Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünya Azərbaycanlılarının gözü Şuşada - tarixdə bir ilk: Zəfər Qurultayı


Mədəniyyət paytaxtımızda İlham Əliyevdən möhtəşəm çıxış, Ermənistana və havadarlarına mühüm mesajlar, sərt xəbərdarlıqlar: “Ermənistan ərazi bütövlüyümüzü tanımasa...”

Aprelin 22-də Azərbaycanın mirvarisi, Mədəniyyət Paytaxtımız Şuşa şəhərində növbəti tarixi hadisə baş verdi. Belə ki, cümə günü Dünya Azərbaycanlılarının V Qurultayı işə başladı və Azərbaycan Prezidenti tarixdə ilk dəfə Azərbaycan diasporunun təmsilçiləri ilə Şuşada görüşdü, onların qarşısında nitq söylədi.

Rəsmi məlumata görə, Şuşada iki gün ərzində keçiriləcək tarixi Zəfər Qurultayına dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsi qatılıb. Şuşanın erməni vandalları tərəfindən dağıdılmış tarixi binalarının qarşısında quraşdırılmış tribunadan həm dünya azərbaycanlılarına, həm ermənilərə, həm də illər boyunca işğalı stimullaşdıran və bu gün də havadarlıq etməkdən çəkinməyən qüvvələrə, paytaxtlara olduqca önəmli mesajlar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda geniş nitq söyləyib.

Dövlət başçısı əvvəlcə qurultay iştirakçılarını səmimiyyətlə salamlayıb, “Şuşaya, Qarabağa xoş gəlmisiniz!” deyib. Daha sonra Vətən uğrunda canından keçmiş, qəhrəmancasına həlak olmuş əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
Prezident deyib ki, biz şəhidlərimizin qanını döyüş meydanında aldıq, qisasımızı düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəlli verir: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır”.

Ölkə rəhbəri bildirib: “Qarabağ münaqişəsinin həll edilməsi prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”.

Ölkə başçısı daha sonra deyib ki, dəfələrlə, o cümlədən birinci Qurultaydan sonra keçirilmiş Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən heç vaxt bu işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyimizi deyib: “Ancaq həqiqətən mən istəyirdim ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə yolu ilə yox. Çünki hesab edirdim ki, sülh yolu ilə bu məsələnin həlli mümkündür. Beynəlxalq hüququn norma və prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi”.

Dövlət başçısı vasitəçilərdən də danışıb: “Əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksəkvəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır. 2019-cu ildə isə qrupun fəaliyyəti demək olar ki, dayanmışdır. Bunun da səbəbi Ermənistanın yeni rəhbərliyinin çox qəribə davranışı olmuşdur. Çünki Ermənistanın yeni rəhbərliyi 2018-ci ildə hakimiyyətə gələndə həm Minsk qrupunda, həm, - onu da açıq deməliyəm, - bizdə də bəzi ümidlər var idi ki, indi kriminal xunta rejim artıq devrildi və hakimiyyətə gələn yeni nəsil siyasətçilər reallığı dərk edəcəklər, anlayacaqlar ki, Azərbaycanla mübarizə aparmaq, müharibə aparmaq onların iqtidarında deyil”.

Prezident bildirib ki, münaqişəyə son qoyan Azərbaycan əsgəri olub, qəhrəman Azərbaycan əsgəri: “Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Şuşa Zəfərindən sonra faktiki olaraq Ermənistan cəmi bir gün dirəniş, - əgər buna dirəniş demək mümkündürsə, - göstərməyə cəhd etmişdir və noyabrın 9-da artıq kapitulyasiya aktını imzalamağa hazır olduğunu bildirmişdir”.

Dövlət başçısı daha sonra deyib: “Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək. Əgər bu şəhər ermənilərə mənsub olsaydı, bu günə qoyardılarmı bunu? Burada cəmi 1800 adam yaşayırdı. Özü də onların 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Burada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər”.

Sözünə davam edən Prezident deyib: “Bizim dinc şəhərlərimizi müharibə dövründə ballistik raketlərlə atəşə tutmaq, insanları məhv etmək faşizm deyil, bəs nədir? ”Tocka-U", “SCUD”, “İskəndər-M” raketi ilə Şuşa vurulmuşdur. Qar əriyəndən sonra Şuşada, şəhərin mərkəzində “İskəndər-M” raketinin qalıqları aşkarlanmışdır və bir daha biz sübut etdik ki, Ermənistan bu ölümcül silahdan, qadağan edilmiş silahdan və onlarda heç cür olmayan silahdan istifadə edib. Buna inanmayanlar gəlib Hərbi Qənimətlər Parkında “İskəndər-M” raketinin qalıqlarını görə bilərlər".

Prezident vurğulayıb ki, biz faşizmi məhv etdik, Cənubi Qafqazı faşizmdən xilas etdik. “Biz gücümüzü artırmışıq. İl yarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. İndi bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və əgər erməni faşizmi bir daha baş qaldırarsa, biz onu hər an əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”, - dövlət başçısı xəbərdarlıq edib.

İlham  Əliyev sülh müqaviləsindən də bəhs edib: “Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana və imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Azərbaycan lideri aparıcı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını artıq qəbul etdiklərini söyləyib: “BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı”.

Prezident tarixi torpaqlarımızda erməni dövlətinin yaradılmasından da bəhs edib: “1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra -1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə bu muxtar vilayəti orada yox, burada yaradıblar. Bunu yaradıblar və eyni zamanda, qədim Azərbaycan şəhərini - Şuşanı da onun tərkibinə salıblar, bir məqsədlə ki, Şuşa erməniləşsin. Çünki Şuşa tək bir qala kimi qalmışdı və yaxşı bilirsiniz ki, Şuşaya bütün yollar ermənilərin məskunlaşdığı yerlərdən keçirdi, ərazilərdən keçirdi. Yəni, Şuşaya gəlmək üçün mütləq ermənilərin yaşadıqları kəndlərdən keçmək lazım idi. İndi biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər, zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə. Yəni, bu da təxribat idi. Yəni, Şuşanı bizdən qoparmaq üçün, erməniləşdirmək üçün Şuşanı da saldılar bu süni qurumun tərkibinə. Amma alınmadı, nə qədər çalışsalar da, alınmadı. Şuşa öz milli ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər”.

Prezident deyib ki, ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi.

Ölkə başçısı diaspor nümayəndələri qarısında duran vəzifələri də xatırladıb: “Sizin - xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”.

Prezident deyib: “Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir. Əlbəttə, biz hamımız - Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. İndi bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq. Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar ilk növbədə Azərbaycan dilini bilməlidirlər. Burada əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidirlər”.

Prezident İlham Əliyev çıxışını “Qarabağ Azərbaycandır” sözləri ilə bitirib və ayaq üstə, sürəkli alqışlayan Qurultay iştirakçıları dövlət başçısının səsinə səs veriblər.
Daha sonra Qurultay digər iştirakçıların çıxışları ilə öz işini davam etdirib.

Şuşada Zəfər Qurultayının keçirilməsi yüksək qiymətləndirilir.

“Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsinin rəmzi mənası var. Ulu öndər birinci qurultay keçirilərkən demişdi ki, gün gələcək biz bu qurultayı Şuşa şəhərində keçirəcəyik. Bu gün də hasil oldu”.
Hikmət Hacıyev: "Ermənistanın bütün təxribatlarının cavabı veriləcək" -  VİDEO » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı
Hikmət Hacıyev
Prezidentin köməkçisi Hikmət Hacıyev bunu “Diaspora TV”-yə açıqlamasında bildirib. H.Hacıyev deyib ki, dünya azərbaycanlılarının qurultayının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Bununla qarşımızda böyük bir strateji xətt qoydu. Bu gün Şuşada qurultayın keçirilməsi bilavasitə möhtərəm prezidentin tapşırığı və iştirakı ilə keçirilir. 44 günlük Vətən müharibəsində bizim diaspora fəallarımızın oynadığı rol, diaspora təşkilatının sıx birləşməsi, yaşadıqları ölkələrə Azərbaycan arasında əlaqələrin qurulması çox böyük əhəmiyyət kəsib edir. Prezident tərəfindən geniş, konseptual əsaslı çıxış təqdim olundu. Qarşımızda yeni tapşırıqlar qoyuldu”- deyə H.Hacıyev əlavə edib.
Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Arzu Nağıyev

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Şuşa ili”ndə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsinin çox böyük siyasi əhəmiyyəti var:
“İlk növbədə qurultay dünya azərbaycanlılarının mütəşəkkil şəkildə fəaliyyətinin daha da güclənməsinə əhəmiyyətli töhfə verəcək. Məlumdur ki, tədbirdə 65 ölkədən 400-ə yaxın Azərbaycan diasporunun nümayəndəsi iştirak edir və bütün qitələri əhatə edir və istər Amerikada, istər Rusiyada, istərsə də Avropada və digər dövlətlərdə gələcəkdə hər bir ölkədə diasporun fəaliyyətini müəyyən edəcək mühüm qərarlar qəbul ediləcəyinə bir zəmin yaradır. Eyni zamanda iki gün davam edəcək Qurultay son illər yüksək mütəşəkkillik və birlik nümayiş etdirən, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynayan Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun ilk böyük toplantısıdır”.

Millət vəkili dövlət başçısının çıxışındakı önəmli məsələlərdən də bəhs etdi: “Cənab Prezient İlham Əliyevin çıxışında bir daha qeyd olundu ki, azərbaycanlıların taleyi öz əllərindədir, bunun üçün daha da mütəşəkkil olmaq, deklorativ bəyanatlar verərək heç bir iş görməyən bəzi beynəlxalq qurumların vasitəçiliyinə ehtiyac qalmadan məsələlər həll ediləcək. Yəni özünü iflic vəziyyətinə salan Minsk Qrupu və onu yenidən regiona qaytarmağa cəhd edən ilk növbədə Ermənistan və onun havadarları ciddi nəticələr çıxarmalıdırlar və bütün dünya aəzrbaycanlılarının da bu məsələlərdə həmrəy və dəstək olmaları çox vacibdir”.

Beləcə, Şuşa möhtəşəm mərasimə ev sahibliyi edir. Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçən ilin 15 iyununda Şuşada imzalanmış Şuşa Bəyannaməsi qədər önəmli əhəmiyyətə  malikdir.

Əlavə edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür. Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir. İnşallah, çox keçməz, Türk xalqlarının qurultayı, Türk dövlətlərinin ali tədbirləri də Şuşa qalamızda baş tutar!..

P.S. Qurultay bu gün öz işini davam etdirəcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10