Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiyadakı “kabus radio”nun sirri: casus şəbəkəsi, yoxsa məhşərin xəbərçisi?


Kimin idarə etdiyi bilinmir, siqnal və şifrləri anlaşılmır...

Rusiyada, Sankt Peterburqdan o qədər də uzaq olmayan bir yerdə, hasarlanmış bataqlıq ərazidə dəmirdən bir qapı var. Paslanmış dəmir barmaqlıqların arxasında radio qüllələri, tərk edilmiş binalar və daş divarla çevrələnmiş elektrik xətləri görünür. Bu məkan, kökü soyuq müharibə illərinə dayanan bir sirri özündə saxlayır… 

Buranın, kimin idarə etdiyi bilinməyən MDZhB radiosunun mərkəzi olduğu ehtimal edilir. Buradan hər gün 24 saat ərzində monoton, donuq bir səs yayımlanır. 
Ruslar özləri ona “jujjalka”, qalan dünya isə ingiliscə “buzzer” (zummer) deyir. Bu radio bizim bildiyimiz radio deyil, hansısa verilişlər səsləndirmir, sadəcə, dəqiqədə orta hesabla 25 eyni siqnal ötürür. Niyə, nə üçün, bilinmir. Yalnız ehtimallar irəli sürülür.

Radionun yayıma nə vaxt başlaması da dəqiq bilinmir. Əsasən 1970-ci illər deyilir. İki ötürücüsünün olduğu ehtimal edilir, biri Leninqrad, digəri isə Moskva vilayətində. Amma dünyanın istənilən nöqtəsində radionuzu 4625 kHs tezlikdə saxlayıb, onun səsini eşidə bilərsiniz.
2010-cu ilə qədər UVB-76 adı ilə tanınan radio ətrafındakı bu müəmma onu mütəmadi dinləyən həvəskarların yaranmasına səbəb olub. Hazırda radio hər biri 1,2 saniyə davam edən və aralarında 1-1,3 saniyə interval olan siqnallar ötürür. İntervalın uzunluğundan asılı olaraq, dəqiqə ərzində verilən siqnalların sayı 21-dən 34-ə qədər dəyişə bilir. Əvvəllər siqnalın uzunluğunun daha az, məsələn, 0,8 saniyə olması məlumdur.

Radio 2010-cu ilin sentyabrından 2015-ci ilin dekabrına kimi MDJB, 2019-cu ilin martına kimi JUOZ, 2020-ci ilin dekabrına kimi ANVF, hazırda isə NJTİ çağırış adlarından istifadə edir. Bəzən başqa adlardan da istifadə olunur, məsələn VJTsX (ВЖЦХ) kimi. 
Bəzən siqnal kəsilir və qısa mətn səsləndirən canlı insan səsi eşidilir. Əvvəllər belə səslər arasında aylarla, bəzən də illərlə fasilə olardı, 2020-cu ildən isə daha tez-tez eşidilir. Bu da radionu dinləyənlərin sayının artmasına səbəb olub. Axı fasiləsiz monoton siqnal eşitməkdənsə bir neçə gündən bir olsa da, arada insan səsi eşitmək daha maraqlıdır və radionun təyinatı barədə fikir yürütmək üçün qida verir. 
Radioda belə mətnlər səsləndirilib: 
“UVB-76, UVB-76. 93882 NAİMİNA 74 14 35 74. 9 3 8 8 2 Nikolay, Anna, İvan, Mixail, İvan, Nikolay, Anna. 7 4 1 4 3 5 7 4” (23 avqust 2010-cu il).
“VJTsX VJTsX 10269 KEDROKEKS 99 57 53 14” (17 iyun 2020-ci il).
“ANVF ANVF 61 691 KOLOMER 92 80 07 74” (3 avqust 2020-ci il).
Bəzən də normal danışıq səsləri gəlir. Güman olunur ki, bu səslər mikrofonun təsadüfən açıq olmasına görə eşidilir.
“Mən -143. Generator almıram… aparatdan belə iş gedir” (3 noyabr 2001)
“Debüt” rabitə qovşağının növbətçisi praporşik Uspenskaya. Nadejdadan yoxlama siqnalı aldım… …anladım” (11 noyabr 2010)
Radio bəzən də haker hücumlarına məruz qalır. 2017-ci il dekabrın 24-də efirdə rus dilində rep səsləndi.

Sözləri aydın eşidilməyən repin Wellni adlı ukraynalı repçinin mahnısı olduğu ehtimal edilir. Musiqi bitəndən müəyyən müddət sonra efirdə bir neçə dəfə “Slava Ukraine!” şüarı səsləndi. Bu yaxınlarda isə, 2022-ci ilin yanvarında efirdə ABŞ himni və “Gangnam Style” da daxil olmaqla bir neçə mahnı səsləndirildi. 
Rusiya daha iki, amma az məşhur olan radiostansiya var, onlara da dinləyicilər çıxardıqları səsə uyğun olaraq “Pişşalka” və “Cırıldayan təkər” adı veriblər. 
*** 

“Jujjalka”nın təyinatı müzakirə, mübahisə və müxtəlif qəsd nəzəriyyələrinin mövzusudur. Əlbəttə, belə halda ilk ağla gələn radionun xarici ölkələrdə fəaliyyət göstərən casuslarla əlaqə üçün yaradılmasıdır. 
Belə radiostansiyalar müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə olub. Nümunə kimi Britaniyanın “Lincolnshire Poacher” (Linkolnşirli brakonyer) radiosunu göstərmək olar. Onun da yeri, yayıma başlama tarixi dəqiq bilinmirdi. 1970-ci illərin ortalarından Kiprdən fəaliyyət göstərməsi ehtimal edilir. 
Burada hər saatın əvvəlində “Lincolnshire Poacher” adlı ingilis xalq mahnısından bir parçanı dalbadal 12 dəfə səsləndirirdilər, daha sonra isə süni qadın səsi ilə beş rəqəmdən ibarət mətnlər (məsələn, 3-3-7-1-7) oxunurdu. Radio son dəfə 2008-ci il iyunun 29-da efirə çıxıb. 
Amma “Jujjalka”nın kəşfiyyata işləməsi versiyası ilə bağlı ortaya bəzi cavabsız suallar çıxır. Burada ötürülən mətnlərin azlığı kəşfiyyat üçün yetərli deyil. Üstəlik, onların səslənməsinin sabit vaxtı yoxdur. Doğrudur, məlumat siqnallarla da ötürülə bilər, amma mütəxəssislər, məsələn, London şəhər universitetinin elektron kəşfiyyat üzrə eksperti Devid Stapplz iddia edir ki, siqnalların heç bir məlumat yükü yoxdur.

Başqa bir versiya isə hələ sovet dövründən mövcud olan “Perimetr”  sistemi ilə bağlıdır. Bu sistem, Rusiyaya nüvə zərbəsi endirildiyi halda dəyən xəsarətə baxmayaraq, təminatlı cavab zərbəsi üçün hazırlanıb. BBC-nin 2017-ci ildə hazırladığı materialda belə bir ehtimal səsləndirilir ki, “Jujjalka”nın siqnalının kəsilməsi nüvə zərbəsi endirmək üçün işarə olacaq. Yəni qarşı tərəfin zərbəsi nəticəsində Rusiyanın dövlət rəhbərliyi hər hansı səbəbdən cavab zərbəsi əmrini verə bilməsə, siqnalın kəsilməsi bu funksiyanı yerinə yetirəcək. 

Nəhayət, daha bir versiyaya görə, radiostansiyanın hazırkı təyinatı sadəcə müəyyən bir qısadalğalı, dünyanın hər yerində eşidilən tezliyi məşğul etmək və gələcəkdə fövqəladə vəziyyət yarandığı halda yararlanmağa hazır vəziyyətdə saxlamaqdır. Versiyalardan hansının (və ya heç ağla gəlməyən başqa versiyanın) doğru olması isə məlum deyil. Rusiya rəsmiləri bu barədə heç vaxt açıqlama vermirlər…





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10