“Azərbaycanda qiyməti bahalaşmayan məhsul və xidmət yoxdur”.
Bunu açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
Son bir neçə ayda həqiqətən bütün məhsulların qiymətlərində bahalaşma müşahidə olunur. Vahid Məhərrəmov bunun izahını verib:
“Benzin, elektrik enerjisi, su və kənd təsərrüfatı məhsullarının qiymətində il boyu artım müşahidə olunub. Bu, xidmət sahəsinə də sirayət edib. Məsələn, bərbərxanada əvvəl xidmət haqqı 5 manat idisə, indi 7 manat olub. Yəni xidmət haqqı 40% artıb. Sahibkar ximətinin qiymətini bahalaşdırmalıdır, ya yox? Əlbəttə, bahalaşdırmalıdır. Onun xərci artırsa, bunu nəyin hesabına kompensasiya etməlidir? Axı dövlət ona əlavə vəsait ödəmir”.
Ekspertin sözlərinə görə, Avropa ölkələrində bahalaşan ərzaq məhsullarının qiymətini həm dövlət kompensasiya edir, həm də bələdiyyə.
"Bəs Azərbaycanda vətəndaş nə etməlidir? Çalışmalıdır ki, əmək haqqısı artsın.
Əgər kəndlinin xərci artırsa, deməli, məhsulunun qiymətini artıracaq. Kəndli başqa nə etməlidir? Qiyməti artırmalıdır ki, xərcini kompensasiya etsin.
Hər bir işləyən azərbaycanlı orta hesabla aldığı əmək haqqısının 50 %-ini ərzaq üçün xərcləyir. Aşağı əmək haqqı alan isə 70-80%-ini. Üstəlik işığa, qaza ödənişlər var. Dərmana da çox pul xərclənir. Azərbaycanda elə məhsul və xidmət yoxdur ki, bahalaşmasın”.
V. Məhərrəmov qeyd edib ki, Azərbaycanda bahalaşma inhisarçılıqla bağlıdır:
“Ötən ildən başlayaraq hər gün qiymət artır. Sabah da artacaq. Azərbaycanın ərzaqlara tələbatının 50 faizi idxaldan asılıdır. Şəkərin 96, bitki yağının 95-96, 60-buğdanın 70 və çayın 95 faizi idxaldan asılıdır. Süd, ət, kərə yağının da idxalı artır.
Kartof İranda 60-70 qəpikdir, Azərbaycanda 1 manat 20 qəpik, Türkiyə 50 qəpik. Onlar istehsaldan 33 ton, Azərbaycan 17 ton əldə edir. Gürcüstanda adambaşına 2 dəfə çox istehsal edildiyi üçün orada kartof ucuzdur. Azərbaycanda istehsal aşağı düşdüyünə görə inhisarçılar bundan faydalanmağa çalışırlar”.
Nəzrin Vahid