Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sovet Ordusu Hitlerin qaradərili əsgərlərinə necə qalib gəldi? - MARAQLI FAKT


Almaniya Ordusu 1941-ci il iyunun 22-də Sovet İttifaqına genişmiqyaslı hücum etdi. Hücumda Almaniya ilə yanaşı, müttəfiq İtaliya, Macarıstan, Rumıniya və Finlandiyanın hərbi qüvvələri, həmçinin, müxtəlif xalqların nümayəndələrindən ibarət könüllü diviziyalar iştirak edirdi.

Almaniya Ordusunun ən ekzotik hərbi qüvvəsi – qaradərililərdən ibarət “F Korpu”su yaxud korpusa rəhbərlik edən komandirin adı ilə “Helmut Felmi” korpusu barədə məlumatı təqdim edirik.

İrqçi dövlət olmasına və ağdərililərin ali irq olduğunu rəsmi ideologiya elan etməsinə rəğmən Almaniya İkinci Dünya Müharibəsinin gedişində onların ali irq kriteriyalarına uyğun gəlməyən ərəbləri, hindistanlıları və qaradərililəri hərbi xidmətə cəlb edirdi.

Vermaxtın tərkibində “Azad Hindistan”, “Ərəb legionu”, “Şərq legionu” və s. hərbi birliklər var idi. Onlar daha çox Şimali Afrikada müstəmləkə siyasətinə etiraz etdikləri Britaniya qoşunlarına qarşı vuruşurdular.

“Feli Korpusu”u təkcə könüllü olaraq döyüşən qaradərili döyüşçülərdən ibarət deyildi. Korpusun bütün zabit heyəti milliyətcə almanlardan ibarət idi. Onlar hamılıqla Berlin Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş, Şərq dillərində səlis danışa bilirdilər.

Məsələn, korpusda xidmət edən zabitlərdən biri kalmık dilini təmiz bilirdi və kalmık mənşəli bələdçilərin köməyi ilə kəşfiyyat qrupunu Həştərxan şəhərinin 25 kilometrliyinə qədər gətirə bilmişdi. Bu manevr sayəsində “Kizlyar-Həştərxan” dəmir yolu xətti bağlanmışdı. Qeyd olunmalıdır ki, həmin hadisə Almaniya Ordusunun Şərqə doğru ən uzaq irəliləyişi idi.

Korpus komandiri Felmi aviasiya generalı olsa da, Yaxın Şərq barədə çox məlumatlı biri olub. Onun kuratoru Üçüncü Reyxin XİN başçısı Ribbentropun yaxın köməkçisi general Qrob olub. General Qrob bundan öncə, Almaniyanın Bağdad və Ər-Riyadda səfiri olub, ərəb ölkələri üzrə səlahiyyətli şəxs təyin edilib. Məhz Ribbentropun, Felminin və Qrobun ortaq səyləri nəticəsində bu qeyri-adi korpus yaradıldı.
1942-ci ildə Rostov-na-Donu şəhəri yaxınlığına göndərilən korpusun 6 min hərbçisi olub. Onlardan 3 min nəfəri Şimali Afrikadan olan ərəblər və qaradərililər, qalan hissəsi isə hindistanlı, fələstinli, suriyalı, iranlı və assuriyalılardan ibarət idi.

Bundan başqa, “Feli Korpusu”nun 25 müasir T-IV tankları, 25 təyyarəsi, minomyot batareyası, ağır artilleriya divizionu, ağır zenit divizionu, kəşfiyyat xidməti, rabitə bölüyü, minaaxtaranlar qrupu, təminat və təşviqat aparmaq üçün səyyar mətbəəsi olan xidmət var idi.
Hesab olunurdu ki, “Felmi Korpusu” müsəlman ölkələrinə daxil olan kimi yerli əhali hesabına korpusun sayı artırılmalı idi. Komandanlıq alman qoşunlarının tərkibində öz soydaşlarını görən xalqların Böyük Britaniya və SSRİ-yə qarşı qısa zamanda ayağa qalxacağını gözləyirdi.
Digər tərəfdən, Azərbaycanı ələ keçirməklə Almaniya SSRİ-yə müttəfiq ABŞ və Böyük Britaniyanın göndərdiyi hərbi yardımların qarşısını kəsməyi düşünürdü.  
Bakını ələ keçirdikdən sonra korpusun “Yaxın Şərqin Azadlıq Ordusu” adı altında 3 fələstinli, 2 ərəb və İraq diviziyası ilə regionda hərbi əməliyyatları davam etdirməsi düşünülürdü.

Qeyd olunmalıdır ki, korpus Almaniya Ordusunun nəzarətə götürdüyü Novoçerkassk və Stavropol şəhərlərində formalaşmış və fon Yunqşultsla Platovskinin komandanlıq etdiyi 2 kazak alayı ilə koordinasiyalı döyüşürdü.
Uzaq perspektivdə Almaniya komandanlığının planı Şimali Qafqazı, sonra Bakını ələ keçirmək və İran ərazisinə daxil olaraq Hindistan sərhədinə qədər irəliləmək idi. Burada Vermaxt Yaponiya İmperator Ordusu ilə görüşməyi planlaşdırırdı.

Təsadüfi deyil ki, 1942-c il iyulun 24-də Vermaxtın general-polkovniki Hans Rauf yaponiyalı hərbi attaşeyə Don çayı üzərində partladılmış körpüyə yaxınlaşaraq Rostov-na-Donu şəhərini göstərərək “Qafqazın qapıları açıqdır””, - deyə səslənir və “Qəhrəman alman qoşunlarının Hindistanda sizin imperatorun əsgərləri ilə görüşəcəyi tarixi saat yaxınlaşır”, - deyə əlavə etmişdi.
Paralel olaraq, Şimali Afrikada vuruşan general Erix Rommelin Misiri ələ keçirdikdən sonra Yaxın Şərqə, o cümlədən İraqa daxil olaraq ikinci cəbhə açması gözlənilirdi.

1942-ci ilin yayında Almaniya “Edelveys” planını işə saldı. Plana görə, “A” Ordusu Qafqazı tam nəzarət alaraq Bakının neft sənayesini nəzarətə almalı idi. Bunun üçün “Felim Korpusu”nun ərəb və qaradərili döyüşçülərindən istifadə olunması da nəzərdə tutulurdu.
1942-ci il avqustun 5-də korpusun döyüşçüləri Yunanıstandakı təlim mərkəzindən Bolqarıstana, oradan isə Rumıniyaya və nəhayət oktyabrın 3-də Stalino (Donetsk) şəhərinə dislokasiya olundu.

1942-ci ilin oktyabrında Almaniya Ordusunun vəziyyəti qəfil ağırlaşır. Stalinqradda Vermaxtın 6-cı Ordusunun mühasirəyə düşməsindən sonra 6 minlik “Felmi Korpusu” Stavropol diyarının Açikulak rayonu istiqamətində Sovet Ordusu ilə döyüşlərə cəlb olunur.

Yanvara qədər davam edən ağır döyüşlərdə korpus şəxsi heyətinin yarıya qədərini itirir. Çoxsaylı itkilər səbəb ilə buradan korpusun döyüşçüləri təyyarələrlə Şimali Afrikaya aparılır və Böyük Britaniya və ABŞ Ordularına qarşı döyüşlərə cəlb edilir.

Amma 1943-cü ilin mayında korpus 300 minlik alman qruplaşması ilə birlikdə Tunisdə kapitulasiya etməli olur.  
Beləliklə, Almaniyanın böyük ümidlərlə yaratdığı ekzotik “Felmi Korpusu” ona bəslənən ümidləri doğrultmur və hərbi vahid kimi mövcudluğunu dayandırır.

Korpusa rəhbərlik etmiş general Helmut Felmi isə 1945-ci ilin yazında Yuqoslaviyada müttəfiq qüvvələrin təslim olur və Nürnberq Məhkəməsində 15 il həbs cəzası alır.  
Sonradan onun həbs müddəti azaldılır və o, 1951-ci ildə azadlığa çıxır.  

Helmut Felmi 1965-ci ildə 80 yaşında Darmşdat şəhərində ölür./lent.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10