Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Soxum boyunuzu yerə - Zamin Hacı yazır...


Zamin Hacının "Görkəzmə dərd" adlı yazısını təqdim edirik.

Deyir bir gün adam meşəyə piknik eləməyə gedir, lakin ekologiya nazirliyinin (ümumiyyətlə – ona görə balaca yazmışam, söz olmasın) ayırdığı cığırdan qırağa çıxır, azır. İndiki kimi cib telefonu da yox imiş, zəng vurub əlaqədar orqanları yardıma səsləsin.

Haşiyə çıxaraq qəfil ağlıma gələn ideyanı burda yazıram: məncə, bizim “Təki sən səslə məni” mahnımız fövqəladə hallar, xilasetmə qurumlarının himni olmağa layiqdir. Sən hələ sözlərə bax:

“Ovod” nə deməkdir? – Qorxmaz Quliyevə cavab
Xudu Məmmədov onları alt-üst etmişdi
Rusiyada kinoteatrlar bağlanır
“Harda olsan, gələrəm,
Təki sən səslə məni!
Darda olsan gələrəm,
Təki sən səslə məni!

Yaxın olsan, ya uzaq,
Dərə olsa, ya da dağ,
Məni kim saxlayacaq?
Təki sən səslə məni!”

Xülasə, dostumuz (bu da konkret ünvanı bildirmir, bəşəriyyətə səslənirəm) meşədə azır, canına vicvicə düşür, bir yandan da gecə düşür. Başlayır haray salmağa: “Kömək eləyin! Yardım eləyin!” Beləcə bağıra-bağıra meşədə dolaşarkən qəfildən arxadan kimsə bunun çiyninə pəncəsini qoyur. Dönür görür yekə qonur ayıdır. Ayı gözlərini ovuşdura-ovuşdura bundan soruşur:

“Nə olub? Niyə səs salırsan?” Adam deyir:
“Azmışam, istəyirdim kimsə dadıma çatsın”.

Ayı deyir:

“Bax, səs saldın, mən gəldim, sənə bu lazım idi?”

Pritçanın mövzumuza dəxli yoxdur, özümü üçüncü dəfə sığortalayım, təhlükəli epoxada yaşayırıq. Rəhmətlik Rəşid Şerifin bir ölümsüz karikaturunda yazılan kimi:

“Əcəb epoxaya düşmüşük”.

Keçən aylarda bizim mədəniyyət xadimləri “Vətən müharibəsi temasında niyə ədəbiyyat-incəsənət nümunələri yaradılmır” temasını ortaya atdılar, ondan sonra bəzi nümunələr göstərildi. Bir poemanı lap çox tərifləmişdilər, internetdə tapıb baxdım. Buyurun, sitatları oxuyun:

“Azıx,
Qazma,
Qala,
Daşsalahlı, Zar,
Buzeyir,
Qaraca,
Damcılı, Tağlar...
Turukku, Lullubi, Kuti, Hurrilər,
Subar, Kassit, Kaspi, Kadusi, Gərgər –
Hər biri əzəli türk birlikləri
Öndə dövlətçilik öhdəlikləri...”
(sitatın sonu)

Bəs burada bizim kəndin adı niyə yoxdur? Belə dövlətçilik olmaz.

Növbəti sitat:

“Beləcə gəlirdi Macar türkləri,
Beləcə gəlirdi Acar türkləri,
Beləcə gəlirdi Bulqar türkləri,
Beləcə gəlirdi Uyğur türkləri,
Beləcə gəlirdi Xəzər türkləri,
Beləcə gəlirdi Azər türkləri,
Beləcə gəlirdi Od Ər türkləri,
Beləcə gəlirdi Saf Ağ türkləri,
Beləcə gəlirdi Ar Sak türkləri...”

(sitatın sonu – hələ “eləcə gələn”ləri yazsam köşədə mənə yer qalmaz, güman edirəm hörmətli oxucular bunu arzulamır)

Zəlimxan müəllim rəhmətə getmişdir, ancaq onun poetik kursunun davam elədiyini görürük.

Vətəni, onun dərdin-azarını göstərmək, uğurunu-sevincini tərənnüm eləmək, əslində, çətin vəzifədir, mən bunu anlayıram. Heç yadımdan çıxmır, hardasa 20 il qabaq olardı, bir axşam televizora baxırdım. Təxminən, saat 8-9 radələriydi, necə deyərlər, pik vaxtı. Yerusəlim-Qüds şəhəri (kimə hansı xoşdur onu oxusun, mən 1500 illik problemi bu köşədə həll eləyəsi deyiləm) haqda sənədli film gedirdi. Birdən filmin ortasında erməni “soyqırımı” haqda danışmağa başladılar. Şəhərdə yaşayan ermənilərdən intervü, o vaxt babam belə qaçdı, nənəmi türklər-filan elədi...

Açığı, öncə çaşdım, elə bildim hansısa başqa ölkənin televiziyasına tamaşa edirəm. Loqoya baxdım –“bizimkidir”. Üstəlik, işin ən tragikomik tərəfi bilirsiniz nə idi? O gün 31 mart idi! Azərbaycan telekanallarından biri azərbaycanlıların soyqırımı günü erməni “soyqırımına” aid sənədli film verirdi.

Bunu səhərki gün qəzetdə yazdım. Telekanalın rəhbərliyi vəziyyətdən belə çıxdı: “Sənədli filmləri efirə verəndə öncədən onun içinə baxmırıq”.

Əlbəttə. Mən də bu yazını içinə baxmadan yazıram, etirazı olan qıraqlarını oxusun.

Qarabağın kəndlərinin birində 1993-cü ildə əsir düşən mülki şəxsin əhvalatını şəxsən bilirdim. Adam Bakıda həkim işləyirdi, kənd işğal ediləndə orda tam təsadüfən olmuşdu – xəstə anasının evdə qalmış hansısa nadir dərmanını götürmək üçün gedibmiş. Bir ilə yaxın əsirlikdə ona zülm vermişdilər. Yəni istəsən bu mövzuda, “Gənclik” jurnalının 1980-ci illərin axırında açdığı məşhur rubrika kimi: “Nöqtəsinə, vergülünə toxunmadan” dünyanın diqqətini çəkəcək sənədli film yaratmaq olardı.

Bəs bizim telekanallar nə etdilər? Adamı Qarabağın azad edilən ərazisinə aparıb boş-boş, mənasız, xaotik süjetlər çəkdilər. Adı “sənədli film” qoyulan o süjetdə keçmiş əsirin bir neçə dəqiqə... boynunun ardını göstərdilər. Dəhşət kinematoqrafik “tapıntı” idi... Anam demiş, soxum boyunuzu yerə... Hələ “filmin” musiqili müşayiəti tam qarın ağrısıydı.

Ümumiyyətlə, həmin gün mən televizora çox nadir hallarda baxmağıma növbəti dəfə haqq qazandırdım. Axşam bir efirdə tok-şou gedirdi. Aparıcı, rəsmi olaraq jurnalist sayılan adam deyirdi: “Bir qaraçını gətirib yurdumuzda yer vermişik, onlar bizə kin-küdurət bəsləyiblər”. Verilişdə iştirak edən başqa jurnalist dəm tuturdu: “Ermənilər Qarabağa qaraçı köçü kimi dəvət olunmuşdu”.

Görəsən bu adamlar qaraçıların ayrıca xalq olduğunu, efirdən belə çıxışlar etməyin faşist propaqandasına bənzədiyini (Hitler hardasa bığaltı qımışır) başa düşmürlər? Hələ sonra şikayətlənirlər: “Dünya dərdlərimizi görmür, dünya bizi başa düşmür”.

Belə eləsən, hardan başa düşəcəklər?


kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10