Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Ölümdən öncə ölməyi yalnız seçilmiş insanlar bacarırlar..."


"...Sağlığında axirətə hazırlaşan, özünü sorğu-suala çəkib əməllərini nizama salan insan ölüm gəlmədən ölmüş sayılır..." 
 
“Ölmədən əvvəl ölün,” – buyurulur.[1] İnsan özünün aciz, dünyanın aldadıcı, axirətin isə çox yaxın olduğunu ancaq öləndə anlayır. Bu kəlam bizi ölmədən əvvəl ölümü düşünüb, dərk edib əməllərimizi düzəltməyə, günahlardan uzaqlaşıb daha çox savab qazanmağa çağırır. Sözün əsl mənasında, ölümdən öncə ölməyi ancaq seçilmiş insanlar bacarırlar. Bu əmri dinləyən, qavrayan insan dünyanı müsafirxana, vücudunu isə bir əmanət bilər. Ruhunu və qəlbini maddi dünya bataqlığında batırıb bada verməz.
 
 Dünya həyatının sona çatması ilə yeni həyat başlayır. Orada bu ömrün, bu canın, bu nemətlərin hesabı soruşulacaq. Ona görə də sağlığında axirətə hazırlaşan, özünü sorğu-suala çəkib əməllərini nizama salan insan ölüm gəlmədən ölmüş sayılır. Ölümün gəlişi ilə digər orqanlarla yanaşı, göz və dil də alınır. İnsan orada artıq oxumaq və danışmaq nemətlərindən məhrum olur. Bunları düşünərək axirətdə faydalı olanları burada öyrənən insan, demək ki, ölmədən əvvəl ölməyi bacarmışdır. Ölən insan üçün dünyada nə tərifin, nə də qınağın bir faydası var. Sağlığında belə fikirlərinə əhəmiyyət verməyən, Haqq yolda qınayanın qınağından qorxmayan “var-dövlətə sevinməyib, yoxsulluğa üzülməyən” insan da ölmədən əvvəl ölmüş sayılır.
 
İnsan ölümlə Haqqa dönür. Ölmədən əvvəl ölənlər elə bu dünyada Haqqa dönər, Onun yolunu tutar, ilahi əmrlərdən kənara çıxmaz, Allahın mərhəmətinə pənah aparar, qəzəbindən qorxarlar. Bu bəxtiyar insanlar axirətdə də alnıaçıq, üzüağ Allaha qovuşar və ilahi ehsanlarla qarşılanar.
 
Ölümlə cüzi iradənin ömrü də sona çatır. Elə isə ölmədən öncə ölənlər nəfsani arzularını tərk etməyi bacarıb Allahın küllü iradəsinə tabe olarlar. Nəfsləri üçün bir şey istəməzlər. Halal çərçivəsindən kənara çıxmaz və əcəl özünü yetirmədən ölməyin zövqünü hiss edərlər.
 
Allah qorxusundan tez-tez huşunu itirən Rabi ibn Heysəm qəlbinin qatılaşdığını hiss edən kimi birbaşa qəbiristanlığa üz tutar və bir müddət orada qalıb ağlayar, “bu siz, bu da biz…” deyərdi. Sonra bütün gecəni qəbiristanlıqda əhya edər, səhər açılanda da özünü qəbirdən dirilmiş kimi hiss edərdi. Ölmədən əvvəl ölməyi bacarmaq, həqiqətən, böyük bir lütf və səadətdir. Bunu bacaranlar ölümü sağ ikən yaşamış, hesabı bu dünyada vermiş və gözəl bir qul kimi Haqqa yürümüş sayılırlar.
 
Əcluni, Kəşfül-xafa, II, 384, Töhfətül-ahvəzi, VI, 515. (İbn Həcər bu kəlam haqda “Sabitdir”, yəni doğruluğu isbat olunmuşdur, Aliyyul-Qari isə “Sufilərin sözlərindən biridir” deyir. Mənası: Əcəl yetişmədən əvvəl nəfsani istəkləri tərk etməklə iradi şəkildə ölün, yəni nəfsinizi öldürün.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10