İş adamının Lotu Quli haqqında dedikləri Azərbaycan jurnalistlərini 2 cəbhəyə bölüb - biz niyə dalaşırıq?
Xural TV rəhbəri Əvəz Zeynallının iş adamı Mübariz Mənsimovdan aldığı müsahibə hadisəyə çevrilib, günlərdir ki, ölkənin media və siyasət məkanında müzakirə olunur. Üstəlik, xaricdə fəaliyyət göstərən bloqerl də müzakirələrə, mübahisələrə qoşulub, virtual məkanda söyüşmə halları yer alır. Mübariz Mənsimovun mərhum kriminal avtoritet Lotu Quli haqqında dedikləri bu virtual davaların mərkəzində dayanır. Müsahibə yayılandan sonra Eynulla Fətullayev məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimovun Lotu Quli haqda dediklərinə sərt reaksiya verib, hətta onu hədələyib:
“Qardaşımıza dil uzadanın dilini kəsərik! M.Mənsimov həyatda ən böyük səhvini etdi”.
Tanınmış jurnalist Aydın Canıyev isə əksinə, Mübariz Mənsimovun müdafiəsinə qalxaraq Eynulla Fətullayev haqda kəskin fikirlər paylaşıb.
Virtual məkanda bu mövzuda davam edən ixtilaflar bir deyil, iki deyil.
567.jpg (38 KB)
Musavat.com-un bu məsələyə aydınlıq gətirmək üçün ilk müraciət etdiyi i Əvəz Zeynallının sözlərinə görə, o, lap əvvəldən müsahibənin ajiotaj doğuracağını təxmin edibmiş: “Mübariz bəyin suallara verəcəyi cavabların nə qədər əhəmiyyətli olacağını bilirdim. Mübariz Mənsimova xalqın münasibəti, onun bu günə qədər yaşadıqlarına görə gözləyirdim ki, tirajlı bir müsahibə alınacaq. Amma bu qədər diqqət, müzakirə, mübahisəyə yol açacağını, tirajının bu qədər olacağını gözləmirdim.
- Mübariz Mənsimovun personasına olan bu ictimai ilgi - maraq nədən qaynaqlanır?
-Mübariz Mənsimov dolu bir ömür yaşayıb. O, gənc yaşlarında böyük bir sərvətə sahib olub. Gəmiçilik sahəsində dünya sularında aparıcı mövqelərə çıxa bilib. Ona görə də Mübariz bəyin həm Türkiyənin daxilində, həm də Azərbaycanda olan oliqarxlarla böyük ziddiyyətləri, toqquşmaları olub. Məsələn, onunla SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin arasında böyük müqavilələr olub. Türkiyədə yeraltı və yerüstü dünyanın adamları ilə istər-istəməz münasibətləri olub. Rövnəq Abdullayev Mübariz Mənsimova qarşı müharibəyə başlayandan, ətrafından adamları satın alandan sonra onun qələmini qırmağa qərar veriblər. Həmin vaxt böyük bir qovğa, savaş başlayıb. Bu savaşa mafiya dünyasının adamları, Quli qoşulub. Eyni zamanda Mübariz Mənsimov həmişə şəhid ailələrinə, qazilərə, Türkiyədə təhsil alan tələbələrə yardım etməkdə olub. Mən orada olduğum günlərdə Mübariz Mənsimovun Türkiyədə əməliyyat olunan insanlara gün ərzində 50-60 min manat yardım etməsinin şahidi oldum. Tanımadığı, bilmədiyi halda insanlara yardım edir. Bu da onun böyük nüfuz qazanmasına səbəb olur. Mübariz Mənsimovun personasına bu qədər diqqət xalqa zaman ayırması, qazancının bir hissəsini xalqla bölüşməsindədir.
- Əvəz Zeynallının özünü də hədəfə götürdülər - müsahibə alan jurnalist də bir müddət virtual qalmaqalların hədəfi və əsas personası olub. Onun adı hələ də Mübariz Mənsimovla bərabər təhlil, müzakirə və mühahisələrdə hallanmaqdadır. Bunun səbəbini Əvəz Zeynallı necə izah edir?
- Bu məsələni izah etməkdə çətinlik çəkirəm. Uğurlu bir müsahibə alınıb. Ümumən media üçün də uğurlu bir müsahibədir. Maraqlı personadan müsahibə götürməklə digərilərini də maraqlandırmış oluruq ki, onlar da müsahibə versin, fikirlərini xalqla bölüşsünlər. Bu tip hadisələr isə əksinə, belə müsahibələrin qarşısını alır. Mübariz Mənsimovla yanaşı Fərhad Əhmədovla, Araz Ağalarovla danışıqlar aparırdıq ki. müsahibə versinlər. Mübariz bəyin müsahibəsi ətrafında olan qovğa onların hamısını çəkindirdi. Reaksiyalar adekvat olmadı. Bəlkə Azərbaycan hakimiyyəti daxilində olan bəzilərinin qatqıları oldu. Azərbaycan mediasını o hala gətirmək olmaz ki, müsahibə “o sualı niyə verdin”, “niyə bu sual belə qoyuldu” şəkilinə gedib çıxsın.
-Bir-birini söyən, təhdid və təhqir edən həmkarlara münasibətiniz və sözünüz nədir?
- Bu məsələ həm də Mübariz Mənsimovun personasına bağlıdır. Uzun illər bizim Mübariz Mənsimovla məhkəmə çəkişmələrimiz olub. Münasibətlərimiz gərgin olub. İstənilən halda biz hər gün öz işimizlə məşğul olmalı, müsahibələr götürməliyik. Mübariz Mənsimov hansı suala necə cavab verib, bu məsələ bizlik deyil. Bəziləri deyir ki, Mübariz Mənsimov müsahibəsində niyə belə cavab verib? Bəziləri də deyir ki, Əvəz Zeynallı qəsdən belə sual verib ki, Mübariz Mənsimov belə cavab versin. Bu məsələlərə normal baxmaq lazımdır. Mən də hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Mübariz Məsimovla müsahibə son illərin ən diqqət çəkən, tirajlı müsahibəsi oldu. Artıq bu müsahibənin baxış sayı milyona yaxınlaşır. Bəzi saytlar bizim müsahibəni götürüb təkrar paylaşıblar, baxış sayında hətta bizi də keçiblər. 1 milyondan artıq baxış sayı var. İndiki məqamda ümumi baxış sayı 6 milyonu aşır. Bu, təqdir olunası məqamdır.
455.jpg (86 KB)
Məsələ ilə bağlı “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun da fikirlərini öyrəndik. Bu mövzuda danışmaq istəmədiyini vurğulayan iş adamı “Bu mənim bu mövzuyla bagli son açıqlamamdir” deməklə suallarımızı cavablandırmağa razı oldu.
-Hörmətli Mübariz bəy, müsahibənizin bu cür səs-küy yaratmasına səbəb, sizcə, nədir?
- Mənim özümə də çox maraqlıdır. Əslində, bunun kökündə nəyin durduğunu çox gözəl başa düşürəm. Amma bir sual vermək istəyirəm: müsahibənin əksər hissəsində cənab Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlardan, Vətən müharibəsində qazanılan qələbədən, dövlət və milli maraqlardan danışarkən, dövlətciliyimizin və Prezidentimizin yanında durduğumu ifadə edərkən, nədənsə xəbərlərin manşetləri və müsahibəm tam başqa tərəfə yönləndirildi. Reportajda dövlətimizin uğurlarını, inkişafını ehtiva edən cümlələr var ikən, niyə və hansı məqsədlə reportajın az hissəsini təşkil edən və ayrı-ayrı şəxlərlə bağlı olan mövzunu qabartmış oldular?! Sizə maraqlı deyilmi? Mənə çox maraqlıdır. Bu adamlar səmimi olsaydılar və ya müsahibəyə xəbər nöqteyi- nəzərdən baxsaydılar, o zaman o müsahibədə ortaya cıxacaq ayrı-ayrı şəxslərlə bağlı bəyanatlar deyil, daha maraqlı və dəyərli cümlələri manşetə daşıyardılar. Tam tərsinə, müsahibənin əsas məğzi deyil, başqa mövzu ön plana çəkildi. Sonra bu, Turkiyədə xəbər kanalı üzərindən Türkiyə daxilinə hesablanmış tərkibdə servis edildi. Burada xoş niyyət olsaydı, Azərbaycan dövlətinə olan sevgi və dəstəyim ön plana çıxarılmalıydı. Demək ki, bunu edənlər üçün Azərbaycan dövləti və Prezident deyil, ayrı-ayrı şəxslər və onların maraqları daha önəmlidir. Məsələnin digər tərəfi isə odur ki, Türkiyədəki bəzi dövlət adamları ilə məni üz-üzə qoymaq maraqlarını da gördüm. İşin maraqlı başqa tərəfi isə ondan ibarətdir ki, Türkiyə içində “FETÖ” dəstəkli bəzi media qurumlar da mənim əleyhimə olan bu təbliğata qosuldu, xəbər manşet edildi və ya etdirildi. Reportaji gündəmə fərqli başlıqla gətirən TV kanalından sonra bu təqdimatdakı yönləndirmə xəbərlərinə niyə Türkiyədəki bəzi “FETÖ” bağlantılı media olaraq bilinən, iddia olsa belə, bu cür tanınan sayt, TV-lər dəstək verdi? Media nümayəndələri ayrı-ayrı qrupların, şəxslərin maraqlarını təmin edərək adımı kirlətməyə çalışırlar. Niyə? Niyə dövlətimizlə, Prezidentimizlə bağlı dediklərim deyil, başqa fikirlər təhrif olunaraq və pis məqsədli şəkildə mediaya verildi? Mən burada qərəz və pis niyyət görürəm.
- Lotu Qulini söymüsünüzmü, yoxsa, dedikləriniz yanlışmı anlaşılıb?
-Mən dinə inanan bir insanam və heç vaxt bir rəhmətə getmiş insanın dalınca söymərəm. Quli ilə bağlı dediklərim yanlış istiqamətdə yön verilərək qabardıldı. O müsahibədə mən rəhmətə gedən Qulini söyməmişəm. Təkrar edirəm, mənə zəng gəldi. Zəng edən rəhmətlik Quli idi. Münasibətim olan bir şəxslə bağlı mənə zəng etmişdi. Bilirsiniz, kimdən gedir söhbət. Mən də onun adını eşidib söydüm. Mənim heç bir zaman mafiya ilə əlaqəm olmayıb, olmaz da. Dövlət və onun təhlükəsizlik orqanları var və mafiya bu ciddi qurumların yanında “bir heçdir” demişəm. Və düşünürəm ki, belədir. Bizim dövlət hər zaman güclü olub. Bu gün də biz bunun şahidi oluruq. Bizi nədənsə zorla hökümətlə qarşı-qarşıya qoymaq istəyirlər. Bu, belə olmayacaq. Biz hər zaman dövlətimizin yanında olmuşuq, bundan sonra da olacağıq. Şəxsi məsələləri siyasiləşdirib bizdən düşmən obrazı yaratmasınlar. Nə mafiya, nə ayrı-ayrı şəxslər, nə mediada kampaniyanı yönləndirən güclər dövlətin başındakı şəxsdən güclü deyillər.
-Həbsdən çıxdıqdan sonra işlərinizi axarına sala bilirsinizmi? “Palmali”nin durumu necədir?
-Şirkətimizlə bağlı bunu deyə bilərəm. Çox çətin bir dövrdən keçdik. İndi var gücümüzlə şirkəti ayağa qaldırmağa başlamışıq. “Palmali”də çalışanlar və mən böyük həvəslə və mücadilə ilə şirkəti daha da yaxşı yerlərə daşıyacayıq.
- Azərbaycana nə zaman gəlirsiniz?
-Azərbaycana gəlməyi çox istəyirəm. Əsasən də Qarabağa. Böyük qələbənin meyvəsini görmək istəyirəm. Üzərimdən ölkədən cıxma yasağı qalxdıqdan sonra ilk səfərim vətənimə olacaq. İzn verilirsə, mütləq Qarabağı görmək istəyərdim.
Elşən Məmmədəliyev,
Müsavat.com