Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astara. “Hökumətin idarəsinə gedirsən, adamı dilənçi kimi qəbul edirlər”.


“Torpaq sürüşməsindən 17-18 gün keçir. Hələ ki, indiyə kimi heç nəyi  həll etməyiblər”.
Ötən ay intensiv yağan yağışlar nəticəsində baş verən torpaq sürüşmələri Astara rayonun Kijabə qəsəbəsində yaşayan Həmidovlar ailəsindən də yan keçməyib. Həmidovların yaşadıqları  ev torpaq sürüşməsi nəticəsində yararsız hala düşüb.  Evin arxa hissəsi tamamilə dağılıb. Ev dağ yamacında yerləşir. Yuxarıdan sürüşən torpaq lay-lay olub. Alənin başcısı Nəsir Həmidov baş verənlərlə bağlı bunları  deyir:
“9 il ildir ki, bir otaqda yaşayırdıq. Uşaqların sayı 4-ə çatıb. Bir otaqda yaşamaq mümkün deyildi. Ona bitişik bir otaq da tikirəm, yarımçıqdır. Təzə tikmək istədiyim otağın dayaqları torpaq sürüşməsi nəticəsində dağılıb, yararsız hala düşüb. Yaşadığımız otağın divarı ikiyə bölünüb. Orda yaşamaq mümkün deyil.  Burda torpaq sürüşməşi olmamışdı. Yağışlar yağdı, novruz bayramı günü torpaq üstümüzə gəldi. Bayramı da yaddan çıxartdıq.”
Nəsir Həmidov müvafiq orqanlara müraciət etdiyini, lakin  heç bir tədbir görmədiklərini dilə gətirir: 

“Qəsəbə icra nümayəndəsi burda baxış keçirdib. Rayon icra hakimiyyətinə getmişəm. Onlar da deyir ki, hara şikayət edirsiz gedin, edin. Belə olmaz. Dövlət var, hökumət var. İmkanım olsaydı, özüm tikərdim, küçələrə düşməzdim. Hökumətin idarəsinə gedirsən, adamı dilənçi kimi qəbul edirlər. Mən bu ölkənin vətəndaşıyam.”
O, işsizlikdən, imkansızlıqdan şikayət edir. Deyir ki, fəhləlikdən qazandıqları ancaq çörəyə çatır:

“Fəhləyəm. İş yoxdur. Özünüz də görürsünüz  ki, mənə məxsus olan torpaq da daş-kəsəkdir. Heç nə olmur. Hansı pulla ev tikim? Təkcə bir otağın divarını 7-8 ilə götürmüşəm, 5 min manat xərc qoyulub. Onun da damı yoxdur. Köməyə ehtiyacım var. Qohumlarım məndən kasıbdır. Bank da mənim kimilərə kredit vermir. Bəs hara gedim?”

Nəsir Həmidovun həyat yoldaşı  Gülbəniz Sədaqətova paltarlarını göstərir:
“Pis vəziyyətdəyik. Çimməyə, yaşamağa yerimiz yoxdur. Ev dağılıb. 4 uşağım var,  ikisi məktəblidir. Onları məktəbə göndərə bilmirəm. Əlimizdə pul yoxdur. Nə edəcəyimizi bilmirik. Gəldilər, baxdılar, dedilər ki, gedin özünüz öz probleminizi həll edin. İcra hakmiyyətində də olmuşam. Orda dedim ki, evim torpaq sürüşməsi nəticəsində dağılıb. Kömək edin. Etməsiz , Mehriban xanım Əliyevanın qəbuluna gedərəm. Mənə dedilər ki,”get sənin uşaqlarını Meriban xanım saxlasın”. Ordan ağlaya-ağlaya qayıtdım geri. Qaynımın evindən qalırıq, 6 nəfər bizik, 4 nəfər də onlar, hamısı bir otaqda. Əyər siz ağır vəziyyətə düşmüş ailəni qurtara bilmirsizsə nəyə lazımsız.”

Nəsir Həmidovun qonşusu Bağır Nəsirov torpaq sürüşməsi ilə bağlı yaranmış problemlərdən danışır: 
“Hamımız ziyana düşmüşük. Ən çox ziyan  qonşum Nəsirin evinə dəyib. Demək olar ki, ev dağılıb. Küçədə qalıblar. Yardıma ehtiyacları var. Təhlükə yenə qalır. Belə getsə, bizim də evimizi torpaq örtəcək. Sürüşmənin qarşısını almaq olar. Bəndlər vurulmalıdır ki, torpaq yuxarıdan evlərimizin üstünə gəlməsin.”

Yaxınlıqda yaşayan qardaşı Elçin Həmidov narazılığını gizlətmir:

“Heç olmasa müvəqqəti olaraq  yaşamaq üçün qardaşıma yer versinlər. Torpaq sürüşməsindən 17-18 gün keçir. Hələ ki, indiyə kimi heç nəyi  həll etməyiblər. Biz kasıblarıq, yerli məmurlar isə kasıbları eşitmək istəmirlər.”

Kijabə qəsəbə icra nümayəndəsi Sədail Qasımov Həmidovlar ailəsinin köməyə ehtiyac olduğunu deyir:

“Üç dəfə onların evində olmuşam. Astara rayon icra hakimiyyəti aparatına da məlumat vermişəm. İcra aparatından da gəlib baxıblar. Özləri də icra aparatında olublar. Həqiqətən də orda vəziyyət yaxşı deyil. Bir dəfə torpaq sürüşmüşdü, təhlükəsi keçdi. İkinci dəfə sürüşmə baş verdi, evlərə ziyan dəydi. Ona kömək lazımdır. Mən də maaşımdan kömək edərəm. “Get, Mehriban xanım uşaqlarını saxlasın” söhbəti olmayıb.  Mən orda olmamışam. Amma soruşmuşam.”

Astara Rayon İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Balacan Həbibov baş vermiş torpaq sürüşməsi ilə bağlı bunları bildirdi:

“Vətəndaş həm bizə, həm də Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Mütəxəssis dəvət etmişik. Vaxt aparır. Vətəndaş dağ yamacında  ev tikmək üçün meydan açıb. Yağışdan sonra torpaq aşağıya gəlib. İstinad divarı tikmək lazım idi. Belə yerlərdə ev tikərkən mütəxəssislə məsləhətləşmək lazımdır. Bunlar etməyiblər. Nümayəndəni yenə göndərərəm, yekun qərar çıxardarıq. Bundan əvvəl 11 hektarda torpaq sürüşməsi baş vermişdi, 18 ev təhlükəli vəziyyətə düşdü. Onlar qohumların evlərində məskunlaşıblar, həmin ailələr  üçün ev inşa ediləcək. Həmidovlar üçün də müvəqqəti yer müəyyənləşdirərik.”

Astara. Qoca. Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10