Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusun yeməyindənsə öz əməyimiz – Ucuz və keyfiyyətli


Azərbaycanda uşaq qidalarının istehsalına başlamaq zamanıdır: övladlarımızı öz qidalarımızla böyüdək

Hazır uşaq qidası həmişə valideynlərə lazım olur. Bəzi hallarda süd qarışıqlarının alınması dünyaya yeni uşaq gətirmiş valideynlər üçün zərurət ola bilər. Tamamlayıcı qidalar (tərəvəz püresi, meyvə, ət, dənli bitkilər, süd məhsulları) 4-6 aylıq yaşdan tətbiq olunmağa başlayır.

Burada anaların seçimi var - özünüz bişirə və ya satın ala bilərsiniz. İndi çoxları vaxta qənaət etmək üçün ikinci variantı seçirlər. Düzdür, bir neçə il əvvəl keyfiyyətsiz uşaq qidası ilə bağlı qalmaqal yaşanmışdı. Ancaq xoşbəxtlikdən, uzun müddətdir ki, belə hallar yoxdur və bu kateqoriyadan gətirilən məhsullara diqqətlə nəzarət olunur.
Ümumiyyətlə, uşaq qidalarının istehsalına ən yüksək tələblər qoyulur və onlar ciddi norma və qaydalara riayət edilməklə - yüksək keyfiyyətli xammaldan, konservantlar olmadan və s. hazırlanmalıdır. Amma ucuz deyil və son vaxtlar bu məhsulun qiyməti daha da artıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələnin araşdırılacağını bildirib. Son ay yarım ərzində bu məhsulların maya dəyəri təxminən iki dəfə artıb. Bu barədə həm valideynlər, həm də satıcılar danışırlar.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov açıqlamasında xatırladıb ki, Azərbaycanda körpə və azyaşlı uşaqların qidalanması ilə bağlı qanun var: “Hazırda mağaza və apteklərin piştaxtalarında əsksəriyyəti idxal məhsulu olduğu halda, biz bu növ məhsulun öz istehsalımızı inkişaf etdirməliyik. Bu, lazımi diqqət yetirilməli olan çox incə bir məqamdır”.

“Ölkəmizə uşaq qidaları bir çox ölkələrdən, o cümlədən hazırda Ukrayna ilə hərbi münaqişə vəziyyətində olan Rusiyadan gəlir. Təbii ki, qonşu ölkələrdə baş verən hadisələr qiymətlərə artıq təsir edir və bundan sonra da təsir edəcək. Biz qiymət artımını proqnozlaşdıra bilərik”, - deyə AİB sədri bildirib.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin (DİAM) rəhbəri Nəriman Ağayev şərhində Moskvada 200-dən çox süd mətbəxinin olduğunu deyib. Qeyd edək ki, süd mətbəxi uşaqlar, hamilə və uşağını əmizdirən qadınlar üçün məhsulların xüsusi paylanması nöqtəsidir. Bu cür məhsullar klinikalarda və xəstəxanalarda verilir.
Adına baxmayaraq, belə məhsulların siyahısına yalnız süd məhsulları deyil, həm də pürelər, şirələr, sıyıqlar daxildir. Bənzər bir təcrübə SSRİ-də də var idi. Bu cür ərzaq yardımı üç yaşınadək uşağı olan aztəminatlı ailələr üçün xüsusilə aktualdır, lakin təəssüf ki, ölkəmizdə belə bir şey yoxdur.

“Azərbaycanda uşaq qidalarının istehsalına gəlincə, arzu olunarsa, onu təşkil etmək o qədər də çətin deyil. Yerli xammal var, logistik xərclər aşağı olmalıdır. Bu seqmentdə bir neçə oyunçu varsa, onlar arasında rəqabət başlayacaq. Bu, keyfiyyətin yaxşılaşdırılmasına və münasib qiymətlərin müəyyən edilməsinə töhfə verməlidir”, - deyə Ağayev söyləyib.

Onun sözlərinə görə, xaricdən gətirilən uşaq qidaları bahalaşmaqda davam edəcək: “Biz istehsalımızı inkişaf etdirməliyik ki, idxaldan asılı olmayaq. Ən yaxşı standartlar sovet standartlarıdır və onları rəhbər tutmaq lazımdır. Amma bu məsələdə beynəlxalq təcrübəni də öyrənmək lazımdır”.

“Binaların təmizliyi, işçilərə olan tələblər, xammalın keyfiyyəti (ekoloji cəhətdən təmiz olmalıdır) - bütün bunlar uşaq qidası istehsalında yüksək səviyyədə olmalıdır. Ciddi nəzarət olmalıdır. Bütün bu məqamlar həll olunarsa, biz 1 yaşdan 3 yaşa qədər uşaqlarımızı yüksək keyfiyyətli məhsullarla, eyni zamanda sərfəli qiymətlərlə təmin edə bilərik”, - deyə DİAM rəhbəri vurğulayıb.

Bununla belə, qeyd edib ki, sahibkarların bu işə maraq göstərməsi üçün aşağı faizli, uzunmüddətli kreditlər lazımdır: “Bizə xaricilərlə birgə müəssisələr yaratmağa nə mane olur? Onlar bizə lazımi lisenziyaları və sertifikatları, lazım gələrsə, texnologiyanı, həmçinin xammalın bəzi komponentlərini verəcəklər. Bizdə çoxlu meyvə-tərəvəz var, ona görə də ümumilikdə xammal qıtlığı olmayacaq. Hesab edirəm ki, ilk növbədə Abşeronda istehsal yaradılmalıdır, xammal isə rayonlardan təmin olunacaq. Məsələn, Qubadan alma, Lənkərandan kivi, Beyləqandan süd. Bu gün Azərbaycan 15 milyon insanı ərzaqla təmin etmək iqtidarındadır. Və təbii ki, ölkədə yaşayan uşaqları lazımi ərzaqla təmin edə bilərik”.

Müəllif: Elya Belskaya, ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10