Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlı. İcra nümayəndəsi qanunlara meydan oxudu: “Vətəndaş başını daşa döyüb”


“Siz prokurorluqsunuz, məhkəməsiniz, polissiniz, nəsiniz?!”

Yardımlı rayonu Odurağaran kəndinin sakinləri tərəfindən AYNA-nın redaksiyasına şikayət məktubu daxil olub. Onların sözlərinə görə, kəndin içindən keçən əsas yol uçub və insanlar maşınla gediş-gəlişdə çətinlik çəkirlər.

Ot biçininin başlaması ilə ağır tonlu yük maşınlarının bu yoldan keçməsi imkansızdır. Bu da sakinlərin rahat hərəkət imkanlarını məhdudlaşdırır.

Problemlə bağlı Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Odurağaran kənd üzrə icra nümayəndəsi Qurban Mənsimovla əlaqə saxladıq. O, AYNA-ya açıqlamasında yola baxış keçirdiklərini və yaxın günlərdə bərpa işlərinə başlayacaqlarını desə də, sualımızdan dolayı aqressiyasını da gizlətmədi.

“Yol uçub, cəhənnəmə uçub. Gedib baxmışıq. Yağış nəticəsində yer sürüşməsi olub. İndi siz prokurorluqsunuz, məhkəməsiniz, polissiniz, nəsiniz?! Niyə soruşursunuz?! İcra hakimiyyəti nümyəndələri, yol idarəsi, ərazi nümayəndəsi, bələdiyyə sədri baxıb, yol da bərpa olunur”, - deyə Mənsimov “od püskürdü”.

İcra nümayəndəsinin sakinlərin şikayətinə reaksiya da fərqli olmadı: “Çox səhv edib o sakin, başını da divara vurub! Sakinin deməyi ilə biz elə də çox şey edirik... Dedim ki, imkan olarsa, edirik. Hava yağışlıdır, indi tərpənməyə imkan yoxdur”.

Məmurun vətəndaşa və mətbuata qarşı bu cür davranışını AYNA-ya şərh edən media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlunun sözlərinə görə, bu yanaşma hüquqa ziddir və jurnalistin informasiya almaq hüququnu məhdudlaşdırmaqdır: “Həm rəsmi dövlət qurumları, həm yerli özünüidarəetmə qurumları, eyni zamanda ictimai-siyasi təşkilatlar, partiyalar jurnalistlərin istər yazılı, istərsə də şifahi suallarına cavab vermək öhdəliyi daşıyırlar. İstənilən halda “siz niyə zəng etmisiniz?” yanaşması yanlışdır və hüquqa ziddir”.

“KİV azadlığına Konstitusiyanın 50-ci maddəsi təminat verir və bütün rəsmi qurumların KİV-lərin, jurnalistlərin istənilən qanuni sorğusuna cavab vermək öhdəliyi var. Bu baxımdan bu situasiyada həmin şəxs qanuna zidd hərəkət edib. Jurnalistin qanuni informasiya almaq hüququna məhdudiyyət qoymağa cəhd edib. Bu da ona inzibati məsuliyyət yaradır”, - deyə mütəxəssis vurğuladı.

Qeyd edək ki, icra nümyəndəsinin şikayətçi sakinlərə ünvanlanmış təhqiri hüquqi müstəvidə mübahisələndirilə bilər. Sakinlərin onları təhqir edən icra nümayəndəsindən məhkəməyə müraciət etmək hüquqları var.

Müəllif: Banu Çiçək





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10