə yazanlar...

Müştəri heç nə demir, bərədən enib dinməzcə ağacların arasında onu gözləyən atlıların yanına gedir. Bir azdan meşəbəyi bərəçiyə yaxınlaşır:

- Səməd Vurğunla nə danışırdın?

- Nə Səməd Vurğun? – bərəçinin gözü kəlləsinə çıxır.

- Bərəylə bu üzə keçirdiyin adam şair Səməd Vurğun idi.

Bərəçi yerində donub qalır.

Səməd Vurğun Bakı-Moskva qatarında içkili halda gözəl bir rus qadına söz atır. Qadın onu tanımadığı üçün hirslənir:

- Ərim generaldır. Moskvada düşən kimi zəng edəcəm, gəlib sizə başa salacaq ki, general xanımına söz atmaq nə deməkdir?

Səməd Vurğun gülür:

- Xanım, sizi narahat edən sovet poeziyasının marşalıdır!

***

Uşaqlarını Üzeyir Hacıbəyovla görüşə aparır və onlardan Üzeyir bəyin əlini öpmələrini istəyir. Sonralar bunun səbəbini soruşan oğlu Yusifə deyir:

- Üzeyir bəy musiqimizin peyğəmbəridir. Peyğəmbərə biyət etmək üçün əlini öpməlisən.

***

Aşıq Şəmşirin ikicə misrasına görə onun yaradıcılığına aşiq olur:

Səni qarı gördüm qəlbim qan oldu

Mənim saqqalımın çal vədəsində

Kəlbəcər səfəri zamanı o aşığı tapıb gətirmələrini xahiş edir və Aşıq Şəmşirlə məşhur şeirləşmələri beləcə başlayır. Bu hadisə Aşıq Şəmşirin respublikada tanınmasında böyük rol oynayır.

Hansısa tərcümə işə ilə bağlı şairlər arasında mübahisə düşür. Bir misrada hecanı doldurmaq mümkün olmurmuş. Birdən Səməd Vurğun gülüb deyir:

- Cavid əfəndi olsaydı, bura bir “Həp” artırardı, məsələ həll olunardı.

***

Cavan bir şair ev problemi ilə bağlı onun qəbuluna gəlir. Bu vaxt yanında başqa bir tanınmış şair də varmış. Cavan oğlan deyir:

- Mənzilimiz çox darısqaldır, yaşaya bilmirik, mümkünsə bizə kömək edin.

Səməd Vurğun ağzını açmamış tanınmış şair dillənir:

- Ay bala, hələ cavansan, niyə tələsirsən? Mən otuz beş yaşımacan ailəmlə birlikdə nəm bir zirzəmidə yaşamışam...

Səməd Vurğun üzünü tanınmış şairə tutur:

- Ona görə yazdıqlarından kif iyi gəlir!

***

Sabit Rəhmanlı ova gedibmişlər. Bərk susayırlar. Meşənin içindəki tək evə yaxınlaşıb su istəyirlər. Ev yiyəsi hirslənir:

- Mənim ovçulara verəcək suyum yoxdur! Siz təbiəti məhv edirsiniz!

Səməd Vurğun heç nə demədən Sabit Rəhmanı da götürüb israrla adamın evinə gedir, dəvətsiz-filansız qonaq otağına daxil olur. İçəri girəndə ikisi də donub qalır; otağın baş tərəfində Səməd Vurğunun nəhəng portreti asılıbmış. Ev yiyəsi gələn qonağın “divardakı kişi” olduğunu biləndə ayağının altında qoç kəsir.

Dostlarına qonaqlıq verirmiş. Məclis o qədər böyüyür ki, Səməd Vurğun cibindəki pulun hesaba çatmayacağını yəqin edir və Hüseyn Arifi pul üçün imkanlı bir dostunun yanına göndərir. Həmin adam Hüseyn Arifə xeyli pul verib, deyir, Səməd Vurğuna bunun yarısını ver, qalanını məclisdən sonra verərsən. Hüseyn Arif səbəbini soruşanda şairin tədbirli dostu cavab verir:

- Versən, hamısını xərcləyəcək!

***

Tanınmış el şairi Borsunlu Məzahirin Sibirdə sürgündə olduğunu eşidəndə SSRİ Yazıçılar İttifaqının sədri Aleksandr Fadeyevi də götürüb onun ziyarətinə gedir. Tərs kimi həmin vaxt Borsunlu Məzahirin də daxil olduğu dustaq dəstəsini qərargahdan xeyli uzağa ağac qırmağa aparıblarmış. Görüş baş tutmur. Borsunlu Məzahir geri qayıdanda həbsxananın rəisi onu yanına çağırıb deyir:

- Mamed, deyəsən sən böyük adamasan! Sənin dalınca bilirsən kim gəlmişdi? Bizim Saşa! (Aleksandr Fadeyevə belə deyirdilər – red.) “Gənc qvardiya”nı yazan Saşanı deyirəm eee! Təsəvvür edirsən?! Yanında da qıvrımsaç bir adam vardı. Deyəsən, qafqazlı idi. Üşüyürdü. Çox qalın geyinmişdi...

***

Küçədə Əliağa Vahidi hər görəndə maşını saxlayıb düşür, onun cibinə pul qoyub təkrar yoluna davam edirmiş.

***

Bəxtiyar Vahabzadənin ilk şeirini oxuyanda deyir: “Məndən yaxşı şairdir!” Və bu iki-üç kəlmə Bəxtiyar Vahabzadəyə qısa müddətdə inanılmaz şöhrət gətirir.

***

Lirik şeirlər yazan Adil Babayev də Səməd Vurğunun ona həsr etdiyi şeirdən sonra məşhurlaşır. Şerin ilk misrası dillər əzbəridir:

Şair, nə gözəldir rübabın sənin...

***

Əliağa Kürçaylının şerilərini jurnalda oxuyanda onu rayondan Bakıya gətirdir və bir telefon zəngi ilə universitetin filologiya fakültəsinə düzəltdirir.

***

Xərçəngin ağırlaşdığı vaxt yataqda yatarkən səhər-səhər çöldən gur kişi səsi eşidir:

- Qatıııq!!!

Səməd Vurğun ah çəkir:

- Kaş o qatıqsatanın saçında bir tel olaydım!/kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10