Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nuru Paşa Masallıda olub




Ənvərlərin oxşar taleyi




Osmanlı dövlətinin müdafiə naziri Ənvər paşanın əmri ilə Azərbaycana gəlmiş Qafqaz İslam Ordusunun komandanı, 29 yaşlı cəsur sərkərdə Nuru paşanın yolu günlərin bir günü Masallının axarlı-baxarlı İsi kəndinə düşür. Burada öz dövrünün sayılıb-seçilən nüfuzlu simalarından olan Mirmusa bəyin malikanəsində qonaq olur.

Mirmusa bəy Əmiraslanbəyov Nuru paşanın şərəfinə böyük ziyafət verir. Qonağın general-leytenant qiyafəsinə uşaq marağı ilə baxan və ona çoxlu sual verən azyaşlı oğluna səslənərək Mirmusa bəy deyir: “Ənvər, möhtərəm qonağımızı çox yorma, get həyətdə uşaqlarla oyna”. Nuru paşa bir an duruxur, sonra deyir: “Bəy, siz Ağabəyin isminin Ənvər olduğunu bilə-bilə cocuğunuza nədən Ənvər deyə xitab etdiniz?”

Mirmusa bəy cavab verir ki, “Əfəndim, mən qardaşınızın ismini oğluma dostluğumuzdan nişanə olaraq qoymuşam... Və ümid edirəm, gələcəkdə bizim Ənvər də sizin kimi mötəbər dostların adına layiq hərbiçi olacaq...”. Nuru paşa razılıq hissi ilə gülümsünüb: “İnşaallah” deyir... Aradan illər ötüb keçir.


Balaca Ənvər xarici dilləri necə öyrəndi?

Mirmusa bəyin oğlu Ənvər böyüyüb boya-başa çatır. İlk təhsilini milliyyətcə alman olan tərbiyəçidən almış Ənvər alman dili ilə yanaşı, yeniyetmə çağlarında rus və fransız dillərini də mükəmməl öyrənir.


İsi bəyləri NKVD–nin hədəfində

...37-ci illərdə NKVD –nin Lənkəranda meydan sulayan Arakelyan soyadlı zabiti Cənub bölgəsindəki bəyləri “xalq düşməni” adı ilə “gedər-gəlməz”ə yollayırdı. Mirmusa bəy başda olmaqla, bütün İsi bəylərinin mülkləri Şura hökuməti tərəfindən müsadirə olunur. Bir çoxları tutulub Qazaxıstana sürgün edilir. Gənc Ənvər təqibdən yayınıb Bakıya üz tutur və burada Ənvər Cavadzadə soyadı ilə təhsil alıb işə düzəlir. Lakin NKVD işçiləri günlərin bir günündə onun izinə düşür, keçmişini araşdırmaq məqsədilə sənədlərini yoxlayıb, sorğu-sual edirlər.

Atası Mirmusa bəyin, əmiləri Mirabdulla bəylə Mirmahmud bəyin və əmisi oğlanlarının otuzuncu illərin əvvəllərində Şura hökumətinə qarşı dağlara çəkilib mübarizə apardıqlarına görə ittiham etmək istəyirlər.


Almaniyada general rütbəsi alan Ənvər Aslanbəyov

Və bir az da tüfəngə yazılan "Məcidi Məcid vurdu" kəlamı barədə

Belə həyəcanlı günlərdən birdəfəlik yaxasını qurtarmaq üçün Ənvər çıxış yolunu könüllü olaraq müharibəyə getməkdə görür... Stalinqrad müharibəsində əsir düşəndə o, artıq yüksək çinli sovet zabiti idi. Alman dilini yaxşı bildiyinə görə hərbi düşərgədə ona türk əsilli sovet əsirlərinin təlimi ilə məşğul olan şöbədə vəzifə verilir.

Almaniyada general rütbəsinəcən yüksələn Ənvər Aslanbəyov (Əmiraslanbəyov–N.Ə.) məhşur el qəhrəmanı Məcid ağa Şəkibəyovun oğlu həkim Ənvər ağa ilə rastlaşır. 



1918 –ci ildə erməni paşası Andronikin bir neçə silahlı quldur dəstəsini məhv etmiş Yaqublu Məcid ağa 1930–cu ilin mart ayınacan öz kiçik dəstəsilə Gədəbəydə dağlara çəkilərək Şura hökumətinə qarşı silahlı müqavimət göstərmişdir. Silah- sursatı tükənəndə Məcid ağa tüfənginin qundağına "Məcidi Məcid vurdu" sözlərini yazıb, son gülləsini özünə vuraraq intihar etmişdir. 

Deyilənlərə görə, onu ələ sağ keçirmək əmrini verən Mircəfər Bağırov vaxtilə erməni daşnaklarına qan udduran Məcid ağanın tüfənginə yazdığı sözləri oxuyanda çox məyus olub... Buna baxmayaraq, Məcid ağanın böyük oğlu Cəmşid ağa həbs edilərək Bayıl türməsində güllələnir.


Daha bir Ənvər barədə

Məcid Ağanın kiçik oğlu Ənvərsə Bakıda internata göndərilir. Burada yaxşı təhsil alaraq 1935-ci ildə Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə fakültəsinə qəbul olunur.
1939 –cu ildə “Fin müharibəsi”nə aparılan Ənvər ağa dörd il sonra - 1943 –cü ildə almanlar tərəfindən əsir alınır. Hərbi düşərgədə xəstə və yaralı əsirlərin müalicəsi ilə məşğul olan Ənvər ağa hələ Tibb İnstitutunda təhsil alanda Ənvər Aslanbəyovun əmisi nəvəsi, Ümumi Müalicə fakültəsinin tələbəsi Mirkazım Aslanlı ilə dostluq etmişdi. 

Hər ikisini “qolçomaq övladı” adlandıraraq institutdan qovmaq istəyirmişlər. Gənc yaşlarından Sarəng təxəllüsü ilə şeirlər yazan və musiqi istedadı olan Mirkazım Aslanlını o zaman böyük bəstəkarımız Üzeyir Hacıbəyli müdafiə edir. Üzeyir bəy Konservatoriyada həkim məntəqəsi açdırıb Mirkazımı işə düzəltdirir, sonra onun musiqiyə böyük həvəsini görüb Konservatoriyanın vokal sinfinə qəbul etdirir. 




Mirkazım bəyin həyat yoldaşı Fəridə xanım sağlığında deyirdi ki, Üzeyir bəy hətta öz şəxsi pianinosunu sevimli tələbəsi M. Aslanlıya bağışlamışdı... Məcid ağanın oğlu Ənvər isə Mircəfər Bağırovun müdaxiləsindən sonra instituta bərpa olmuşdu.


Hər iki Ənvər birlikdə

...Almaniyanın həbs düşərgəsində hər iki Ənvərin əsas məqsədi Türkiyənin tabeçiliyinə veriləcək Şərqi Türküstan alayının tərkibinə qatılmaq idi. Ən maraqlısı da hər iki əsilzadənin adının Ənvər olması yaşlı alman zabitlərinə Adolf Hitlerin Birinci Dünya Müharibəsində heyranlıqla adını dilə gətirdiyi türk sərkərdəsi Ənvər paşanı xatırladırdı. Ənvər paşa kimi cəsur generallarının olmaması ucbatından Kayzer Almaniyasının məğlubiyyətini Hitler təəssüf hissiylə qələmə də almışdı...  


Ənvərlər müharibədən sonra

Müharibənin son günləri Türkiyə ilə Almaniya arasında türk əsilli əsirlərlə bağlı danışıqlarda Turançı hərakatına gizli dəstək verən Nuru paşa da iştirak edirdi.
1945 –ci ilin yazında 300-ə yaxın azərbaycanlı əsiri İsveçrənin ərazisinə keçirəndə Ənvər Aslanbəyov artıq general- leytenant rütbəsində idi. 

Əsirlikdən canını qurtarıb Avropanın müxtəlif ölkələrinə səpələnən əsgər və zabit heyətinin çoxu SSRİ-yə qayıdanda “vətən xaini” adıyla Sibirə sürgün edilirdi. Hər iki Ənvərin valideynlərinin müharibədən qabaq sovet hökumətinə silahlı müqavimət göstərməsi fakti isə onların almanlara könüllü əsir düşməsi fikrinə rəvac verirdi.


ABŞ Prezidentinin xanımı azərbaycanlı əsirlərə necə kömək edib?

Ona görə də Amerikanın 32 –ci prezidenti Ruzveltin həyat yoldaşı Anna Elenora Ruzveltin (1884-1962) köməyi ilə general Aslanbəyov adaşı doktor Ənvər ağa başda olmaqla 100-dən artıq azərbaycanlıyla Türkiyəyə yola düşür.

Türkiyədə mühacirət həyatı yaşayan Məmməd Əmin Rəsulzadə Nuru paşa ilə Almaniyadan gələn azərbaycanlıları qarşılayır. Savadına və bacarığına görə M. Rəsulzadə Ənvər Aslanbəyovla maraqlanır.

Onun Masallıdan olduğunu biləndə soruşur:

- Masallıda Mirmahmud bəy Mirzə Cavadbəy oğlu Əmiraslanbəyovu tanıyırsan?

- O, mənim doğma əmimdir, - deyə Ənvər bəy cavab verir, mən onun qardaşı Mirmusa bəyin oğluyam.

Mirmusa bəyin adını eşidən Nuru paşa gülümsünür:

- Yoxsa, sən mənim gördüyüm həmin kiçik Ənvərsən?

- Bəli, sizin gördüyünüz həmin balaca Ənvərəm...


Ənvərlərin Türkiyə həyatı

M. Rəsulzadənin təşkilatçılığı ilə keçirilən toy

Türkiyədə qalan hər iki Ənvər “Azərbaycan kültür dərnəyi”nə rəhbərlik edən Məmməd Əmin Rəsulzadənin yaxın dostu və məsləkdaşı kimi fəaliyyət göstərirlər. Ənvər bəy Aslanbəyovun Masallıda yaşayan qohum-əqrabasının dediyinə görə, M. Rəsulzadə onun toy mərasimində yaxından iştirak edib...

Çox güman ki, ötən əsrin yetmişinci illərinin əvvəllərində gizli yolla Ənvər bəy Bakıda yaşayan əmisi nəvəsi Mirkazım Aslanlıya məktub göndəribmiş. Lakin başı müsibətlər çəkən Mirkazım bəy bu barədə heç kimə bir kəlmə də deməyib.


Şair Ayaz Araçının atası ilə tanışlıqdan aşkarlanan xatirələr

Və həmin günlərin birində gədəbəyli Vilayət Allahverdiyev (şair Ayaz Arabaçının və müğənni-bəstəkar Zəka Vilayətoğlunun atası –N.Ə.) Mirkazım Aslanlının çalışdığı Kirov adına xəstəxanada müalicə alır. Mir Kazım Aslanlı onu müayinə edəndə necə olursa, Vilayət müəllim həyat yoldaşının babası Məcid ağadan söhbət salır. Mirkazım bəy də Məcid ağanın kiçik oğlu ilə - yəni Vilayət müəllimin həyat yoldaşının dayısı Ənvərlə tələbə yoldaşı olduğunu bildirir. Və birlikdə çəkdirdikləri yeganə şəkli ona verib deyir: " O, indi Türkiyədə yaşayır... Bir az vaxt keçsin, sizə hər şeyi ətraflı danışacam...”



Onu belə davranmağa vadar edən səbəblər məlum olsa da, Məcid ağanın qızları, nəvələri intizarla Mirkazım Aslanlının müəmmalı şəkildə dediyi o “bir az “ vaxtın gəlib-keçməsini intizar içində gözləyirlər.

Lakin... Fiziki cəhətdən çox sağlam olan Mirkazım Aslanlı 1975 –ci ildə ömrünün 63 yaşında gözlənilmədən dünyaya vida edir. Həyat yoldaşı Fəridə xanımın dediyinə görə onu çalışdığı Tibb İnstitutunun fizioterapiya kafedrasına müdir təyin etmək istəyirmişlər. Alim həmkarlarından biri onu kommunist olmamaqda və bəy oğlu olduğuna görə suçlayır. Bu gərgin mübahisədən əsəbiləşmiş Mirkazım bəy evə gələndən sonra yerini döşəmədə qibləyə saldırıb, bir neçə saatdan sonra canını tapşırır. Bu qəfil ölümüylə o, Yaqublu nəslinin sonuncu nümayəndəsi olan Ənvər ağa Məcid ağa oğlu barədə xəbəri özü ilə məzara aparır.  




Ənvər Aslanbəyovun vətənə səfəri və qəfil ölümü

...75 yaşlı Ənvər bəy Aslanbəyov isə Azərbaycan özünün müstəqilliyini bərpa edəndən sonra bir neçə günlüyə Masallıya - doğma İsi kəndinə gəlib.

Lakin öz adaşının aqibətindən söz açmadan Türkiyəyə qayıdarkən, sərhəddi keçən kimi yolda qəfildən dünyasını dəyişib.

Allah vətən həsrətilə qürbətdə dünyasını dəyişən bütün soydaşlarımıza rəhmət eləsin!



Nurəddin ƏDİLOĞLU

20 aprel 2018







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10