Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yazıçı Nurəddin Ədiloğlu ilə Bakı Türk Anadolu Liseyində görüş keçirilib.


Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı və Azərbaycan Təhsil Nazirliyinin ortaq dövlət məktəbi olan Bakı Türk Anadolu Liseyinin (BTAL) konfrans zalında yazıçı Nurəddin Ədiloğlu ilə buraxılış sinif şagirdlərinin və liseyin müəllimlərinin görüşü keçirilmişdir.



Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsi çərçivəsində “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunmuşdur. 



“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova  görüşü giriş sözü ilə açaraq yazıçı haqqında qısa məlumat vermişdir. Sonra liseyin müdir yardımçısı Meral Bahar, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq -informasiya fakültəsinin müəllimi, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili çıxış etmişlər. 



Yazıçı Nurəddin Ədiloğlu öz yaradıcılığının ana xəttini təşkil edən hərbi-vətənpərvərlik mövzusu ilə bağlı geniş çıxış etmiş, liseyin kitabxanasına, əlaçı şagirdlərə və ədəbiyyat həvəskarı olan müəllimlərə kitablarını hədiyyə etmişdir.

Liseyin müdiri Nurullah Yazıcı Nurəddin Ədiloğlunu 60 illik yubileyi münasibəti ilə təbrik etmiş ona liseyin müəllim və şagird kollektivi adından hədiyyə təqdim etmişdir.



Ədəbi-məclisdə müğənni, Qarabağ müharibəsinin veteranı Rahib Adışirinli Azərbaycan bəstəkarlarının mahnılarını ifa etmişdir.



Görüşün rəsmi hissəsindən sonra “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşkil etdiyi çay və şirniyyat süfrəsi ətrafında yazıçı ilə söhbət davam etdirildi. Liseyin müdir yardımçısı Sərkan ÜN ud çalğı alətində canlı ifası ilə yazıçını təbrik etmişdir.



Sonda yazıçı Nurəddin Ədiloğlu görüşün təşkilatçılarına və liseyin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10