Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir təyin olundu


Lənkəran – Astara Regional Təhsil İdarəsinə Elxan Nəcəfov müdir təyin edilib. Elxan Nəcəfov Hədəf Kurslarınn Elm və Tədris İşləri üzrə direktoru və bu təyinata qədər isə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Elxan Nəcəfov bakalavr təhsilini Bakı Dövlət Universitetində filologiya ixtisası, magistr təhsilini isə Gəncə Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası” ixtisası üzrə alıb. Daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis, Təhsil Nazirliyində ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektlərinin qiymətləndirilməsi üçün yaradılmış “Dərsliklərin qiymətləndirilməsi şurası”nda ekspert, Təhsil Nazirliyinin və Təhsil İnstitutunun bir çox layihələrində ekspert, təlimçi, komissiya üzvü kimi fəaliyyət göstərib. Eyni zamanda, 2016-cı ildən Respublika fənn olimpiadaları çərçivəsində Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə komissiya üzvü, 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, 2019-cu ildən Dövlət Gömrük Komitəsinin Akademiyasında və Bakı Biznes Universitetində “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənləri üzrə müəllim kimi fəaliyyət göstərmişdir. “Ədəbiyyat nəzəriyyəsi” dərs vəsaitinin müəllifi, “Azərbaycan dili” dərs vəsaitinin həmmüəllifi, “Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətinin” tərtibçisi və həmmüəllifi, abituriyentlər üçün nəzərdə tutulmuş test tapşırıqları və çalışmalar toplusunun həmmüəllifidir. O, həmçinin tədris dili Azərbaycan dili olan ümumtəhsil məktəblərinin 5-ci və 6-cı sinifləri üzrə nəzərdə tutulmuş Azərbaycan dili dərsliyinin elmi redaktorudur.

Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının təhsil müəssisələrini əhatə edən Lənkəran – Astara Regional Təhsil İdarəsi 554 məktəbdə 130232 şagirdi və 122 bağçada 68090 uşağı özündə birləşdirir. Yeni yaranmış idarədə rayonlardakı sektorlarla birgə 80 nəfər civarında əməkdaş çalışacaq.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10