Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hitlerin ən gənc generalı sonradan SSRİ tərəfdarı olub – İspaniya Remeri AFR-ə verməyib


O, Vermaxtın ən cavan generallarından biri olub. 31 yaşı olanda Ernst Remerə general rütbəsini şəxsən Adolf Hitler özü təqdim edib. Remer hərbi nəzəriyyəni mükəmməl bilən, yüksək döyüş qabiliyyətinə malik olan bir hərbçi kimi tanınıb. Eyni zamanda o, fürerə qədərsiz sədaqəti ilə seçilib.

Remer 1912-ci ildə Almaniyanın Noybrandenburq şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Berlində ali hərbi təhsil alıb. 1933-cü ildə leytenant rütbəsi alan Remer 1939-cu ilə qədər 89-cu piyada alayında xidmət edib. II dünya müharibəsi başlananda o, Polşada hərbi əməliyyatlarda iştirak edərək ilk uğurlarını qazanıb. Daha sonra şərq istiqamətinə göndərilən gənc zabit daha böyük uğulara imza atıb.

Remer sovet qoşunlarının böyük itkilərə məruz qaldığı Xarkov döyüşlərində ayrı-ayrı 4 hərbi əməliyyata rəhbərlik edərək yüksək göstəricilər əldə edib. Məhz bu əməliyyatdan sonra Hitler fərqlənən zabitləri təltif edəndə onun haqqında yüksək fikirlər söyləyib:

“Ernst Remer Vermaxtın ən parlaq güzgüsüdür. Bu güzgü o qədər parlaqdır ki, sovet generallarının gözlərini qamaşdırır...”

1944-cü ilin mayın 1-də Hitler Remeri öz mühafizə alayına komandir təyin edib. Bu təyinatda Remerin Hitlerə sonsuz sədaqəti xüsusi rol oynayıb. Remer şəxsi heyət qarşısında çıxışlarında füreri elə təbliğ və təqdim edib ki, bütövlükdə Göbbelsin təbliğatçı komandası belə bunu bacarmayıb. Yüksək nitq qabiliyyətinə malik olan Remer eyni zamanda Vermaxtda Hitlerin bir nömrəli təbliğatçısı kimi də qəbul edilib.

1944-cü ilin iyul ayında Hitlerə qarşı sui-qəsdə cəhd ediləndə bu işin araşdırılması məhz Remerə həvalə edilib. O, qısa müddət ərzində füreri məhv etmək istəyənlərin həbsinə nail olub, əsas təşkilatçıları isə şəxsən özü güllələyib. Onun bu canfəşanlığı və təşəbbüskarlığı Hitlerin diqqətindən yayınmayıb və fürer Remeri general rütbəsi ilə mükafatlandırıb.

Müharibənin son günlərinə qədər Remer Almaniyanın qələbəsinə inanıb. Ən azı Almaniyaya sərf edəcək sülh müqaviləsinin imzalanacağını düşünüb. Hitlerin ömrünün son dəqiqələrinə qədər o, bunkeri tərk etməyib. Hətta Hitlerin intiharından sonra da Remer qaçmağa cəhd etməyib.

Ernst Remer 1945-ci ilin iyun ayında Britaniya qoşunları tərəfindən əsir götürülüb. İki il Britaniyanın həbs düşərgələrində saxlandıqdan sonra azadlığa buraxılıb.

Müharibədən sonra qatı hitlerçi olan Remerin siyasi baxışları tam dəyişib. SSRİ-ni özünə bir nömrəli düşmən sayan general mətbuatda bu ölkə haqqında müsbət fikirlərlə çıxış edib. O, qeyd edib ki, Almaniya SSRİ ilə münasibətlərə daha çox önəm verməlidir. Remer fikirlərini belə əsaslandırıb ki, SSRİ ilə müttəfiq olanların beynəlxalq müstəvidə mövqeyi daha güclü olacaq. O, qeyd edib ki, SSRİ-nin zəngin resursları, işləməyi bacaran, zəhməti sevən milyonlarla insanı var. General o cümlədən vurğulayıb ki, ABŞ-a bel bağlamaq hiyləyə keçmək kimi bir şeydir, okeanın o tayında yerləşən ölkədənsə, qonşuluqda olan SSRİ ilə dostluq Almaniya üçün daha məqbuldur. Remer bu fikirləri söyləyərkən AFR-i (Almaniya Federativ Respublikasını) nəzərdə tutub.

Sözsüz ki, generalın bu səpkidə çıxışları Almaniya rəsmilərinin ürəyincə olmayıb. Remeri buna görə ittiham da edə bilməyiblər. Amma gizli şəkildə ona qarşı təhdidlər başlanıb.

Həbs təhlükəsindən qurtulmaq üçün 1953-cü ildə Remer Almaniyanı tərk edib. O, uzun illər Misirdə hərbi müşavir kimi çalışıb.

1983-cü ildə Remerin “Almaniya azadlıq hərəkatının manifesti” kitabı işıq üzü görüb. Müəllif kitabda ABŞ-ın və İngəltərinin Avropa və bütövlükdə dünya üçün nə qədər böyük təhlükələr yaratdıqları məsələsinə toxunub. O, qeyd edib ki, nə vaxtsa bu təhlükələrlə üz-üzə qalmamaq üçün Almaniyanın bir çıxış yolu var; SSRİ ilə bütün sahələrdə sıx əməkdaşlıq etmək.

Bu kitabdan sonra Remer “Alman azadlığı hərəkatı” ( “Die Deutsche Freiheitsbewegung”) adlı təşkilat təsis edib. Yazdığı kitab və yaratdığı təşkilat generalın həyatı üçün yeni təhlükələr yaradıb. Remer məcburiyyət qarşısında qalaraq İspaniyaya mühacirət edib. Almaniya onu tələb edəndə İspaniya bu tələbi rədd edərək Remeri öz ölkəsinə təhvil verməyib.

İspaniyada yaşadığı illər ərzində Remerin daha bir neçə kitabı nəşr olunub. Onun jurnalistlərə verdiyi müsahibələr maraqla qarşılanmaqla yanaşı, Almaniya rəsmilərinin qıcığına və qəzəbinə səbəb olub. Almaniya daha bir neçə dəfə Remeri İspaniyadan almağa cəhd edib. Tanınmış hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar Almaniyanın bu cəhdinin qarşısını alıb.

Ernst Remer 1997-ci ildə, 85 yaşında İspaniyada vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10