Tədbirdə çıxışı edən Zahir Əmənov qeyd etdi ki, jurnalın kağız variantı ilə yanaşı, elektron - PDF variantı da yayılsa, dünyanın hər yerindən yazarlarımızın yaradıcılığı ilə tanış ola bilərlər. Zahir Əmənov həm də qeyd etdi ki, jurnalın PDF variantını rəhbərlik etdiyi cenub.az saytının “Tariximiz elektron nəşrlərdə” bölümündə yerləşdirib paylaşmağa hazırdır.
23 aprel 2022-ci il tarixdə AYB Lənkəran Bölməsində bölmənin orqanı olan "Şəfəq" jurnalının yeni 1-2 (2022) sayının təqdimat mərasimi oldu. Bölgənin 40-a yaxın yazarlarının iştirak etdiyi tədbiri bölmənin sədri yazıçı Qafar Cəfərli açaraq jurnalın ərsəyə gəlməsində görülən işlərdən, qarşıya çıxan problem və çətinliklərdən danışıb,həmçinin müəllifləri jurnalın çıxması münasibətilə təbrik etdi.
Ötən nömrədə çıxan əsərlərə ekspert kimi rəy bildirən yazıçı Hafiz Mirzə jurnalda şeir və hekayələri dərc olunan müəlliflərin yaradıcılığına münasibət bildirdi və bəzi tənqidi qeydlərini də dedi.
Tədbirdə bölgənin müxtəlif rayonlarından gələn şair və yazıçıların çıxışları oldu. Lerik rayonundan şair Xanlar Həmid, Mükafat Yaqub, Nəriman Tolışi, Masallıdan Arif Fərzəli, Allahverdi Bayrami, Əlizaman Baxış, Məmməd Əvəzoğlu, Astaradan İlham İlhami, Nəriman Azəri, Lənkərandan Səyavuş Süleymanlı, Xanəhməd Nahid, Ziyafət Yəhya, Mirmusa Məftun, Eldar Tahirov, Salman Məmmədoğlu, Tükəzban Cahangirova, İldırım Şükürzadə, Əməkdar məşqçi İdrak Dadaşov, Qobustandan gəlmiş Qorxmaz Kamil Kadusi, gənc yazarlardan Müşfiq Cəbi, Gülnaz Nağızadə, Əyyub Türkay, Eldar İlqaroğlu, Samid Nuriyev və başqaları çıxış edərək jurnalın yeni sayının çapdan çıxması münasibətilə tədbir iştirakçılarını və müəllifləri təbrik etdilər, bölmə rəhbərliyinə, jurnalın ərsəyə gəlməsində zəhməti olan redaksiya heyətinə minnətdarlıqlarını bildirdilər. Jurnalda dərc olunan yazıların bədii keyfiyyətlərindən söz açıb şeirlərindən oxudular.
Tədbirdə iştirak edən “cenub.az” saytının rəhbəri jurnalist Zahir Əmənov AYB-nin Lənkəran Bölməsinin bölgəmizin ədəbi mühitində göstərdiyi fəaliyyəti müsbət qiymətləndirməklə yanaşı işin müasir səviyyədə təşkili ilə bağlı bəzi mülahizələrini bildirdi. O, çıxışında qeyd etdi ki, jurnalın kağız variantı ilə yanaşı, elektron PDF variantı da yayılsa, dünyanın hər yerindən yazarlarımızın yaradıcılığı ilə tanış ola bilərlər. Zahir Əmənov həm də qeyd etdi ki, jurnalın PDF variantını rəhbərlik etdiyi cenub.az saytının “Tariximiz Elektron nəşrlərdə” bölümündə yerləşdirib paylaşmağa hazırdır.
Tədbirin sonunda bölmənin sədri Q.Cəfərli jurnalın növbəti sayı üçün yeni yazıların qəbulu ilə bağlı elan verib məclisi yekunlaşdırdı.
Sonda xatirə şəkilləri çəkildi.
Cenub.az. Əlizaman Baxış