SÖZÜMÜZ İMZAMIZDIR!
TARİX YAZAN İMZA!
2019-cu ildə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarını və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanı öz evimdə qonaq görmək istədiyim haqda qəzetdə və sosial şəbəkələrdə yazmışdım.
Xeyli vaxt keçməsinə baxmayaraq mənim bu istəyim hələ də yerinə yetməyib. İndi də bu fikrimdən daşınmamışam. Rəhmətlik Heydər Əliyev Lerikli Xanış kişinin dostu idi. Mən də bir Lerikli, talış qızı olaraq Prezidenti elə Abşeron rayonunun Masazır kəndində təmtəraqdan uzaq evimdə qonaq görmək istərdim. Bu, mənim həyatda ən böyük istəklərimdən biridir. Artıq neçə illərdir ki, öz-özümə prezidentlə xəyallarımda danışa-danışa dolaşmaqdan yorulmuşam(((. Onsuz da ölkəmizdə bütün işləri Prezident həll edir, məmurları yox. Belə olmasa idi yazdığım çoxsaylı məktublara cavab alardım, ya da düyünə salınmış o işlər öz həllini tapardı. “Talış” sözünü oxuyan kimi çoxları alerğiyaya tutulur, niyəsini heç özləri də bilmirlər. Odur ki, əvvəlki fikrimdə qərarlıyam, Prezidentlə görüşüb ümumi problemlərimiz haqqında danışmağı özümə borc bilirəm. Prezidentə və xanımına dəbdəbəli süfrə açan deyiləm, zatən onların buna ehtiyacı yoxdur. Sadəcə arzum bir çay süfrəsi arxasında oturub bizim talış xalqının milli şirniyyatı olan “Zerən” lə çay içərək Azərbaycanın, eləcə də talışların problemlərindən səmimi söhbət etməkdir.
Bu görüşdə çoxlu suallarıma cavab tapacağıma əminəm.
Birinci sualım elə qəzetimin baş səhifəsində olan Prezidentin nitqindən çıxan cümlə olacaq. “Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər”.
SÖZÜMÜZ İMZAMIZDIR!
TARİX YAZAN İMZA!
Soruşacağam ki, Cənab Prezident, nədən “DODO” redaksiyasının rəsmi məktubları məmurlarınız tərəfindən cavabsız qalır? Axı niyə Sizi, bizi narahat edən problemlər xalqına yuxarıdan aşağı baxan, ancaq öz ciblərini doldurmaqla məşğul olan məmurlar tərəfindən vaxtında həll olunmur? Nədən sizin tarix yazan sözünüzü pozurlar?
İradə Dodonun həmişə təbliğ etdiyi cənab Prezident, görünür hələ o etimadı qazanmamışam ki, bizə qonaq gələsiniz, baxmayaraq ki, mən bütün şüurlu həyatımı Azərbaycan dövlətinə, dövlətçiliyə həsr etmiş insanlardan biriyəm. Həyat yoldaşım Məlikov Rövşən Nazir oğlu da torpaqlarımız uğrunda, xüsusi təyinatlı hərbi hissədə vuruşub və I Qarabağ müharibəsi veteranıdır. Biz xalqın içindən çıxan sadə bir ailəyik, talış olmağımızla, azərbaycanlı olmağımızla fəxr edirik. Siz bizim haqqımızda, talışlar haqqında bəzi qəzetlərdə, saytlarda gedən qərəzli, həqiqəti əks etdirməyən xəbərlərə inanmayın, elə yazıların məqsədi qaşınmayan yerdən qan çıxarmaq, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Biz talışlar həmişə dövlətçiliyə sadiq insanlarıq və bunu müqəddəs torpaqlarımızı qoruyarkən də şəxsi həyatımızı qurban verməklə sübut etmişik. Bunu görmək istəməyən nankor insanlar Talış torpağına getsin, gənc talış balalarının Şəhidlər xiyabanında səf-səf düzülmüş, al-qırmızıya boyanmış, nişan xonçaları ilə bəzənmiş məzarlarını görsün və bizə düşmən münasibətindən utanıb xəcalət çəksinlər. Cənab Prezident! Mən yenə əvvəlki fikrimdə qalıram. Sadə evimizdə Sizi və xanımınızı görməyə çox şad olardıq.
Dərin hörmətlə,
İradə Məlikova
“DODO” qəzetinin baş redaktoru,
Azərbaycanda yaşayan xalqları birliyə çağıran
20-dən artıq kitabın müəllifi