Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ hökumətinin Azərbaycandan istəyi nədir?


ABŞ Dövlət katibi Entoni Blinken Brüssel görüşündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində rəsmi Vaşinqtonun Bakıdan Rusiya ilə bağlı gözləntlərini açıqlayıb. Dövlət katibi vurğulayıb ki, ABŞ və tərəfdaşları Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəyə görə Rusiya və onun yardımçılarının məsuliyyətə cəlb olunması öhdəliyini davam etdirməlidirlər.

Xatırladaq ki, ABŞ rəsmiləri bugünədək dəfələrlə müxtəlif platformalarda Azərbaycanı tərəfdaş ölkə adlandırıblar. Belə olan halda, ABŞ-ın Rusiya ilə bağlı Azərbaycandan gözləntiləri nə ola bilər?

ABŞ-ın Azərbaycandakı səfirliyindən BBC radiosuna bildirilib ki, "Putinin müharibəsi" bütün ölkələrin təhlükəsizliyini və inkişafını sual altına salır. Açıqlamada qeyd olunur ki, Rusiyanın işğal siyasəti digər ölkələrin də suverenliyinə, ərazi bütövlüyünə, eləcə də insan haqları, enerji və qida təhlükəsizliyi kimi vacib sahələrə təhdid yaradır: "Biz bütün ölkələrin sanksiyalara əməl etməsini gözləyirik və Azərbaycanı da həm sözlərində, həm də əməllərində Ukraynanı dəstəkləməyə təşviq edirik. Azərbaycan hökumətinin və xalqının Ukraynaya humanitar yardım göndərməsi bizi ürəkdən sevindirir".

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov isə hesab edir ki, E.Blinkenin sözlərini sanksiyalara qoşulmağa çağırış kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, amerikalı diplomatın bu fikirləri ümumi xarakter daşıyır. Keçmiş nazir bildirib ki, indiki məqamda bu məsələdə Azərbaycanla ABŞ arasında siyasi baxımdan ciddi gərginliyin yaranacağı inandırıcı deyil: "Çünki Azərbaycan həm Ukrayna ilə, həm də Rusiya ilə ağıllı, uzunmüddətli strateji hədəflər qurub. Blinkenin dediklərini isə ümumi açıqlama kimi başa düşürəm. Çünki hazırda belə bir məsələ yoxdur ki, Azərbaycan Rusiyaya qarşı sanksiyaya qoşulsun, ya yox. Ümumiyyətlə, bununla bağlı indiki məqamda siyasi baxımdan ABŞ-la Azərbaycan arasında hər hansı problemin yaranacağına inanmıram".

Britaniyanın "Oxford" Universiteti və Robert "Bosch Academy"nin siyasi məsələlər üzrə elmi tədqiqatçısı Leyla Əliyeva isə Entoni Blinkenin İlham Əliyevə dediklərinin yalnız Rusiyaya qarşı sanksiya ilə əlaqələndirilməsini doğru saymır. Onun sözlərinə görə, bu yolla ABŞ həm də keçmiş sovet ölkələrinin Rusiyadan iqtisadi asılılığını azaltmaq istəyir. Bura həm də regiona təsir imkanının bərpa edilməsi daxildir.

"Blinkenin Prezident İlham Əliyevlə danışması, eləcə də Avropa İttifaqının Ermənistan və Azərbaycan liderləri arasında silsilə görüşlər təşkil etməyə maraq göstərməsi onu deməyə əsas verir ki, artıq Qərb də regionda öz mövqeyini bərpa etməyə çalışır. Onlar Cənubi Qafqazda mövcud olan dondurulmuş münaqişələrin, sadəcə Rusiyanın təsiri altında qalmasını istəmir" - Leyla Əliyeva deyib.

O əlavə edib ki, Gürcüstan və Azərbaycan hökumətlərinin Ukrayna məsələsində Rusiyaya qarşı sərt bəyanat verə bilməmələri də, görünür, Qərbin diqqətindən yayınmayıb. Leyla Əliyevanın fikrincə, Rusiyanın Ukraynada başının qarışmasından istifadə etməyə çalışan Qərb Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək istəyir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10