Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi icra etdiyi "Qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə əhalinin maarifləndirilməsi" layihəsi çərçivəsində Lənkəran şəhərində 16 aprel 2022-ci il tarixlərindən başlanan 3 günlük təlim proqramı yekunlaşıb.
Tədbirin ilk günü İB-in sədri və layihə rəhbəri İntiqam Səfərov iştirakçılara layihəni maliyyələşdirən QHT Agentliyi, təmsil etdiyi təşkilat, layihə çərçivəsində təşkil edilən "Qohum nikahlarının genetik fəsadları" mövzusunda təlim proqramı və təlimdən sonra iştirakçıların mövzu barədə təbliğat işlərinin təşkili haqqında məlumat verib. Layihənin mühasibi Vamiq Babayev isə digər texniki-təşkilati məsələlər barədə iştirakçıları məlumatlandırıb. Tədbirdə LDU nəzdində Sosial-Aqrar Texnoloji Kollecinin əməkdaşı Cəmil Quliyev iştirak edərək layihə haqqında fikirlərini bildirib və hazırkı layihə mövzusunun hazırda cəmiyyətimiz üçün aktual olduğunu qeyd edib.
Təlim proqramı müddətində Sosial ekspert, "Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası ictimai birliyinin sədri və layihə üzrə təlimçi Afiq Məlikov “Nikah və nikah hüququ anlayışı”, “Qohum nikahlarının coğrafiyası və statistikası”, “Genetik xəstəliklərin əsas səbəbləri”, "Qohum nikahlarının doğurduğu sosial problemlər", "Milli mənəvi dəyərlər və adət-ənənələr" və digər mövzularda fikirlərini iştirakçılarla bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbirdə ekspert qismində iştirak edən "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzin psixoloqu Fərrux Əliyev "Qohum nikahlarının psixoloji-fizioloji fəsadları, psixoloji dəstək konsepsiyası" və digər mövzularda fikirlərini iştirakçılarla bölüşüb.
Təlim müddətində nəzəri məlumatlarla yanaşı qrup işləri və rol oyunları təşkil edilib və interaktiv formada fəaliyyətlər icra edilib. Yekunda təlim proqramını tam başa vuran bütün iştirakçılara sertifikatlar təqdim edilib. Məlumat üçün bildiririk ki, təlimdə iştirak edən gənclər "Qohum nikahlarının fəsadları" mövzusundə müxtəlif auditoriyalarda məlumatlandırma işləri aparacaq və layihə çərçivəsində hazırlanan müvafiq bukletlər paylayacaqlar.
Təlim proqramında təşkilatın əvvəlcədən elan etdiyi onlayn müraciət forması əsasında layihədə hədəf kimi seçilmiş əsasən Lənkəran, Astara, Masallı, Lerik və qismən digər rayonlardan müəyyən edilən ümumilikdə 20 gənc iştirak edib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd ictimaiyyət arasında qohum evliyinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərini həyata keçirtməklə belə evliliklərdən yarana biləcək xəstəliklərin qarşısının alınmasına nail olmaq və sağlam gəncliyin formalaşmasına töhfə verməkdir.
Cenub.az