Oradan manat da, dollar da, rubl da oğurlayarlar
Bu gün, aprelin 23-də Masallı rayonunun Bədəlan Ərazi Vahidinin Aşurlu kəndindəki məsciddə oğurluq olub.
Bədəlan Ərazi vahidinin nümayəndəsi Loğman müəllimdən aldığımız məlumata görə Rusiyada yaşayan Aşurlu kənd sakinləri kənd qəbiristanlığının yaxınlığında qədim qəbiristanlıqda abadlıq işləri aparmaq-hasar çəkmək, işıq lampaları asmaq, yola çınqıl döşəmək və sair işlər üçün kənd məscidinə bir neçə min manat pul yollayıblar. Bu pulun bir qismi həmin abadlıq işlərinə sərf edilib. Qalan məbləğ isə kənd icmasının evində saxlanılıb, daha sonra daha etibarlı sayılaraq kənd məscidindəki seyfə qoyulub.
Hadisə baş verən gün məscidin yaxınlığında il mərasimi olub. Möminlər demək olar ki, hamısı həmin hüzr məclisində olub. Bundan istifadə edən oğrular əldəqayırma dəmir kassanı sındıraraq onun içindəki pulları oğurlayıblar. Möminlər məscidə qayıdanda seyfi sındırılmış görüblər.
Ehtimal olunur ki, məscidi nəzarətsiz görən bir neçə yeniyetmə “qəza namazı” adı ilə məscidə girib və pulları oğurlayıb. Bunu görənlər olub və bu barədə polis işçilərinə məlumat veriblər. Hazırda araşdırma aparılır.
Oğurlanmış məbləğ haqqında fərqli məlumatlar dolaşır. 6 min manat deyən də, 10 min manat deyən də var.
Ərazi nümayəndəsinin bildirdiyinə görə isə, dəqiq bilinməsə də ehtimal olunur ki, oğurlanan məbləğin 2300-ü manat, 1310-u dollar və 16000-i rubl olub.
Elçin