Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölüm hökmünə məhkum edilmiş cənublu millət vəkili



Hacı Mirzə Səlimlə birgə AXC hakimiyyəti dövründə millət vəkili olmuş

Cəbrayıl Mikayılzadə haqqında qısa bilgilər


Bir neçə gün öncə cenub.az saytında "AXC-nin cənublu millət vəkili"adlı yazı yerləşdirmişdik. Bu yazıdan sonra lənkəranlı, tarixçi dostumuz İldırım Şükürzadə bizə yazdı ki, Hacı Səlim Qasir AXC dövründə cənubdan yeganə deputat olmayıb. Digər lənkəranlı, gənc yaşlarında siyasətə qoşulan Mikayılzadə Cəbrayıl Mikayıl oğlu da həmin millət vəkilləri sırasında olub.
Cəbrayıl Mikayılzadə haqqında əldə etdiyimiz kiçik məlumatı sizə təqdim edirik.

CƏBRAYIL MİKAYIL OĞLU MİKAYILZADƏ



1905-ci ildə Lənkəranda doğulub. 1921-ci ildə Bakı “Darülmüəllimeyin”ini, sonra isə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsini bitirmişdir. Ərəb, fars, rus, fransız dillərində yazıb oxuya bilmişdir. Azərbaycan və fars poeziyasının, xüsusilə əruz vəzninin mahir bilicisi idi.

Dövrünün tanınmış ziyalısı kimi Ə.Haqverdiyev, H.Cavid, A.Şaiq, C.Məmmədquluzadə, C.Cabbarlı, M.Müşfiq, S.Rüstəm və başqaları ilə dostluq edirdi. Sergey Yesinin və Nazim Hikmət Bakıda olarkən onunla görüşmüşdü. Məmməd Əmin Rəsulzadə ilə də yaxından tanış idi. Gənclərin nümayəndəsi kimi Azərbayan Parlamentinin üzvü seçilmişdir.

AXC-nin süqutundan sonra Türkiyəyə getmiş, bir müddət orada yaşamışdır. 1927-ci ildə Müsavat Partiyasının və Parlamentin üzvü kimi həbs edilmiş, haqqında ölüm hökmü verilmişdir. Sonra çox gənc olduğu nəzərə alınaraq, bu hökm 10 illik sürgünlə əvəz edilmiş və nəhayət həmin müddət 5 ilədək azaldılmışdır. 1932-ci ildə sürgündən qayıdaraq, İrəvanda və Leninakanda (indiki Gümrü), sonralar Aşqabadda və Azərbaycanın Quba rayonunda, Bakının Ramana kəndində müəllimlik etmiş, “Azərnəşr”də redaktor, Bakı Elektrik Maşınqayırma Zavodunda müxtəlif vəzifələrdə işləmişdir.

1970-ci ildə vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

İldırım ŞÜKÜRZADƏ






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10