Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

KİV rəhbərləri Zahir Əmənovla bağlı nazir Vilayət Eyvazova müraciət edib


Bir sıra jurnalist təşkilatları və kütləvi informasiya vasitələrinin rəhbərləri “Cenub.az” regional xəbər saytının redaktoru Zahir Əmənovun saxlanılması ilə əlaqədar Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova müraciət ediblər.

Onlar nazirdən istintaq müddətində jurnalisti həbs etməməyi xahiş edirlər.

“Aprelin 13-də Masallı rayonunda polis “Cenub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovu saxlayıb. O, günorta redaksiyanın ofisində saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, Əmənov Masallı rayonu Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. Guya Əmənov onu gözdən salacaq materialın dərcilə şantaj edib və 1500 manat pul alarkən cinayət başında yaxalanıb. Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 maddəsilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb”, – media cameəsi nümayəndələrinin müraciətində deyilir.

Müəlliflər ittihamların səhihliyinə şübhə edirlər. “Biz uzun illərdir ki, Zair Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun kimdənsə pul tələb etdiyinə inanmırıq”, – müraciət müəllifləri qeyd edirlər və obyektiv araşdırmanın aparacağına ümid edirlər.

“Əmənovun regional jurnalistikanın inkişafında böyük rolunu, yaşını nəzərə alaraq, istintaq müddətində həbsdə saxlanılmamasını xahiş edirik”, – müraciətin sonunda deyilir.

Sənədi “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” nəşrinin baş redaktoru Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Pressklub” TV kanalının direktoru Qulu Məhərrəmli, xural.com saytının baş redaktoru Əvəz Zeynallı imzalayıblar. (Turan)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10