Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı idmanının məhbubu


25 il Masallı idmanına rəhbərlik etmiş Məhbub Ağayevin uğurları və mənəvi ucalıqları



Bu günkü yazımızın qəhrəmanı Masallının idman tarixinə unudulmaz səhifələr yazan Məhbub Ağayevdir. Məhbub müəllimin gözdeşən uğurları, təltifləri çox olmasa da, onu əksər insanlara sevdirən başqa məqamlardır. Çoxlarının yaltaqlığa, cılızlığa könüllü təslim olduğu, pisliklərini orden-medallarla pərdələdiyi, fəxri adların arxasında gizləndiyi günlərimizdə Məhbub müəllimin cəsarətliliyi, sözü üzə şax demək mərdliyi, eləcə də alicənablığı adamın ruhuna bir rahatlıq gətirir.

Bəlkə də bu məqamlar başqa, normal cəmiyyətlərdə adi bir işdir. Təəssüf ki, indiki günlərimizdə belələrini çıraqla axtarmaq lazım gəlir. Kimisə ideallaşdırmaq fikrimiz yoxdur. Yəqin ki, Məhbub müəllimin nöqsanları da yox deyil, yəqin onu da sevməyənlər var. Lakin bütün bunlara baxmayaraq, məncə, Məhbub müəllimi yaxşıların axıra qalmışlarından, ağsaqqal adının ucalığında dayananlardan saymaq olar.
Məhbub müəllim haqqında kitab da yazılıb. 2 il öncə hörmətli yazarımız Rəsul Rzayev Məhbub Ağayevin ömür yolunu işıqlandıran “İdmanda keçən şərəfli ömür” adlı kitab yazıb. Kitab məhdud tirajla çap olunsa da Məhbub müəllimin həyat yoluna kifayət qədər işıq sala bilib.
Biz bu yazıda sizi çox yormayacağıq. İmkan daxilində Məhbub Ağayevin həyat yolundan bəzi detalları diqqətinizə çatdıracağıq.

10 aylığında atasını itirən insan

Hazırda ömrünün 77-ci ilini yaşayan Məhbub müəllim 10 yanvar 1941-ci ildə Şərəfə kəndində anadan olub. 10 aylıq körpə olanda atası müharibəyə gedib və qayıtmayıb. 2 bacısını vaxtsız itirən Məhbub müəllim ailənin tək övladı olub.
Hazırda 2 qızı, 1 oğlu, 8 nəvə, 1 nəticəsi var.



Masallı şəhər 1 saylı məktəbi bitirib. Uşaqlıqdan futbola hədsiz marağı olan insan kimi tanınıb.

Valentinin kəşf etdiyi məktəbli

Məhbub Ağayev: - 10-cu sinifdə oxuyurdum. Masallıya təyinatla bir qrup qadın rus dili müəlliməsi gəlmişdi. Onlardan da birinin həyat yoldaşı Rusiyadan, vorenejli Valentin idi. Bu Valentin Masallı futbolunun təməlini qoyan insanlardan biri sayılırdı.

Şagird də olsam o vaxt rayon birinciliyində qapıçı dururdum. 4-5 oyun oldu, bir dənə də top buraxmadım. Komandaya Məşədi (Əsl adı Böyükağa Ağayevdir) Valentin rəhbərlik edirdi. Düzünü desəm, o vaxt komandaya əsasən imkanlı ailələrin uşaqları götürülürdü.

Belə oyunların birindən sonra Məşədi məni çağırdı ki, sənin oyunun Valentinin çox xoşuna gəlib, səni rayonun yığmasına qapıçı götürmək istəyir.
Bu mənim üçün toy-bayrama bərabər bir xəbər idi. Oyunlara, məşqlərə ən azı yarım saat qalmış gəlib otururdum stadionda.
Beləcə taleyimi idmanla bağladım.



60-cı ildə isə İdman və bədən tərbiyəsi institutuna daxil oldum.
13 il 1957-dən 1970-ə kimi müxtəlif komandaların qapısını qorudum.

Beynəlxalq Dərəcəli hakim Eldar Əzimzadə, Ələkbər Məmmədov, Tofiq Bəhrəmov məktəbin keçən insan

Məhbub Ağayev ali təhsil aldığı ilk illərdən Bədən Tərbiyəsi və İdman institutunun futbol komandasının qapısını qorumağa başladı.
Daha sonra Bravestnik kimi nüfuzlu komandanın qapıçısı oldu. Beynəlxalq Dərəcəli hakimlər Eldar Əzimzadə, Tofiq Bəhrəmov, eləcə də dünya şöhrətli futbolçu Ələkbər Məmmədovun məktəbin keçdi.

Məhbub Ağayev: - 1962-ci ildə Bakıda zona yarışları - SSRİ birinciliyi keçirilirdi. Gürcüstan və biz finala çıxdıq. Bu bizim üçün böyük uğur, qapıçı kimi isə əsl sınaq oldu.
Qapıçılığın öz fəlsəfəsi var. Məşqçilərim deyirdi ki, yaxşı qapıçı həm də yaxşı voleybolçu olmalıdır. Voleybol sirlərini dərindən qavramalıdır. Məhz buna görə, Masallı voleybolunun inkişafında az da olsa xidmətlərim olub.
Qapıçı kimi çalışdığım bütün vaxtlarda “Qapıçının səhvi qoldur” kəlamının məsuliyyətini özümə şüar etdim.

“MƏHSUL” un kubokunu 4 dəfə Masallıya gətirən məşqçi

1964-cü ildə ali təhsilini başa vurduqdan sonra Məhbub Ağayevin rəhbərliyi ilə Masallının “Məhsul” komandası ölkə çempionu oldu. Komandanın məşqçisi və qapıçısı Məhbub Ağayev idi.
Məhbub Ağayev final oyununda 11 metrlik cərimə zərbəsinin 4-nü qaytardı.




Bundan əlavə də “Məhsul” Kuboku uğrunda çoxlu yarışlar oldu.
1983-cü ildə Bakı şəhərində, T. Bəhrəmov adına respublika stadionunda Şirvan komandasına qalib gələrək Masallı bu kuboka layiq görüldü. Həmin vaxt da komandanın məşqçisi Məhbub Ağayev idi.



Daha sonra qalib kimi Ukraynanın Zoporoşje şəhərinə Ümumittifaq yarışına getdilər.
Bundan əlavə 1977 və 1978-ci illərdə də “Məhsul” cəmiyyəti futbol yarışlarında ölkə üzrə birinci olmuşdu.

25 il Masallı idman komitəsinin sədri (1970-1995)

Məhbub müəllimin Masallı idman komitəsinə rəhbərlik etdiyi 25 illik dövrü Masallı idmanın qızıl dövrü saymaq olar. Bu müddətdə Masallı idmanı ölkə səviyyəli çoxlu idmançı yetişdirdi. 2 Avropa çempion- Əli Əliyev, Azər İsayev, Beynəlxalq dərəcəli ustalar Vilayət Ağayev, Cəbrayıl Cəbrayılov, gənclər arasında dünya rekordçusu Şirxan Ağayev və onlarla idman ustası bu illərin yetirməsidir.




Məhbub müəllim: - Bu gün Azərbaycanın idman sahəsində böyük uğurları var. Saysız-hesabsız Beynəlxalq yarışlar, regionlarda tikilmiş İdman kompleksləri və onlarla digər faktlar buna sübutdur.
Lakin region idmanı ilə bağlı gileylər də kifayət qədərdir. Əksər ərazilərdə ya stadion yoxdur, ya da olduqca primitiv vəziyyətdədir. Yeni stadionlar demək olar ki, inşa edilmir, mövcud olanı təkmilləşdirmək əvəzinə, ya dağıdır, ya ev yeri verir, ya dükan-bazar tikirlər. Məhz bunun nəticəsidir ki, 1 milyona yaxın əhalisi olan cənub bölgəsinin nəinki güclülər, heç gücsüzlər dəstəsində də təmsilçisi olan futbol komandası yoxdur. Güləş istisna olmaq şərti ilə əksər aparıcı idman növləri – voleybol, basketbol və sair unudulmaq üzrədir.

Məndə olan məlumata görə, vaxtı ilə az qala Masallı böyüklükdə əhalisi olan İslandiyada narkomaniya baş alıb gedirmiş. Çıxış yolu kimi ölkədə 100-ə yaxın futbol meydançası tikdilər. Narkomaniyanın faizi qısa müddətdə 5-10 faizə qədər azalır. İndi İslandiya futbol komandası dünyada çəkisi olan bir komanda, gəncləri də idmanla kütləvi məşğul olan bir əhali qrupudur.

İdman kompleksinin inşası gözəldir. Hamı o imkandan faydalana bilirmi? Yola pul ver, hər saat istifadəyə görə pul ödə və sair və ilaxır.
Masallının şanlı tarixi-o cümlədən möhtəşəm idman tarixi var. Bu gün Masallı muzeyinə gedək, görək orada idman tarixinə aid nə isə tapa bilərikmi? Gənclər idarəsi idmanın problemləri ilə bağlı hansı müzakirələr keçirir? Veteran idmançılarla haçan görüşlər təşkil olunur?

İdman təkcə paytaxt üçün deyil. Regionda idmanın qayğılarından, kütləviliyindən danışsaq, gərək saatlarla müzakirələr aparaq. Amma azacıq da olsa, dünyanın gedişatından başı çıxanlar bilir ki, idmansız sağlam həyat, sağlam gələcək yoxdur.
Bir veteran, bir ağsaqqal kimi deyirəm-idmana üz tutun, ona qayğı göstərin, elə etməyin ki, gələcək gənc nəsillər oynamağa onlara yer saxlamadığımız üçün bizi lənətləsinlər.

Hazırladı Zahir






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10