Dünən ADA Universitetində ölkə başçısının iştirakı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda çıxış edən Prezident İlham Əliyev bir sıra məsələlərə, o cümlədən yeni idarəçilik sisteminə də toxunub:
"Mənim Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələrim var, digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək, onların hələlik təyin edilməməsinin səbəbi orada hələ ki, fəal yerləşmə prosesinin aparılmaması ilə əlaqədardır, amma bu da olacaq. Biz, bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür".
Qeyd edək ki, son vaxtlar yerlərdə bir sıra icra hakimiyyəti başçılarının fəaliyyətsizliyi, çalışdığı müddətdə yol verdiyi nöqsanlar, korrupsiya faktları ilə bağlı problemlər yaranıb. Nəticədə onlar yol verdiyi bu nöqsanlara görə ölkə başçısı tərəfindən işdən azad edilib, hətta həmin icra başçıları arasında məsuliyyətə cəlb edilənlər də var. Bütün bunlar isə artıq yerlərdə idarəçilik sistemində dəyişikliyin vacib olduğunu ortaya çıxarır. Ölkə başçısı bügünkü çıxışı ilə məhz bu sahədə növbəti islahatın anonsunu verdi.
Bu islahatlar nəticəsində bələdiyyələrin də səlahiyyətinin genişlənməsi ciddi inkişafa təkan verəcəkmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, Prezidentin çıxışından da sovet dövründən qalmış birinci katiblik institunun adının dəyişdirilmiş forması olan könhə icra hakimiyyətləri institutlarının artıq effekt vermədiyi məlum olur:
"Bu qədər həbslərə, işdən çıxarılmalara baxmayaraq həmin vəzifənin, institutun özü effektli deyil. Onun dəyişdirilməsi ilə bağlı müəyyən qərarın verildiyi görünür. Ümid edirəm ki, yaxın günlərdə Konstitusiya isalahatları aparılması barədə ümumi bir qərar olacaq.
Biz həmin mətnə baxandan sonra hansı dəyişikliklərin olması barədə fikir yürüdə biləcəyik. Yəni Böyük şəhər bələdiyyələrinin yaradılması, rayon rəhbərlərinin seçilməsi, bu idarəetmə üsulunun gücləndirilməsi ciddi islahatların əsasını qoya bilər. Bələdiyyələrin səlahiyyətlərinin və məsuliyyətlərinin artırılması regionlarda vətəndaşlara xidmətin keyfiyyətini yüksəldən əsas amilə çevriləcək. Yəni vətəndaşları təyin edilmişlər yox, seçilmişlər idarə etməlidir".
Ekspertin fikrincə, son illər bu sahədə müəyyən addımlar atılıb, Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla 14 iqtisadi rayon yaradılıb:
"İndi növbəti addım 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirmək, yerli icra hakimiyyəti orqanlarını ləğv edib seçkili institutlara keçməkdir. Prezident deyir ki, “qərarlar bəzən regionlarda icra edilmir və insanlar bunu görmür”.
Bunun tək səbəbi təyin edilmişlərin vətəndaş qarşısında məsuliyyətinin olmamasıdır, onlar ancaq təyin edən qarşısında məsuliyyət daşıyırlar deyə onun xoşuna gəlməyə çalışırlar. İndi təyin edilmişləri seçilmişlər əvəz etməlidir ki, onların seçici-vətəndaş qarşısında məsuliyyəti yaransın. Yəni, yeni sistemin əsas elementi məhz dürüst yerli seçkilər, seçkili Mer insititutunun yaradılması olmalıdır, başqa yol yoxdur.
Seçilmişlər həmişə təyin edilmişlərdən səlahiyyət və məsuliyyət məsələsinə görə üstün olmalıdırlar, məhz o zaman vətəndaşlar həmin institutlara nəzarət edə, həmin şəxslərin də vətəndaş qarşısında məsuliyyəti arta bilər. Ümid edirəm ki, bu bəyanat ölkədə çoxdan yetişmiş Konstitutsiya islahatlarının anonsudur və yaxın aylarda biz referenduma gedəcəyik".
Nigar Abdullayeva
Cebhe.info