Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

1813-cü ildə işğalçı rus generalına Azərbaycan xanı tərəfindən yazılmış məktub


Azərbaycanın Rusiya tərəfindən işğalından danışanda hər kəsin gözündə ilk Gəncə və son nəfəsinə qədər döyüşən Cavad Xan canlanır.

Lakin daha böyük döyüş və amansız qətliam var ki, o da 1813-cü ildə Talış xanlığının paytaxtı Lənkəran şəhərində gerçəkləşib. 13 gün sürən döyüşdə general Pyotr Kotlyarevski şəhəri qoruyan Qacar canişini Sadiq Xana dəfələrlə məktub yazıb təslim olmasını istəsə də əhimiyyət verilməmiş, xalq sonuna qədər cavaşmışdır.

Məktublaşmada general Kotlyarevskinin "Lənkəranı Qacarların əlindən azad etməyə gəlmişəm" başlıqlı məktubuna Sadiq Xanın belə bir cavabı var: 

"Siz Talış xanlığını “qacarların əllərindən” qurtarmağa gəlməmisiniz, siz başqalarının ərazi bötövlüyü hesabına öz torpaqlarınızı genişləndirməyə gəlmisiniz. Dünyanın ən böyük imperiyasının boş torpaqlarında yaşamaq sizə beləmi dar gəlir ki, genişlənmək qərarı almısız? Sizin doymaz-acıgöz, imperatorlarınız qonşuluğunda zəif krallıqları əmrinə tabe etməyi özlərinə məqsəd biliblər, əsasən də müsəlmanları, onların müharibəyə hazırlıqsızlığından istifadə edərək. Sizə yad olan, 2 min mil uzaqlıqda yaşayan xalqlaqrın "azadlıq" dərdlərini düşünməkdənsən kəndlilərinizi, sadə insanlarınızı zülm və qandalda saxlayan mülkiyətçilərdən qurtarın.

Məktubunuzda Tanrı və bəşəriyyət qarşısında haqlı olmağınızdan yazmısız. Bu nə insanpərvər cümlələrdir qurmusuz? Siz Tanrıya inanırsız? Şübhə edirəm. Tanrıya inanan əsgərlərini mənasız qırğına aparmaz, onların yoldaşlarına, uşaqlarına rəhm edərdi. Tanrıya inansanız öz vətəninizdə rahat yaşayardınız. Tanrıya inanan özgə vətəndə qanlar töküb, sadə xalqı yağmalamaz"

Cavabdan hiddətlənən general Kotlyarevski şəhəri saatlarla bombalamaq əmri verir. Ordunun üçdə ikisini itirmək bahasına Ruslar Lənkəran qalasına girməyi bacarırlar. Sonuna qədər dirənən Sadiq xan əlindən düşməyən qılıncla şəhid olur. Ruslar şəhər müdafiəsinə duran əsgərlərdən başqa, uşağa, qadına baxmadan 10 mindən çox qala sakinini vəhşicəsinə qılıncdan keçirir.

General Kotlyarevski isə qətliamdan sonra ağır yaralı halda meyidlərin altından tapılır. Generalın sağ sifəti tamamən parçalanmış, başının dağılmış sümükləri isə qulağından çölə çıxmışdı. Lənkəran döyüşündən sonra general istefaya göndərilir, 1851-ci ilə qədər quru yeməklərdən məhrum, əlil və ağrılı həyatını yaşayır.


Orxan Vəliyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10