Son zamanlar isə Mirbağır Cabbarov rüşvət yığmağın yeni formasını tapıb, necə deyərlər bu sahədə fəaliyyətini təkmilləşdirib. İstənilən sənəd üçün ona müraciət etdikdə, deyir ki, �pul köçürməlsən�. Sonra məlum olur ki, köçürmə dedikdə öz cibini nəzərdə tutur. Çünki heç bir bank hesabı-filan yoxdur. Vətəndaşa qəbz, pul ödədiyi üçün digər sənəd verilmir. Mirbağır Cabbarov sənədi təsdiqlədikdən sonra pulu birbaşa alıb və qoyur cibinə. Adi pensiya almaq barədə arayış üçün bu adam nə az, nə çox, 30 manat pul istəyir. Soruşuruq ki, hansı qanunda yazılıb, nəyə görə, hansı qanuna görə adi arayış üçün pul verməliyik, deyir ki, mənə heç bir qanun lazım deyil, mən özüm bura qanun qoyuram. Belə özbaşınalıq olarmı? Biz nə vaxta kimi belə məmurların əli ilə çapılıb talanacağıq?
Cəlilabadda minlərlə əlil var. Mirbağır Cabbarov bu cür adamların puluna göz dikib, onların ciblərini soymaqla məşğuldur.
Bu məktubda imza edənlərdən mən Zaur Bayramov arayış üçün Mirbağır Cabbarova müraciət etdim. Lakin o, arayışa qol çəkməkdən imtina etdi. Dedi ki, köçürmə etməlisən. Mən həmin köçürmənin qanunsuz olduğunu, heç bir kitab-dəftərdə qeydə alınmadığını dedikdə isə yerindən qalxıb üstümə cumdu, məni söyüb təhqir etdikdən sonra otaqdan qovdu. Mirbağır Cabbarova seyid olmasından istifadə edir, ona pul verməyənləri qarğışlayır. Xahiş edirik ki, rayonumuzu belə seyidlərin bəlasından qurtarmağa yardımçı olasınız.
Cəlilabaddakı DSMF-nin əvvəllər də Zakir adında daha bir seyid işçisi var idi. O da rayon sakinlərini ələ salır, heç nədən soyub talayırdı. Biz bu seyidlərin əlindən bezmişik. Demək Zakir, verilən sənədləri qəsdən it-bata salır, vətəndaş onun yanına gəldikdə bildirirdi ki, gətirdiyin arayış itib, get, təzəsini gətir. Beləcə vətəndaş dəfələrlə gedib-gəlir, yollarda çoxlu pul xərcləyirdi. Ancaq seyid Zakirə vaxtında şirinlik verən adamların məsələsini o yerindəcə həll edirdi. Bununla, o biri vətəndaşlara �mesaj� vermək istəyirdi ki, bəs siz də pulunuzu vaxtında verin, sənədləriniz �itməsin�. Beləcə həmin seyid özünəməxsus rüşvət sistemi yaratmışdı. Sonradan bu əməllərinin üstü açıldı, DSMF rəhbərliyi vətəndaşların çoxsaylı şikayətlərindən sonra Zakiri işdən azad etdi və o cinayət məsuliyyətinə cəlb olundu. İndi də Mirbağır Cabbarov adlı seyid yoldaş keçib boğazımıza.
Bu məktubu imzalayanlardan digəri, mən, Nuriyev Habil Möhbalı oğluna �Kapital� Banka təqdim etmək üçün arayış almaq lazım idi. Mirbağır Cabbarov məni sözün həqiqi mənasında ələ saldı və bütün əsəblərimi korladı. İstədiyim pensiya almağımı təsdiq edən sadə bir arayış idi. Mənə dedi ki, get torpaq pulu köçür, sənin o pullarından sənin özünə pensiya ayıraq, yoxsa elə-belə heç bir arayış verə bilmərəm. Köçürmə dedikdə ona əlimlə pul verməyimi nəzərdə tuturdu. Mənim iki qıçım şikəstdir, əgər bu adam mənim başıma bu oyunu açırsa, görün o, digər adamların başına nə müsibətlər gətirir. Bütün rayon bu məmurun əlindən qan ağlayır.
Ardıcıl olaraq DSMF-nin müvafiq şöbəsinə yüzlərlə adam müraciət edir. Mirbağır Cabbarov həmin adamlardan köçürmə adı ilə müxtəlif məbləğdə pullar alır. Heç bir yerdə qeydiyyata alınmamış pullar Cabbarovun cibinə gedir. Sual edirik, bu adama kim ixtiyar verib ki, dövlətin müəssisəsini öz şəxsi kooperativinə çevirsin? Niyə bunlara bir baxan, nəzarət edən yoxdur? Niyə seyid adı ilə xalqı çapıb-talayan bu cür məmurlara yerini göstərən yoxdur?
Heç kəsə sirr deyil ki, Mirbağıra arayış üçün müraciət edənlərin hamısı kasıb, əlil adamlardır. Əlilin pulunu yeməklə Mirbağır o dünyada cavab verə biləcəkmi? Yoxsa, o seyiddirsə, biz son qəpiyimizi də çıxarıb ona verməliyik? Yəqin o elə düşünür ki, bu bizim borcumuzdur. Elə adam var ki əlil arabasında arayış almaq üçün ora gəlir, Mirbağır Cabbarov belə adamlara da pul umur. Elə adam var ki, 2 manat borc edərək yol pulu verib DSMF-yə gəlir, Mirbağır onun ağzının üstündən vurub qaytarır ki, 10 manat, 20 manat verməsən, arayış ala bilməyəcəksən, get, pul gətir. Bunu tək biz demirik, hamı bilir ki, Mirbağır Cabbarov adi arayışı köçürmə adı ilə ən azı 10 manata satır. Bu adam Misir fironları kimi adama salamı da pulla verir. Bax, biz cəlilabadlılar rayonda bu cür adamların əlində əsir-yesir qalmışıq, heç nədən soyulub talanırıq. Xahiş edirik, Mirbağır Cabbarova başa salın ki, heç olmasa əlillərin puluna göz tikməsin, ayıbdır, o pulu yemək olmaz.
Zaur Bayramov, Cəlilabad rayonu, Qarazəncir kəndi,
Habil Nuriyev, Cəlilabad rayonu, Gülməmmədli kəndi.
Biz məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfə də müraciət etdik. Mirbağır müəllim dedi ki, onların yazdıqları böhtandır. Biz pay torpaqlara görə vətəndaşlardan rüsum tələb edir, buna görə də mədaxil orderi veririk. Onlar bu pulu ödəmək istəmədiyi üçün belə yazırlar. Mən heç kimdən artıq pul almıram.