O evlərə elə qarğışlar töküldü ki…
İnsan dörd-beş saniyəyə nə edə bilər? Edəcək çox şey var, amma zamanın qızıl olduğunu bilməyənlər üçün bu vaxt heç nədir. Həmin dörd saniyəyə insan öz həyatını puç da edə bilər, qura da bilər. Baxır onun beyinindəki büküşlərin sıxlığına.
Deyilənə görə, insan beyni nə qədər qırışlıdırsa, insan o qədər ağıllı olurmuş. Amma di gəl ki, bu zamanda ağıllı insan olmaq bəs etmir, ətrafdakı beyni dayaz olanlar sənin o qırışmış beyininə elə bir ütü basırlar ki, qırışlar açılır, sən də havalanıb adamlıqdan çıxırsan.
Yenə vətəndaşların bir qrupu dəliləşmiş, əsəbi gəzir. Səbəb Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) adlı qurumdan kütləvi narazılıqdır. Bir neçə ildir, “evim olacaq” arzusu ilə güzəştli mənzil almaq istəyənlərin bu dəfə də son kibriti alışmadı. Yenə sehrbazlıq, haker dəstəyi söhbətləri dövrə vurdu.
Martın 30-u saat 11:00-da ölkə əhalisinin ümidli təbəqəsi yenə də haqsızlıqlara, fırıldağa sinə gərib MİDA-nın növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində mənzillərin güzəştlə satışı müsabiqəsinə qoşulmuşdu.
Budəfəki onlayn satışda 442 mənzil verilirdi. Bəli, məhz verilirdi, alınmırdı. Yəni camaat başqasının kompüteri ilə onlayn satışa qoşulmağı belə, nəhs bilib, kreditə götürdüyü kompüterdən nicat gözləyirdi. Bu inanc da boşa çıxdı. Alınmadı, əsəblər gərildi, toplanan sənəd toplusu heç oldu, “şəxsi kabinet” məmurun kabineti kimi isinmədi, MİDA söyüş divarına çevrildi. Təklif etdiyi evlərə elə qarğışlar töküldü ki…
Dörd və ya beş saniyədə o boyda mənzil satıldı, qurtardı. Bayaq qeyd etdiyim kimi, qabaqcadan verilmiş evlər satıldı. İşin içində çirkin ssenari və alverin olması nəticələrin (mənzilin kimə qismət olduğu) dərhal elan edilməməsindədir. Yəni, bilək ki, evləri hansı bəxtəvərlər uddu.
Dəfələrlə MİDA-dan şikayətçilərin müraciətlərini dinləmişik. Bütün şikayətlərin əsasında anormal satışın nəticəsinin saniyələrdə yekunlaşmasıdır. Yəni, kompüter qarşısında “siçan”ı dəbərtməyi qabaqcadan sürətlə məşq etdirsən də, saatını dünya saat qurşağına uyğun qursan da, nəfəs dərməyib udqunmasan da, həmin 4 saniyədə məsələni həll edirlər, qalırsan yana-yana.
Ən tragikomik olan tərəfi odur ki, ilbəil həmin satış zamanı daralır. Misal üçün, əvvəllər 7, 8, 9 saniyədə MİDA işi bitirirdisə, indi bu alver 4 saniyədəcə yekunlaşır. Beyin qırışım sıx olmasaydı, deyərdim, yəqin bizim müvafiq nazirlik informasiya texnologiyalarını elə mükəmməl qurub ki, onlayn satışda sürət həddi uçur.
Yazının əvvəldə insanın 4 saniyədə nə edə biləcəyini sorğu etmişdim. Dörd saniyədə MİDA elə mədə bulantısı yaradır ki, yediyin, içdiyin zəhər olur.
MİDA növbəti əndrabadi satışını aprelin 8-də nəzərdə tutub. Haydı, ürəklilər, ümidi üzülmüşlər, özünüzü bir daha sınayın. Nəticəni bidiyiniz halda sınayın, ona qədər Agentliyin qapısına maskalı əmilər dayanmasa, yaxşıdır. Buna vətəndaş nail ola bilər. Necə?
Bir neçə gün əvvəl ölkə rəhbəri Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışını etdi. Vətəndaşın binaya ayaqaçdısının, siftəsinin tam zamanıdır. MİDA qanqaraçılığını bu binada həll etmək olar.
P.S. Dünən 31 mart Azərbaycanlıların Soyqırımı Günü idi. Bizi düşmənlərimiz əsrlər boyu qırdı, yedi, bitirdi. Söz yox, biz də özümüzə görə deyilik, törəyirik, artırıq. Amma bizim kökümüzə düşmən yox, içərimizdəkilər balta vuranda… bax, onda yanırıq. Elə yanırıq ki, təpəmizdə tüstü ilə gəzirik. Canımızı almırlar e, bizi sındırırlar, kiçildirlər. Bu, ölümdən də betərdir. Artıq buna bir əncam çəkilməlidir!
Müəllif: Raminə Eyvazqızı