Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukraynada iki kritik gündəm: dünya çalxalanır


“New York Times”ın manşeti, Ukraynanın təpkisi, Moskvanın şantaj aləti

Bu həftə dünya diplomatiyasının diqqəti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna zillənmişdi. Koronavirus pandemiyasından qida təhlükəsizliyinə, iqlim dəyişikliklərindən nəqliyyat-daşımaçılığa qədər bir çox məsələ müzakirə olundu. 50-dən çox ölkə liderinin qatıldığı foruma damğasını Ukrayna böhranı vurdu.

“Kiyev torpaq versin”

Toplantının ən diqqətçəkən çıxışlarından birini keçmiş ABŞ xarici işlər naziri, 98 yaşlı Henri Kissincer etdi. 1960-cı illərin sonu – 70-ci illərin əvvəllərində ABŞ Dövlət Departamentinə rəhbərlik etmiş, Respublikaçı Kissincer iddia etdi ki, Avropanın sabitliyi üçün Ukraynanın ərazi itkisini qəbul etməsi vacibdir.

Onun sözlərinə görə, ideal variant – fevralın 24-dən, yəni müharibə başlamazdan əvvəlki sərhədlərə qayıtmaqdır. Kissincerin təklifi o anlama gəlir ki, 2014-cü ildə Rusiyanın ilhaq etdiyi Krım və rusların qeyri-rəsmi nəzarətindəki Donbass bölgəsinin bir hissəsi Moskvaya güzəştə gedilməlidir.

“New York Times”ın manşeti

Əslində, Kissincerin çıxışından əvvəl ABŞ-ın məşhur “New York Times” qəzeti bir manşet yazısında “Ukraynada sülhün əldə edilməsi üçün Kiyev çətin qərarlar almağa təşviq edilməlidir” ideyasını ortaya atmışdı.

Qəzetin iddiasına görə, Bayden administrasiyası Rusiyanın Ukrayna müharibəsində taqətdən düşməsi və bir daha başqa ölkəyə hücum etməyəcək vəziyyətə gətirilməsini planlasa da, Vaşinqtonun Moskva hədəfi konkret deyil.

Kiyevin tonu dəyişdi

ABŞ-ın fərqli cinahlarından gələn bu fikir ukraynalı rəsmilərin Krım daxil olmaqla, 1994-cü il sərhədlərinə qədər ərazi bütövlüyünün təmin olunmasına yönəlik açıqlamalarının artdığı bir dövrə təsadüf edir. Halbuki, mart ayında Ukrayna tərəfi bəyan edirdi ki, Krım və Donbass məsələsi gələcəyin işidir və Rusiya ilə sülh danışıqlarının mövzusudur.

Zelenskinin reaksiyası

Kissincerin sözügedən açıqlamasına Ukrayna Prezidenti Volodimir Zelenski və ukraynalı rəsmilər sərt təpki verdilər. Zelenski 1938-ci ildə Çexoslavakiyanın Faşist Almaniyasına torpaq verməyə məcbur edildiyini xatırladaraq, “Kissincerin təqvimi 2022 deyil, 1938 kimi görünür” dedi. Bir ölkə liderinin ərazi güzəştə getməsi, təbii ki, asan yeyiləcək loxma deyil.

Buğdaya çıxış yolu

Ukrayna ərazi bütövlüyü uğrunda mübarizə apardığı bir vaxtda dünya müharibə aparan bu iki ölkənin taxılının dünya bazarına çıxarılmasının yollarını axtarır. Davosda çıxış edən Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala ərzaq təhlükəsizliyinin fakt olduğunu və buna bir həll yolu tapılmalı olduğunu söylədi.

Onun sözlərinə görə, Ukraynada 25 milyon ton taxıl anbarlarda gözləyir və bir o qədəri də tarlalardan toplanacaq: “Bu qədər məhsulun dünya bazarına çıxışı təmin edilməzsə, bundan ən çox kasıb ölkələr ziyan görəcək”.

Kremlin taxıl şərti

Rusiya Ukraynanın Mariupol limanını işğal edib, Odessa limanını isə mühasirədə saxlayır. Putinin sözçüsü Dmitri Peskov bugünlərdə verdiyi açıqlamada taxıl böhranına Qərbin sanksiyalarının səbəb olduğunu bildirmişdi.

Davosda çıxış edən Ukrayna XİN başçısı Dmitri Kuleba isə bəyan etdi ki, Ukrayna Qara dənizdən təhlükəsiz bir şəkildə taxıl dəhlizi yaradılmasına hazırdır, lakin Rusiyanın belə bir anlaşmaya sadiq qalacağından əmin deyillər.

Moskvanın sərhəd mesajı

Peskovun başqa bir mesajı Ukraynaya təklif olunan ərazi güzəşti ilə bağlıydı. O, Kiyevin mövcud durumu qəbul etməsini gözlədiklərini açıqladı. Qeyd edək ki, son günlərdə yayılan məlumatlara görə, Donbass bölgəsinə, xüsusilə Luqansk üzərinə hücumları şiddətləndirən Rusiyanın məqsədi Ukraynanın yeni və daha ağır silahlara sahib olmasından qabaq bir atəşkəs xətti yaratmaq və bununla masaya oturmaqdır.

Şolzun bəyanı

Davosda daha bir diqqətçəkən çıxış Almaniya Baş kansleri Olaf Şolza məxsus idi. “Rusiya Prezidenti Putin Ukraynada öz şərtlərini diqtə etməyə çalışır, lakin bunu edə bilməyəcək. Çünki bunu nə Ukrayna qəbul edir, nə də biz”, - deyə o bəyan etdi.

Bütün bunlarla belə, dünyanın taxıl məsələsindəki sıxıntısı ciddi müzakirə mövzusudur. Bəlli ki, Moskva sanksiyaların qaldırılmasına qarşılıq olaraq taxıl məsələsini “kazır” olaraq istifadə edir. Görünən odur ki, qarşıdakı günlərdə bu problem gündəmi daha çox işğal edəcək...

Müəllif: Nilgün Tekfidan Gümüş

Mənbə: “hurriyet.com.tr”

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10