"Ermənistanın belə məsuliyyətsiz mövqeyi narahatlıq doğurur”
Ermənistan sərhədlərin delimitasiyası üzrə işçi qrupunun artıq razılaşdırılmış görüşünü ləğv edib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib.
İlham Əliyev bildirib ki, Azərbaycan vaxtında işçi qrupu yaradıb və nümayəndə heyətini göndərməyə hazır olub:
"Bu, Ermənistan tərəfi ilə razılaşdırılmışdı. Yeri gəlmişkən, sərhəddə ilk görüşü Ermənistan Xarici İşlər Nazirliyi təklif edib. Azərbaycan bu təklifi qəbul etdi və biz nümayəndə heyəti göndərməyə hazır idik. Lakin son anda, aprelin 29-da Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Bu, məyusedici məsələdir”.
Dövlət başçısının sözlərinə görə, Ermənistan Azərbaycanın 7-10 mayda təklif etdiyi görüşün yeni tarixindən də imtina edib:
"Ona görə Azərbaycan indi işə başlamaq üçün Ermənistandan yeni tarix gözləyir. Əlbəttə, Ermənistanın belə məsuliyyətsiz mövqeyi narahatlıq doğurur”.
İlham Əliyevin fikrincə, o, Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə baş tutan müzakirədə söz verib ki, aprelin sonuna qədər görüşə hazır olacaq:
"Lakin eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”.
Ermənistan tərəfi hələ ki Əliyevin səsləndirdiyi fikirlərə hər hansı bir şərh verməyib.
Xatırlatma
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.
44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.