Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Son üç saat: məhkəmə başlayır, hökm yaxınlaşır


Kilsələrdə zənglər, məscidlərdə azan dayandırılacaq

Gülləri solur yavaş-yavaş bu fəslin də. Çiçəkləri tökülür, son nəfəsini dərir torpaqdan Bahar. Ölmək üzrədir, ancaq gözü yolda qalıb, sevdiyi axırıncı çiçəyi öpüb vidalaşmaq istəyir bizimlə. “Vaxtdır” deyir, səhifələri saralmış köhnə gündəliyindən özünə “Padre” yaradıb, tökür etiraflarını bir-bir kağızın sinəsinə.

İşlətdiyi günahların hesabını ödəyir cibində qalan qəpik-quruşla və başlayır sonuncu dualarını oxumağa. Düşünür ki, Tanrını görsəydi, anlayardı, bağışlayardı onu, bu qızmar havada qoymazdı bir az da isinsin bəxtinə düşən cəhənnəm. Ya da rüşvət verib uzaqlaşardı buralardan və bir daha qayıtmazdı sevgilisinin qapısına.

Son səhifələrini yazır gündəliyinin indi, birazdan cırıb atacaq hamısını. İnanmır “Padre”sinə də, gizlədir sirlərini. Qorxur ki, ifşa olunar və cəhənnəmdə də olsa, tapıb qisasını alacaqlar bütün cinayətlərinin. Bilir ki, vaxt yetişib, müttəhimlər tam heyətlə kürsüyə qalxıblar. İstintaqlar başa çatıb, bütün cinayətlərin məhkəməsi başalyıb.

Edam kürsüləri də qurulub, sonuncu peyğəmbərin gəlişini gözləyirlər. Növbəyə düzülüb hər kəs ən ali məhkəmənin həyətində. Burda da işbazlar var, amma fırıldaqçılar sıralarını pulsuz satırlar cəhənnəmə tələsənlərə.

Havadan da cəsarət qoxusu gəlir. Nə qədər ört-basdır etsək də, gizlətdiyimiz sirlər günahlarımızdan başqa bir şey deyil və tezliklə hamısının üstü açılacaq. Maskalar sıra ilə ayaqlar altına düşəcək. Günəş bütün infeksiyaları məhv edəcək. Daha Operativ Qərargah da icazə verir maskasız nəfəs almağa. Birazdan kilsələrdə zənglər dayandırlacaq, məscidlərdə azan yarımçıq kəsilib, ədalətin bərqərar olunduğu elan ediləcək.

İndi məhkəmənin həyətində ön sıralarda kasıblar oturub hakimlərin hökmünü gözləyirlər. Elə ən birinci onlar ifşa olunacaqlar. Dünəndən kafe restoranlar da bayram etməyə başlayıb, varlılara yeməklər, kasıblara isə içkilər pulsuz paylanır. Konsert zalları ağzına kimi dolub, ən bahalı müğənnilər ən kasıbları tapıb özlərinə birgünlük aşiq seçirlər. Fahişələr də bu günlərdə ailə qurub, övlad həsrəti ilə bal ayına hazırlaşırlar.

Yox, bu fəsil o fəsildən deyil. İqlim də dəyişmir heç, havalar da bir il əvvəlki kimidir. Bir az Xəzri son günlər şıltaqlıq edir, ancaq onun da barıtı bir atımlıqdır. Şəhər ən xürrəm günlərini yaşayır. Gündüzlər ədalət məhkəməsində növbəsi çatmayanlar axşamlar kafelərə axışırlar. Küçələr sərxoşlarla dolub, heç kim əyyaşlığına görə qınanmır.

Qəzetləri “Qiyamət” başlıqlı köşələr doldursa da, oxucusuz qalıb. Nəşriyyatlar bütün kitabları yandırır, cəfəngiyyatlarla dolu romanlar əhalidən yığılıb dənizə tökülür.

Budur, Bahar da canını tapşırdı “Padre”nin qollarında. İmtahanlar başlayır, demək. Cəmi üç saatımız qalıb. Suallar bəllidir, elə cavablar da. Amma bu sınaqdan hər kəs kəsiləcək. Qonşu dəftərindən köçürənlər isə vaxtından əvvəl qovulacaq dünyadan. Sonuncu doğulan qız uşağının da əlinə qələm verib imtahan zalına atacaqlar. İlk boynu vurulan yenə də kasıblar olacaq. Bir vaxtlar şahlıq kürsüsündən xalqa meydan oxuyanlar isə indi edam kürsüsündən boylanacaqlar. Ancaq…

Ancaq “sonuncu peyğəmbər” gəlib çıxmayacaq.

Müəllif: Xəzər Əlizadə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10