Kiyev vilayətinin polis rəisi: "Qadını oğlunun ölümü ilə hədələyərək zorlayıblar”
Ruslar Kiyev ətrafındakı ərazilərdən geri çəkilib, lakin arxalarında sağalmayan, dərin yaralı həyatlar qoyublar.
Bu fikirlər BBC-nin Rusiya əsgərlərinin təcavüzünə məruz qalmış qadınlarla bağlı reportajındandır.
Reportajda deyilənlər ilk mənbələrdən dinlənilib və ukraynalı qadınların Rusiya ordusu əsgərləri tərəfindən zorlanmasına dair sübutlar var.
Məqalədə cinsi zorakılığın qrafik təsvirləri yer alır. Həssas, əsəbi zəif olan insanlara oxumaq məsləhət görülmür.
50 yaşlı Anna (ad şərtidir) Kiyevdən 70 km qərbdəki kiçik, sakit kəndlərdən birində yaşayır. Onların kəndinə rus əsgərləri martın 7-də girib. Həmin gün o və əri evdə olublar. Bu zaman əcnəbi əsgər içəri daxil olub.
O, Annanı silah gücünə yaxınlıqdakı digər evə aparıb. Daha sonra ona "paltarını çıxar, yoxsa səni güllələyəcəm” əmri verib: "Dediyini etməsəydim, məni öldürəcəkdi. Həmin gün mən təcavüzə məruz qaldım”.
Anna ona təcavüz edən əsgəri belə xatırlayır: O, Rusiya ilə müttəfiq çeçen döyüşçüydü. Gənc və arıq idi: "Məni zorlayarkən içəriyə daha 4 əsgər girdi. Əvvəlcə düşündüm ki, vəssəlam, işim bitdi. Amma onlar həmin döyüşçünü götürüb, apardılar. Onu bir daha görmədim”.
Anna rus əsgərlərinin başqa bir bölümü tərəfindən xilas edildiyinə inanır: "Sonra evə qayıtdım. Ərimi evdə yaralı vəziyyətdə tapdım. Qarnından güllə yarası almışdı. Dediyinə görə, onu məni xilas etmək üçün arxamca qaçanda vurublar”.
Anna döyüşlər səbəbindən onu xəstəxanaya apara bilməyib. Nəticədə o, 2 gün sonra aldığı xəsarətlərdən həyatını itirib: "Qonşularla bərabər onu evimizin həyətyanı sahəsində dəfn etdik”.
Anna müsahibənin əvvəlindən sonunadək ağlaya-ağlaya danışıb.
Deyir ki, yerli xəstəxana ilə əlaqə saxlayır və psixoloji dəstək alır. Hazırda isə qonşunun evinə sığınıb: "Məni həmin təcavüzkardan xilas edən əsgərlər isə bir neçə gün bizim evdə qaldılar. Gedəndən sonra mən evdən narkotik və viaqra (red: penisdə sərtləşmə və ereksiyanı təmin etmək üçün kişilər tərəfindən istifadə edilən həb) tapdım. Müşahidə edirdik, çox vaxt sərxoş olurdular. Məncə, əksəriyyəti qatil, təcavüzkar və talançıdır. Aralarında çox az normal insan vardı”.
Kənddə 40 yaşlarında daha bir qadının Annaya təcavüz edən döyüşçü tərəfindən zorlanaraq öldürüldüyü hekayəsi dolaşır.
Qonşuların dediyinə görə, qadını evindən çıxarıb sakinləri evakuasiya edilmiş yaxınlıqdakı boş evə aparıblar. Günlərlə evin yataq otağında saxlanılıb. Elə həmin evin çarpayısında öldürülüb.
Qonşu deyir ki, otağın küncündəki güzgüdə dodaq boyası ilə yazılmış qeyd var: "Naməlum şəxslər tərəfindən işgəncə edilib, rus əsgərləri tərəfindən dəfn edilib”, – qeydə yazılıb.
Qonşuluqda yaşayan Oksana isə rus əsgərlərinin qadını evin bağçasında dəfn etdiklərini bildirir: "Əsgərlər mənə qadının təcavüzə məruz qaldığını, boğazı kəsilərək və ya bıçaqlanaraq öldürüldüyünü söylədilər. Ölüm səbəbi qanaxma olub”.
BBC əməkdaşlarının kəndə getdiyi günün səhərisi polis işi araşdırmaq üçün qadının cəsədini eksqumasiya edib. Deyilənə görə, cəsəd paltarsız, boynu kəsilmiş vəziyyətdə olub.
Kiyev vilayətinin polis rəisi Andrey Nebytov şəhərdən 50 km qərbdə yerləşən kənddə araşdırdıqları başqa bir işdən də danışıb.
O bildirib ki, kəndin kənarındakı bir evdə üç nəfərdən ibarət ailə yaşayırmış. Otuz yaşlarındakı cütlük və onların azyaşlı uşağı.
Martın 9-da Rusiya ordusunun bir neçə əsgəri evə daxil olub. Bu zaman arvadını və uşağını qorumağa çalışan əri güllələyiblər: "Bundan sonra iki əsgər qadını dəfələrlə zorlayıb. Gedib, sonra yenidən qayıdırmışlar. Düz 3 dəfə geri qayıdıblar. Hədələyiblər ki, müqavimət göstərsə, oğluna zərər verəcəklər. Qadın da uşağını qorumaq üçün susub”.
Polis rəisi deyir ki, əsgərlər gedəndə onların yaşadıqları evi yandırıblar. Azmış kimi itlərini güllələyiblər. Qadın oğlu ilə birlikdə qaça bilib. O, polisə müraciət edib.
Nebytov deyir ki, onun komandası qadınla görüşüb və ifadəsini qeydə alıb: "Biz ailənin evindən sübutlar toplayırıq. Düzdür, evdən geriyə çox şey qalmayıb. Yanmış xarabalıqlarda əvvəlki dinc, adi həyatın bir neçə əlaməti var. Uşaq velosipedi, dolma at oyuncağı, it xaltası və kişi xəz astarlı qış ayaqqabısı…”.
Qadının ərini qonşular bağçada basdırıb. Hazırda polis onun meyitini ekspertiza üçün çıxarıb. Onlar işi beynəlxalq məhkəmələrə verməyi planlaşdırırlar.
Ukraynanın insan haqları üzrə ombudsmanı Lyudmyla Denisova deyir ki, əllərində buna oxşar bir neçə hal var. Onlar həmin işlərin hamısını sənədləşdiriblər: "Sənədləşdirilən işlərdən biri də Buçada qeydə alınıb. Bir evin zirzəmisində 14-24 yaş arası 25-ə yaxın qız və qadın daimi zorlanıb. Onlardan 9-u hamilədir. Qızlarla söhbət zamanı dedilər ki, Rusiya əsgərləri onlara ukraynalı uşaq sahibi olmalarının qarşısını alacaqlarını bildiriblər. Bunun üçün onları heç bir kişi ilə cinsi əlaqəyə girə bilməyəcək qədər zorlayacaqlarını deyiblər”.
Ombudsman bildirib ki, onlara həmçinin çoxsaylı yardım zəngləri də edilib.
"Telegram” mesajlaşma proqramından mesajlar göndəriblər.
"25 yaşlı qadın bizə zəng edərək 16 yaşlı bacısının küçədə onun gözü qarşısında zorlandığını bildirib. O, əsgərlərin bacısına təcavüz edərkən "bu, hər nasist fahişəsinin başına gələcək” deyə qışqırdıqlarını söyləyib”, – xanım Denisova bildirib.
İşğal zamanı rus qoşunlarının törətdiyi cinsi cinayətlərin miqyasını qiymətləndirməyin mümkün olub-olmadığına gəlincə, Denisova bildirib ki, hazırda bu, mümkün deyil: "Çünki hamı başına gələnləri açıq danışmaq istəmir. Xeyli qadın hazırda psixoloji dəstək istəyib. Onlar bizə ifadə verməsələr, biz onları cinayət kimi qeydə ala bilməyəcəyik”.
Xanım Denisova həmçinin deyib ki, Ukrayna Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Vladimir Putini zorlama da daxil olmaqla, müharibə cinayətləri iddialarına görə şəxsən mühakimə etmək üçün xüsusi tribunal yaradılmasını istəyir.
"Mən Putindən soruşmaq istəyirəm: Bu, niyə baş verdi?”, – deyə təcavüzə məruz qaldığını deyən Anna soruşur.
"Başa düşmürəm. Biz daş dövründə yaşamırıq, niyə danışıqlar apara bilmədilər? Niyə işğal edib, insanları öldürüb, onlara işgəncə verib, təcavüz etdilər?” – deyə o qeyd edir.