Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran. Bir qrup həkimin Xəstəxananın direktorundan şikayəti və direktorun onlara cavabı


Şikayətçilər:-Lənkərandakı  Ailə Sağlamlıq Mərkəzi hazırda yalnız ölən xəstələrin arayışlarını yazmaqla məşğuldur. 

Lənkəran Şəhər Ailə Sağlamlıq Mərkəzinin bur qrup həkimi ölkə başçısı İlham Əliyev cənablarına şikayət məktubu ünvanlayıb.

Ailə həkimiləri Hakim Kərimov, Fərasət Səmədov, Cavid Xəlilov, Ehtiramə Əhmədova, Şəbnəm Əliyeva, Aysel Məmmədova, Nərmin Sadiqzadə, Dilşad Tağıyeva və Sona Hüseynova ölkə başçısına ünvanlandığı məktubda bildirirlər ki, Təbib və İcbari Tibbi Sığorta Agentliyinin Lənkəran şəhəri Ailə Sağlamlıq Mərkəzinin həkimləri rəhbərlik tərəfindən bir sıra haqsızlıqlara məruz qalıb.

1. Biz, yuxarıda imza edənlər, Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsində sahə həkimi işləyən şəxslər  2020-ci ildə Mərkəzi Xəstəxananın poliklinika şöbəsindən 4 km uzaqlıqda, qapısında xəstə gəlişi üçün normal maşın yolu,  heç bir laborator, instrumental müayinələr üçün imkanı olmayan, şəraitsiz, (susuz, istiliksiz) bir müəssisəyə köçürülərək Rayon Mərkəzi Xəstəxanasından uzaqlaşdırılmışıq. 

2. Bir otaqda 3 həkim, 6 tibb bacısı olaraq yerləşdirildiyimiz bu müəssisədə həkim olaraq bütün səlahiyyətlərimiz əlimizdən alınıb. 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İcbari Tibbi Sığorta üzrə Xidmətlər zərfindəki 10 yanvar 2020-ci ilə aid ən son qərarı ilə ailə həkimlərinin səlahiyyətləri haqqında qanun Lənkəran səhiyyəsində hal-hazırda heç bir əhəmiyyət kəsb etmir və icra edilmir. 

4. Lənkəran səhiyyəsi hal-hazırda bir- iki vəzifəli şəxsin qoyduğu qanunlarla idarə olunur. 

5. Bir ali savadlı, hər 5 ildən bir sertifikasiya imtahanı verən həkimlər kimi bu qanunsuzluqlara son qoyulmasını və burada ki, özbaşınalıqların araşdırılmasını xahiş edirik.

6. Ailə Sağlamlıq Mərkəzi hazırda yalnız ölən xəstələrin arayışlarını yazmaqla məşğuldur. 

Belə ki, ölən insanların anketləri, hansı səbəbdən öldükləri barədə bütün məlumatlar RMX-nın poliklinika şöbəsində saxlandığı halda, bu anketlər bizə verilmədən, qanunsuz olaraq bizi ölüm haqda arayışı yazmağa məcbur edilirik. 

7. İcbari Tibbi Sığorta qaydalarına görə ailə həkiminin göndərişi ilə xəstələr pulsuz müayinə və müalicə edilməlidir. 

Hal-hazırda heç bir xəstə deyə bilməz ki, Lənkəranda İTS-in xidmətlər zərfindən pulsuz yararlanıb. 

8. Ailə həkimi olaraq bizim vəzifələrimizin alınması ilə bağlı müraciət etdikdə isə müdiriyyət tərəfindən heç bir rəsmi sənəd təqdim olunmur. 
Öncə poliklinika şöbəsinin müdiri Zaur Axundov “Sizin səlahiyyətləriniz alındı” dedikdə,  bunun hansı qərara görə edildiyini soruşduqda, o bizə bunun Taleh Məmmədov tərəfindən qərar verildiyini açıqladı. 

9. Həkim olaraq hüquqlarımızı tələb etmək üçün Taleh Məmmədova müraciət etdikdə, o,  bu barədə məlumatının olmadığını söylədi.

 “ASM –inin işləri ilə mən məşğul olmuram” deyərək, bizi başqa bir Məmmədova - Malik Məmmədova yönləndirdi.

Malik Məmmədov isə hələ təzə olduğunu və bu haqda heç bir məlumatının olmadığını söyləyərək,  bizi 3-cü, Məmmədova, Baş həkim Əbülfət Məmmədova istiqamətləndirdi. 

Əbülfət doktor da öz növbəsində bu haqda məlumatsız olduğunu söyləyərək, bizi ciddi qəbul etmədi. 
Beləliklə, üç Məmmədovun arasında var-gəl etməklə, bu cür məsuliyyətsiz qərarlarının kimin tərəfindən verildiyi hələ də məlum deyil.  

10. COVİD 19 dövründə karantin xəstəxanalarında gecə gündüz çalışan, peyvəndləmə prosesində yaxından iştirak edən, COVİD-li xəstələrin müalicəsində, onlara dərman çatdırılmasında iştirak edən həkimlər kimi səlahiyyətlərimizin bərpasını tələb edirik.

 11. Biz, ailə həkimlərimiz təhkim olunan hər xəstə üçün nəzərdə tutulan 16 AZN illik həvəsləndirici bonuslar kimin cibinə gedir, bilmək istəyirik? Mingəçevir, Yevlax, Quba rayonlarında icra edilən qanunların  Lənkəranda da işləməsini arzulayırıq.

Direktor Ağabala Kəlbiyevin cavabı

Biz deyilənlərin həqiqət olduğunu dəqiqləşdirmək üçün Lənkəran rayon MX-nin publik hüquqi şəxsi, direktoru, tibb üzrə fəlsəfə direktoru Ağabala Kəlbiyevlə əlaqə saxladıq.

Ağabala müəllim bildirdi ki, bu şikayətçilərin  dedikləri həqiqətə uyğun deyil. Belə ki, adını çəkdiyiniz şəxslər uzun müddət  Lənkəran MX-nin poliklinikasında çalışıb. Onlardan 4 nəfərinin yaşı 65-i keçsə də, xidmətlərini nəzərə alıb müqavilə ilə vəzifələrində saxlamışıq.
Onlar əgər poliklinikada ayda 408 manat əmək haqqı alırdılarsa, hazırda Ailə Sağlamlıq Mərkəzində az qala bundan 2 dəfə çox 700 manatdan artıq əmək haqqı alacaqlar.

16 manat bonus söhbəti də dəqiq deyil. Birincisi, il hələ başa çatmayıb. İkincisi, bilinməlidir hansı xəstə şəxsən həmin həkimin müalicəsini seçir və o da həmin həkimin xidmətindən faydalanıb. Və həmin həkimdən müalicə alan xəstələrin sayına uyğun həmin həkimə ilin sonunda bonus verilir.

Şəhər Ailə Sağlamlıq Mərkəzi heç də Mərkəzi Xəstəxanadan 4 kilometrlik məsafədə yox, şəhərin tam  mərkəzində, Lənkəran Dram Teatrının yaxınlığındakı binada yerləşir. Hər bir lənkəranlı da bilir ki, bu binalar arasında məsafə nə qədərdir. Həmin binanı qızdırmaq üçün kombi sistemi qurulub, digər xırda kəm-kəsirlər də yaxın vaxtda aradan qaldırılacaq.

 Şikayətçilər narazılıq edir ki, hal-hazırda heç bir xəstə deyə bilməz ki, Lənkəranda İcbari Tibbi Sığortanın  xidmətlər zərfindən pulsuz yararlanıb. 

Bu fikir tam ədalətsizdir. Belə ki, hər ay Lənkəran Xəstəxanasının göndərişi ilə 100-120 xəstəyə pulsuz ürək əməliyyatları,  stend qoydurmaq üçün paytaxt xəstəxanalarına göndəriş verilir. Belə əməliyyatlar üçün ayrılan vəsait isə 2 mindən 10-minə qədərdir.  Hər gün rayon üzrə 600-700 xəstəyə  ambulator xidmət göstərilir. Və bütün bu işlər tam pulsuzdur. Yəni, xəstəxanaya müraciət edən şəxs öncə müvafiq qaydalarla tanış edilir, ona imza atdırılır ki, bütün xidmətlərin pulsuz olduğu barədə bilgilərlərlə tanış oldum.

İstisna deyil ki, ortada dəllallar da var və kiminsə adından pul alır. Biz, belələri barədə müvafiq orqanlara şikayət etmişik.

Sadəcə bu şəxslər, çikayətçilər yeni qaydaları ilə çalışmağa səy etmir, əvvəlki iş yerlərindəki “dədə-baba” qaydalarından əl çəkmək istəmir, səhiyyə sahəsindəki islahatları həzi etmək onlara ağır gəlir.

Unutmayaq ki, bu sistem ölkəmizdə təzədir. Bir sıra yeniliklərin tətbiqi vaxt, zaman tələb edir.

Amma bütün hallarda hamı bilməlidir ki, artıq Azərbaycanda, o cümlədən Lənkəranda səhiyyə ilə bağlı (Sağlamlıq arayışları istisna olmaqla) hər şey pulsuzdur. Qüsurlarla qarşılaşdıqda, haqqınızı tələb edin, narazılıq varsa, bizə, rəhbərliyə və ASM-lərə müraciət edin.

Həkimlər etdikləri əməliyyatlara, digər müalicələrə görə sığorta tərəfindən ödənilən pullara görə həmin pulun 15 faizi miqdarında bonus alır. Hansı həkimə çox müraciət olunursa, onun da qazancı çox olur.

 Cenub.az Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10