Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Ekoturların təşkili üzrə bələdçilərin hazırlanması” layihəsi çərçivəsində Astara rayonunun Sım kəndində 2 aprel 2022-ci il tarixindən başlanan 3 günlük təlim-təcrübə proqramı yekunlaşıb.
Tədbirin ilk günü İB-in prezidenti və layihə rəhbəri Vamiq Babayev iştirakçılara layihəni maliyyələşdirən donor, təmsil etdiyi təşkilat, layihə və layihə çərçivəsində təşkil edilən təlim-təcrübə proqramı haqqında məlumat verib. Tədbirin 2-ci günündə Astara rayon İcra Hakimiyyətinin Pəlikəş kənd İnzibat Ərazi Dairəsi üzrə nümayəndəsi Xaqani Xalıqov iştirak edərək, belə bir tədbirin məhz Sım kəndində keçirilməsini yüksək qiymətləndirib və kəndin tarixi, mədəniyyəti və təbiəti haqqında iştirakçılara qısa məlumat verib.
Təlim-təcrübə proqramı müddətində İB-nin vitse-prezidenti və layihənin eksperti Rafət Şirəliyev “Ekoturizm fəaliyyəti üçün yaradılan imkanlar”, “Turizm sahəsində qanunvericilik”, “Ekoturizm sahəsində mövcud problemlər və inkişaf prespektivləri”, "Bələdçilik fəaliyyətinin karyera olaraq formalaşdırılması", "Marketinq", "Qiymətqoyma" və digər mövzularda fikirlərini iştirakçılarla bölüşüb. Daha sonra İB-nin idarə heyətinin üzvü, layihə üzrə təlimçi Samir Salayev “Turizmin növləri”, “Ekskursiyaların təsnifatı”, “Tur proqramın tərtib edilməsi”, “Ekskursiya rəhbərinin xüsusiyyətləri (sənəti, şəxsiyyəti, peşəkarlığı, nitqivə s.), "Ekskursiyaların aparılma texnikası" və s. mövzularda məlumatları iştirakçılara çatdırıb və müzakirələr aparıb.
Proqramın 3-cü günü təlim iştirakçıları Sım kəndinin ərazisindəki cığırlarla hərəkət edərək bir çox tarixi abidələrə, Sım şəlaləsinə səfər edib, kəndin flora və faunası haqqında məlumat alıb və kənddə fəaliyyət göstərən dəmirçi emalatxanası ilə tanış olublar. Yekunda təlim iştirakçıları ilə ekskursiya proqramının müzakirəsi aparaılıb, təlimin nəticələri təhlil edilib və təlim-təcrübə proqramını tam başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.
Təlim-təcrübə proqramında təşkilatın əvvəlcədən elan etdiyi onlayn müraciət forması əsasında müəyyən edilmiş ölkənin 15 regionunu (Bakı, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Gəncə, Şəki, Quba, Xaçmaz, Şuşa, Zəngilan, Göyçay, Ağstafa) təmsil edən ümumilikdə 22 gənc iştirak edir.
Qeyd edək ki, layihənin məqsədi ölkəmizin ekoturizm imkanlarını turistlər, eyni zamanda yerli əhali arasında təbliğ və təşviq etmək üçün hazırlıqlı və bacarıqlı bələdçilərin fəaliyyətini stimullaşdırmaqdır.
"Şəfəq" Ekoturizm İB-nin mətbuat xidməti