Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Səyavuş Aslan onu aldadıb ruhi xəstəxanaya apardı - Aktrisanın həyatından dəhşətli faktlar


Bu gün aktrisa Ofeliya Aslanın anım günüdür. Bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edirik.

Ofeliya xanım 1939-cu il yanvarın 27-də Bakının Saray kəndində Xalq artisti, aktyor Rza Əfqanlı və ilk qadın teatr rəssamı, Xalq rəssamı Bədurə Əfqanlının ailəsində doğulub. Atası əslən Güney Azərbaycandan olsa da, bütün həyatı Bakıyla bağlı olub. Sərab şəhərində nökərçilik edən Rza Əfqanlı Bakıda çəkməçi işləyib, hərbi xidmətdən sonra isə dram dərnəyinə yazılıb. Anası Bədurə Əfqanlının yolusa elə əvvəldən rəssamlıq olub. Cütlük dəfələrlə ayrılıb, barışıblar. Ömürlərin sonunda isə ayrı yaşamağı qərara alıblar.

Ofeliya Aslan Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakültəsini bitirir. Təhsilini başa vurduqdan sonra Kukla Teatrına təyinat alır. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, ardınca aktrisa kimi çalışır. O, “El bizim, sirr sizin”, “Olmadı belə, oldu elə”, “Təzə gəlin”, “Nənəmin şahlıq quşu”, “Bankir adaxlı” kimi maraqlı səhnə tamaşalarında rol alıb. Aktrisaya ən böyük uğuru isə “Hicran” tamaşasındakı Çarliston obrazı gətirir.

Gallery


Əsgərlikdən qayıdanda Səyavuş Aslanı Quba teatrına göndərirlər. Ofeliya isə orada anasının yanına gedib gəlirmiş. Rejissorlar ona da rol verirlərmiş. Səyavuş Aslan orada Ofeliyanı görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. “Mən artistə qız vermərəm” deyib, qızını Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin, o, ya Ofeliya ilə evlənəcəm, ya da heç kim deyib inad edir və istədiyinə nail olur.

Gallery

Deyilənə görə cütlük çox kasıb olduğundan Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmayıb. O, Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin yanına gədərək məsələni izah edir. Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrını paltar sexindən bəylik kostyumu seçib veriblər.

***

Onların Çingiz və Eldar adlı iki oğlu olur. Ofeliya Aslan 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, ardınca aktrisa kimi çalışır. Ana olduqdan sonralar o, uzun müddət işləmir. 1997-ci ildən yenidən teatra qayıdır.

Gallery

Bir müddət sonra cütlüyün arasında söz-söhbət yaranmağa başlayır. Münasibətləri gərginləşir. Deyilənlərə görə onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olur. Səyavuş Aslan teatrda işləyən başqa bir aktrisa ilə isti münasibətlər yaşayır. Bundan xəbər tutan Ofeliya xanım bunu nə qadın həmkarına, nə də sevdiyi insana bağışlamır. Bir müddət sonra aktrisanın əsəbləri pozulur, qeybdən səslər eşitdiyini deyir. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparır...

Gallery

Ofeliya xanım bütün bunları belə xatırlayırdı: “... Hələ o zamanlarda məndə vergi əlamətləri hiss olunurdu. Səyavuş dedi ki, bununla bağlı məni hansısa professorla görüşdürəcək... Orada professorla görüşdüm, bir neçə gündən sonra isə hara gətirildiyimi başa düşdüm. 11 gün həmin mühitdə qalıb, geri, evimə qayıtdım. Bu müddətdə qəbul etdiyim dərmanların təsiri altında idim. Amma özümü toplayıb 2 gündən sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etdim. Səyavuşdan ayrıldım. O vaxt bizim birlikdə yaşadığımız mənzil iki hissəyə ayrıldı və mən bu günə qədər də keçmiş həyat yoldaşımla qonşu kimi yaşayıram”.

Gallery

Ailə və sənət dostları olan aktyor Novruz Qartal Ofeliya Aslan haqqında danışır ki, Ofeliya onun həm iş yoldaşı, həm də ən yaxın dostu olub: “Teatrda, bəlkə də yeganə aktrisa idi ki, heç vaxt onun kiminsə barəsində dedi-qodu etdiyini, qeybətləşdiyini görməzdik. Aktrisalar arasında hər zaman qalmaqallar, dedi-qodular olur, axı. Ofeliya sakit, başıaşağı, öz işi ilə məşğul olan aktrisa idi. Dəfələrlə Ofeliya xanımla rayonlarda qastrol səfərlərdə olmuşduq. Rayon camaatı onu o qədər sevirdi ki, qaldığımız mehmanxananın qabağında növbə çəkirdilər. O deyirdi, Ofeliya Aslanı evimə mən qonaq aparacam, bu deyirdi, mən qonaqlıq verəcəm. Özünü sevdirən qadın idi.”

Gallery

Boşanandan sonra da bir evin ayrı-ayrı otaqlarında bir-birilərinin xiffətini çəkərək yaşayırlar. Hətta Səyavuş Aslan dövlətin ona verdiyi mənzilə oğlunu yerləşdirib keçmiş həyat yoldaşı ilə bir evin iki ayrı otağında yaşamağı seçmişdi.

***

Deyilənə görə Ofeliya Aslan çox qısqancmış, amma bunu mümkün qədər büruzə vermirmiş. Ər-arvad küsülü vaxtlarında səhnəyə çıxıb bir-birləri ilə elə danışırmışlar ki, həyatda danışmadıqlarını heç kim ağlına da gətirməzmiş. Hətta “Hicran” tamaşasında oynayanda da küsülü olublar.

***

Ofeliya Aslan 1998-ci ildə yenidən teatra qayıdır. “Bankir adaxlı” tamaşasında rol alır. Onunla tərəf müqabili olan aktrisalardan birinə bir gün Ofeliya xanım həyatının yekun mənzərəsini belə izah edir. “Səyavuşla biz ayrılmazdıq, bizi ayırdılar. Teatrın dedi-qodusu bizi ayırdı. Ahıl yaşlarında hər ikisi peşman olurlar. Amma heç biri o birinin qarşısında əyilmir. Ömürlərinin sonuna qədər küsülü qalırlar, qəlbən bərabər, cismən ayrı yaşayırlar.

Gallery

Aktrisa həmişə deyirmiş ki, heç ölmək istəmir. Bir yeri ağrıyan kimi təlaş keçirirmiş. Əslində, sağalmaz xəstəliyə tutulubmuş, amma həkimlər bunu ondan gizlədiblər. Ölənə qədər də bilməyib.

***

Səyavuş Aslanla ayrılsalar da, Ofeliya xanım çox vaxt keçmiş həyat yoldaşının qayğısına qalıb, yeməyini bişirib, paltarlarını yuyub-ütüləyib...

Gallery

Səyavuş Aslan da onun haqqında heç vaxt xoşagəlməz sözlər danışmayıb. Bəzən peşman olduğunu da dilə gətirib: “Yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim, Ofeliya elə olmayıb, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı, biz elə deyildik... Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi”.

***

Sonralar Səyavuşa başqası ilə evlənmək təklif olunsa da razı olmayıb. Deyib mən başqası ilə evlənsəm qeyrətsiz olaram. Axı mən Ofeliyanı sevmişəm.

Gallery

Ofeliya xanım 2010-cu ilin 18 mayında səssizcə vəfat edir. Onunla vidalaşarkən göz yaşları axıdan Səyavuş Aslan uzun müddət xəstə yatandan sonra 27 iyun 2013-cü ildə 77 yaşında Ofeliya xanımın ölümündən üç il sonra dünyasını dəyişir./kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10