Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xruşov “Tu”-nun konstruktorunu ABŞ-a niyə aparıb? – Rəhbərin şübhəsi, Tupolyevin əminliyi


1959-cu ildə uzaq məsafələrin qət edilməsi üçün nəzərdə tutulan yeni “Tu-114” qitələrarası sərnişin təyyarəsinin istismara buraxılması sovet aviasiya tarixində vacib hadisələrdən biri olub. 19 may 1959-cu ildə “Tu-114” Moskva-Xabarovsk-Moskva marşrutu ilə ilk sınaq uçuşunu keçirib. Bu reysdə yalnız aviasiya mütəxəssisləri iştirak ediblər.

Nikita Xruşov öz xatirələrində “T-114”-ün ilk sərnişini olduğunu qeyd edib. Əslində Xruşоvdan əvvəl 1959-cu ilin yayında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Frol Kozlovun rəhbərliyi ilə sovet nümayəndə heyəti bu təyyarə ilə Nyu-Yorka uçub və həmin şəhərdə keçirilən elm, texnika, mədəniyyət sərgisində SSRİ-ni təmsil edib. Məhz bu tədbir zamanı Frol Kozlovun vasitəsi ilə Nikita Xruşov ABŞ-a rəsmi səfərə dəvət olunub.

Sovet liderinin ABŞ-a səfərinə tərəflər ciddi hazırlıq işləri görüblər. Hətta ABŞ-ın SSRİ-dəki səfirliyinin nümayəndələri Moskvadan Vaşinqtona olan 7821 kilometrlik məsafəni qət etmək üçün Xruşova Amerika təyyarəsi də təklif ediblər. Bu təklif sovet liderini qıcıqlandırıb və səfər öncəsi o, amerikalı diplomatları acılayıb:

- Siz neçə vaxtdır SSRİ-də fəaliyyət göstərirsiniz. Biz sizə burada işləmək üçün lazımi şərait yaratmışıq. Bütün qapıları üzünüzə açmışıq. Amma buna baxmayaraq, sizin SSRİ-nin texniki nailiyyətlərindən xabəriniz yoxdur. Bəlkə də var, özünüzü görməzliyə qoyursunuz. Bizim “Tu-114”-ün birbaşa Vaşinqtona uçmaq imkanı var, hətta biz ABŞ-ın üzərindən Kubaya da uça bilərik.

Xruşov amerikalı diplomatlara bir fikirlə iki məsələni anladıb, güclü texnika və Kuba məsələsini.
Səfərdən əvvəl Xruşova məlumat verilib ki, “Tu-114” sınaq uşuçlarını tam keçirməyib. Yəni, Xabarovska və Nyu-Yorka uçmasına baxmayaraq müəyyən olunmuş sınaq kilometrlərini qət etməyib. Narahatlıq və şübhələri aradan qaldırmaq üçün “Tu”ların yaradıcısı Andrey Tupolyev Xruşovun kabinetinə dəvət olunub. Xruşov birbaşa mətləbə keçib:
- Biz Vaşinqtona uça biləcəyik?
- Əlbəttə, Nikita Sergeyeviç.
- Mənə verilən məlumata görə, təyyarə tam uçuş sınağını keçməyib.
- Qət edilən məsafələr sınaq üçün yetərlidir. Mən buna mütəxəssis kimi əminəm.

Xruşov bir neçə dəqiqə düşündükdən sonra qəraraını verib:

- Mən də əmin olmaq üçün sizi də həmin təyyarəyə əyləşdirəcəm. Gedin, hazırlaşın, bizimlə birgə Amerikaya uçacaqsınız.

Tupolyev bu görüşdən çıxdıqdan sonra “Pravda” qəzetinin redaksiyasına yollanıb. Konstruktor qəzetin baş redaktoru Pavel Satyukovla görüşərək gəlişinin məqsədini açıqlayıb:

- Pavel Alekseyeviç, mənim sizdən bir xahişim olacaq. “Tu-114” haqqında qəzetdə bir yazı dərc olunmağını istəyirəm. Hələ də bəziləri bu təyyarənin nəyə qadir olduğunu anlamırlar.

Baş redaktor onun xahişini yerinə yetirib. Səhərisi gün qəzetin müxbiri yazı hazırlamaq üçün aerodroma yollanıb. Tupolyev jurnalisti “Tu-114”-ün önündə qarşılayıb:

- İstədiyinizi yaza bilərsiniz. Amma qəzetdə bu təyyarənin qarşısında mənim şəklimi dərc edin, altından bu sözləri yazın: ““Tu-114”-lə dünyanın hər yerinə...”

Jurnalist təyyarə haqqında, onun texniki göstəricələri ilə bağlı geniş bir material hazırlayıb. “Pravda”nın müxbiri Tupolyevin xahişini də yerinə yetirib.

Beləliklə, Xruşov ABŞ-a “Tu-114”lə uçub. Havada olarkən stüardessalar məmurlar üçün kiçik qədəhlərə konyak süzəndə Tupolyev onların yanına keçib və soruşub:

- Konyakı süzəndə çətinlik çəkmirsiniz, konyak qədəhlərdə dalğalanmır?

Sualın məğzini anlamasalar da, stüardessalar konstruktorun cavabını veriblər:

- Xeyr, Andrey Nikolayeviç, sanki sakit bir səhrada işimizi görürük. Heç bir problem yoxdur.
Tupolyev cavabı gülümsəyərək qəbul edib:

- Bəlkə bu qədəhlərdən sonra Xruşov anlaya ki, “Tu-114”-də uçmaq nə deməkdir.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10