Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Açıq-saçıq roman yazdı, qumarda yüz minlərlə pul uduzdu, narkotikə qurşandı – Saqanın həyat hekayəsi


Yarım əsr öncə Fransuaza Saqan kədərə “Salam!” dedi, amma ömrünün sonuna kimi ona “Əlvida!” söyləməyi bacarmadı. Məhəbbət haqqında gözəl romanlar yazmasına baxmayaraq, Saqanın özü sevginin şirin dadını, demək olar ki, heç vaxt duya bilmədi. Tale bu qəribə fransız qadını ilə amansız rəftar etməklə, onu sevginin yalnız nəzəriyyəçisinə çevirdi...

Abırsız gənc

Özünün ilk iri həcmli əsərini – “Salam, kədər!” romanını Fransuaza Saqan (əsl adı Fransuaza Kyaredir) 18 yaşında ikən qələmə alıb. Əsəri bitirdikdən sonra onu çap etdirməkdən ötrü Parisin tanınmış naşiri Renye Jullyara göndərir. Jullyar romanı oxuyub başa çatdırdıqdan sonra anlayır ki, qarşısındakı əsl bestsellerdir.

Ürəyi narahatlıq hissi ilə döyünən və müvəffəqiyyətinə əsla ümid bəsləməyən Saqan heç bir makiyaj etmədən, sadə qara paltoda, lisey şagirdi kimi gələcək naşirinin görüşünə gəlir. Etimadsızcasına təzə yazıçını nəzərdən keçirən Renye Jullyar ona əyləşmək üçün yer göstərir. “Neçə yaşınız var, xanım qız?”, – deyə Jullyar soruşur. Saqan isə cavabında: “On səkkiz”, – deyir.

Jullyar eşitdiyi cavabdan heyrətə gəlir. On səkkiz yaşında roman yazmaq, həm də hadisələri bu dərəcədə açıq-saçıq təsvir etmək? Bu ki, absurddur! Təqribən bir saat müddətində naşir qonağını hərtərəfli sorğu-suala tutub ondan nə səbəbə abırsız səhnələrlə dolu belə bir əsəri qələmə aldığını öyrənməyə çalışır. Eşidəndə ki, roman avtobioqrafik deyil, bütün hadisələr gənc yazıçının təxəyyülünün məhsuludur, Jullyar heyrətindən özünə yer tapa bilmir. O, Fransuazadan əsərin qaralamasını gətirməyi xahiş edir. Yalnız bundan sonra naşir qarşısındakı gənc qızın həqiqətən də “Salam, kədər!” romanının müəllifi olduğuna inanır.

Milyonçu qız

Saqan Jullyarın kabinetini əlində sıxıb saxladığı 50 min franklıq qəbzlə tərk edir. Atası qızının indi ondan on dəfələrlə artıq qazanc əldə etməsi barədə xəbər tutanda şok keçirir. Ananın isə heç cür ağlına sığışmır: axı, necə ola bilər ki, onun uşağı bu cür mənəviyyatsız roman yazsın? Bununla belə, çox keçmir ki, bütün Fransa, ardınca isə Avropa gənc yazıçını alqışlamağa başlayır. Saqanın istedadı nəinki sıravi oxucular, eləcə də tanınmış söz-sənət sahibləri Jan Pol Sartr, Tennessi Uilyame, Uilyam Stayron və digərləri tərəfindən həqiqi qiymətini alır.

Bir ildən sonra kitab 350 min tirajla bütün Fransada yayımlanır və bunun üçün Saqana 50 milyon dollar məbləğində yeni qəbz verilir. Bu zaman Fransuazanın 19 yaşı yenicə tamam olmuşdu. Müvəffəqiyyətindən özünü itirən qız bu qədər pulla nə edəcəyini bilmir. Atası zarafatyana ona məsləhət görür ki, pulları küləyə versin. Saqan da atasının məsləhətinə əməl etməyə başlayır.

Fransuaza Fransanın cənubunda yerləşən Sen-Trope şəhərində lüks bir malikanə kirayəyə götürüb, çoxsaylı qonaqların iştirakı ilə orada təmtəraqlı qəbullar təşkil edirdi. Gecələr isə bütün dəstə ya motorlu qayıqda gəzməyə çıxır, ya da kazinoda qumar oynayırdı. Saqan hər dəfə qumarda iri məbləğdə pullar otuzdururdu. Bir gün növbəti qumar oyununda çoxlu pulu uduzduqdan sonra Fransuaza elə bil yuxudan ayılır. Bank hesablarına görə ciddi təşviş hissi keçirən Saqan bir daha qumar oynamayacağına söz verir.

Lakin o, sözünün üstündə cəmi yarım il qala bilir. Bir dəfə Londonda olarkən şəhər həyatından darıxan Saqan sevimli ruletkanı yadına salaraq, taleyini yenidən sınaqdan keçirməyi qarşısına məqsəd qoyur. Amma bu sınaq ona nə az, nə çox – düz 160 min dollara başa gəlir. Borclarını ödəməkdən ötrü Saqana dinclik bilmədən ən azı iki il işləmək lazım idi. Qayğılardan tamam uzaq olan, əyləncələrə öyrəşən qız üçün bu cür perspektiv həyat tərzi çox məşəqqətli, həm də olduqca cansıxıcı görünürdü. Odur ki, Fransuaza riskə getməyə qərar verir. O, qumar oyununu davam etdirir və xoşbəxtlikdən uğur bu dəfə onun tərəfində olur. Borcunu 100 dollaradək çatdıran Saqan kazinonu tərk edir. Buna baxmayaraq onun qumar oyunlarına olan həvəsi əsla azalmır – kazino Saqanın həmişəlik olaraq mütəmadi baş çəkdiyi sevimli yerlərdən birinə çevrilir.

Həmişə tənhalıqda

Bununla belə, bəşəriyyət gənc istedaddan yeni şedevrlər tələb edir. Saqan qələmə sarılaraq özünün növbəti əsərini – “Acı təbəssüm” romanını yazır. Bu əsərin süjet xətti müəyyən qədər yazıçının öz həyatını xatırladır. Saqanın tanışları romanın baş qəhrəmanı Dominikada Fransuzaya məxsus cizgiləri asanlıqla görə bilirdilər.

Saqan hər şeydən çox təklikdən, tənhalıqdan, cansıxıcılıqdan qorxurdu. Həmişə onlardan uzaq olmağa çalışan yazıçı vaxtını kazinolarda, ya da şotland viskisi içməklə öldürürdü. Onun qəhrəmanlarından biri haçansa demişdi: “Cansıxıcılıq sənə lazım olan dostların yanında olmaması səbəbindən əmələ gəlir”. Fransuazanın çoxlu dostları olub, amma heç vaxt əsl dostu olmayıb. Eləcə də çoxlu sevgi macəraları yaşayan yazıçının əsl sevgisi də olmayıb. Onun haqqında nahaq yerə demirdilər: “Həmişə kiminləsə bir yerdədir və bütün ömrü boyu tənhadır”.

Fransuaza heç vaxt xarici görkəmi ilə ətrafdakıları cəzb edə bilməyib, elə bu səbəbdən gəncliyində kişilərin diqqətindən kənarda qalıb. Amma məşhurlaşandan sonra vəziyyət tamamilə dəyişir. İndi pərəstişkarları onun hər yerişini daban-dabana izləyirdilər. Amma burada da yazıçını yeni məyusluqlar gözləyirdi.

Onun kişilərlə münasibətləri standart və dəyişməz plan əsasında inkişaf edirdi. Belə ki, aldığı təklifləri sevgi kimi qəbul edən Fransuaza bir müddət sonra cana doyaraq hər şeyə ifrat dərəcədə nifrət edərək yenidən tənhalığına çəkilir. “Kiməsə mənimlə darıxdırıcı olacağından əsla qorxmuram, – deyə yazıçı bildirirdi. – Qorxduğum daha çox vaxtımın onunla darıxdırıcı keçəcəyinə görədir”.

Nəticə etibarilə Saqanın həyatında üst-üstə heç beş il də təşkil etməyən üç mənasız və tamamilə lazımsız evlilik baş verir.

Məyusluq

Qardaşı Jak yeganə şəxs idi ki, Fransuaza onun yanında özünü şən və xoşbəxt hiss edirdi. Yazıçı qələmə aldığı “Qəlb yarası” avtobioqrafik romanının baş qəhrəmanı olan Sebastyanın prototipi kimi Jakı seçməsi də təsadüfi deyildi. Dünya şöhrəti qazandıqdan sonra Saqan evdən gedərək qardaşı ilə birlikdə Qrennel küçəsindəki üç otaqlı mənzildə məskunlaşır. Jak bacısı ilə məşuqəsi kimi davranır və bu qəribə münasibət barədə şaiyələr çox keçmədən bütün Parisi dolaşmağa başlayır. Bütün hərəkətləri qardaşı tərəfindən daim nəzarətdə saxlanılan Fransuazaya kosmetikadan istifadə etmək, uzun saç saxlamaq yasaq olunur. Jak bacısına ancaq qara rəngli düz yubkada və sviter köynəkdə gəzməyi icazə verir.

Sevimli bacısının 20 yaşından əbədi tənhalığa qovuşmasının əsas baiskarı da məhz Jak özü olur. “Nə qədər cəhd göstərsən də, heç vaxt öz kişilərinlə xoşbəxt ola bilməzsən!” – deyə o, bacısı ilə mübahisələrin birində bəyan etmişdi.

Sevgi uğursuzluqları, daimi tənhalıq hissi nəticə etibarilə Saqanı narkotiklərin aludəçisinə çevirir. Bunlar da kömək etməyəndə, yazıçı hansısa uzaq bir fransız kəndinə köçərək vaxtını saatlarla taxtda uzanaraq musiqi dinləmək və nəyinsə arzusu ilə yaşamaqla öldürməyə qərar verir. Sonralar onun düşünüb fikirləşdiklərinin çoxu kitablarında öz əksini tapır.

Kasıbçılıq

Saqanı çoxları varlı-karlı hesab etsə də, yazıçı özü var-dövlət sahibi olmaq ideyasına qəlbən nifrət bəsləyirdi. Bəzi hallarda onun hesabına köçürülən qonorarların məbləği həqiqətən də milyonları ötüb keçirdi. Amma bununla belə, yazıçının pul kisəsi çox vaxt boş qalırdı və o, pul əldə etməkdən ötrü baş sındırırdı. Belə anlarda qeyri-müəyyən və riskli tədbirlərə əl atan Saqan qəribə də olsa, uğur qazanırdı. Bir dəfə yazıçı belə bir məqamda at alıb cıdırda yarışmaq qərarına gəlir. Bəxt onun üzünə gülür. Fransuazanın atı hamıdan birinci finişə çataraq öz dəlisov sahibinə böyük məbləğdə mükafat qazandırır. Lakin cəmi bir həftədən sonra uduşdan ona vur-tut qəpik-quruş qalır.

Fransuaza Saqan meşşanlığa, harın burjua həyatına nifrət edirdi. O, şairləri, “gecə bayquşları” adını almış və məişət problemlərindən azad olub, arzuları, fantaziyaları ilə yaşayanları xoşlayırdı.

Elə bu yüngül həyat tərzinə, avantürlərə sevgisinə və başısoyuqluğuna görə Saqanı çox vaxt səthi adam adlandırırdılar. Onun şəxsi həyatı və qəhrəmanlarının dünyası isə tənqidçilər tərəfindən “Saqanın acınacaqlı dünyacığı” adlandırılırdı. Bir sıra nüfuzlu ədəbi mükafatlara layiq görülmüş bu istedadlı yazıçının əsərləri isə çox vaxt şit, bayağı məhəbbət romanları ilə eyni səviyyədə dəyərləndirilirdi. Amma Saqan tənqidçilərin acıdilliliyinə əhəmiyyət verməyərək, yazmaqda davam edir, oxuculuranı gözəl və cəzbedici sevginin sehri ilə ovsunlayırdı

Onun həyatında saysız-hesabsız qalmaqallar, ödənilməmiş vergi borcları, qəribə nikahlar, avtomobil qəzaları, lüks yaxtalar, narkotiklərə və alkoqollu içkilərə meyllilik, şərti həbs cəzaları, qumar oyunları, lap sonda isə, aldığı iri məbləğdə qonororlara baxmayaraq, kasıbçılıq dərin iz buraxır. Fransuaza Saqan 2004-cü il sentyabrın 24-də 69 yaşında ikən ağciyər emboliyası xəstəliyindən vəfat edir.

Ağaddin Babayev/kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10