Bir itə görə bütöv xalqa hədyan yağdıranlarla qəhrəmanları eyniləşdirməyin
Allahı qəzəbləndirdiyinə görə Misir xalqına üz verən 10 bəlanı xatırlayırsınız? Unutmusunuzsa, “Bibliya”nı vərəqləyin, yada salın. Çünki düçar olduğumuz fəlakət qədim misirlilərin giriftarçılıqları ilə heç müqayisəyə gəlməz. Hesab edin ki, bu diyar üçün günəş söndü, dəniz qurudu, torpaq tamamən qısır oldu.
Soruşula bilər ki, bəs, nə olub, nə baş verib? Bilin və agah olun: Nahidə Babaşlı Azərbaycanı tərk etmək qərarına gəlib! Növbəti sualı proqnozlaşdırmaq üçün nə peyğəmbər, nə də falçı olmağa ehtiyac var – kimdir ki bu Babaşlı?..
Günahımı etiraf edim: bu günə qədər mən də bu adamın mövcudluğu barədə bixəbər idim. Sağ olsunlar informasiya saytları, bizi maarifləndirdilər. Sən demə, adam manıs imiş. Xəbər lentlərinə düşməsinin səbəbi isə qəlbinə vurulan sağalmaz yara, dərin sarsıntı, həyat eşqinin qeybə çəkilməsi üzündən Azərbaycanı tərk etmək qərarına gəlməsidir.
Acı tale adama qarşı necə qəddar ola bilərmiş, İlahi? Bu dərdə axı hansı insan dözər? Yaxşı ki, zamanında şəhər başbilənləri Qız Qalasının damını yüksək sədlə əhatə ediblər. Belə olmasaydı, Babaşlı 100 faiz özünü ordan gumbultu ilə atacaqdı aşağı. Həqiqətən də, itini maşın vurub öldürən bir bəşər övladı daha bu fani dünyada niyə mövcudluğunu sürdürsün ki? İt getdi, həyat getdi...
Yəqin ki, siz də bu 25 yaşlı gəncin başına gələn faciənin “böyüklüyünü” anladınız. Tanımasanız belə, vücudu və daxili aləmi barədə səthi də olsa təsəvvür yaranır. Və itə görə doğma yurdundan üz döndərib gedən bəndəyə də ağıla gələn deyiləsi ilk sözlər “get, dalınca da qara daş” ifadəsidir. Əslində biz də bunu deyib kifayətlənərdik. Əgər Babaşlı şəxsi sosial şəbəkə hesabında həddini aşmasaydı.
“Qəza Bakıda oldu, maşın vurdu və qaçdı. Hələ də hadisənin şokundayam. Bilet aldım, bir neçə saat sonra bu ölkədən gedirəm. Ümidim bir də qayıtmamaqdır. Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də başınıza çırpın”, - deyə itinə yas tutan gənc yazıb.
Əvvəla qeyd etmək lazımdır ki, belə ünsürlərin bu torpaqdan ayağını üzməsi özü-özlüyündə bu xalq və məmləkət üçün olduqca müsbət haldır. Hesab edək ki, antivirus proqramı bir virusu tapıb zərərsizləşdirdi.
İkincisi isə gənc bir azərbaycanlıdan vətəninə, xalqına qarşı fışqıran nifrətin bu səviyyədə olması sadəcə şoka salır. Axı bir insan öz soykökünə bu qədərmi düşmən kəsilər? Ümumiyyətlə, heç bir hal, heç bir hadisə, heç bir haqsızlıq bu qəbildən olan davranışlara və ifadələrə bəraət qazandıra bilməz. Lakin düşünəndə ki, prosesin təməlində it var... Yəni it insanın vətənindən küsməyi üçün kifayət imiş!?
Rusların gözəl bir misalı var, mənası təqribən belədir: “hər ailədə bir kifir olur”. Biz də bu misalı əsas götürüb Babaşlını bütöv Azərbaycan ailəsinin kifiri kimi dəyərləndirə bilərdik. Ancaq zənnimizcə, bu, olduqca bəsit və səthi yanaşma olardı. Əslində düşünməli çox mətləblər var.
Məsələn, Zərdabda dünyaya göz açan qızı kim, necə və hansı mühitdə tərbiyələndirməliydi ki, yekunda o, belə bir monstra çevrilsin? Yaxud belə bir sual: bu adamı yuxarı başa çəkən, TV-lərə dəvət edən, cəmiyyətdə tanıdan (belə olmasaydı, atdığı sarsaq addım və yazdığı hədyanlar bu dərəcədə diqqət cəlb etməzdi) şəxslər məsuliyyətlərini ümumiyyətlə dərk edirlər? Adamın mənəviyyat səviyyəsini, düşüncə dərəcəsini təsəvvür edirsiniz?
Daxildə yalnız bir küçük var imiş, o da yoxa çıxdıqdan sonra heç nə qalmayıb. Heç nə! Belə başıpozuq ünsürləri kimə nümunə kimi təqdim edirlər və hansı məqsədlə?
Biz qətiyyən bir halı əsas götürüb ümumiləşdirmək istəməzdik. Amma ona da əminik ki, Babaşlı təfəkkürünə malik Azərbaycanda kifayət qədər gənc var. Allaha şükürlər olsun ki, 44 günlük müharibə zamanı bu xalq onların ümidinə qalmadı. Yəni ailədə kifir yox, kifirlər var, sadəcə üzə çıxmaları üçün hər birinin daxilindəki küçük ölməlidir. Müharibə demişkən...
Bu yaxınlarda Bakıda rusiyalı blogerlə görüşmək üçün (əslində isə havayı ayfon sevdası ilə) Bakının ticarət mərkəzlərinin birinə toplaşan və az qala biri-birini tapdalayan cavanlara irad bildirəndə bəziləri “Qarabağı da bu gənclər azad etdilər” kimi əks-arqumentlər səsləndirdilər. İndi də Babaşlıya bəraət qazandıranlar ola bilər. Amma...
Həqiqətən, Qarabağı gənc nəsil azad etdi. Lakin onları bir ayfona görə ləyaqətini ayaq altına atanlarla, bir itə görə vətənini satanlarla eyni tərəzinin gözünə necə qoymaq olar? Onlar vətənlərinə ən şirin neməti – canlarını fəda edən qəhrəmanlardır. Lütfən, heç olmasa, bu dəfə bir itə görə bütöv xalqa şıllaq atan qudurğanla qəhrəmanları eyniləşdirməyin. Şəhidlərin ruhları bizə qənim olar, qazilərin ahları bizi tutar!
Müəllif: Polad Xudayarlı