Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ümidim sənsən” İB yeni layihəsini necə reallaşdıracaq?


Birliyin sədri Fidan Abbaslı cenub.az-a  aşağıdakıları söylədi:
5 ərazidə tədbir, 10 nəfər üçün pulsuz kompüter kursları

Masallıda fəaliyyət göstərən “Ümidim sənsən” İB bu vaxta qədər bir sıra maraqlı layihələr reallaşdırıb. Bu təşkilatın növbəti layihəsi isə “Həssas qrupdan olan qadınlara dəstəyin göstərilməsi” layihəsidir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən ilin sonunda elan etdiyi müsabiqənin qalibləri sırasında olub və bu ilin fevral ayından layihənin icrasına start verilib.

Layihənin müddəti 4 aydır (fevral, mart, aprel, may 2022-ci il) və Masallı rayonunun 5 ərazisini (Ərkivan qəsəbəsi, Şərəfə, Çaxırlı, Bədəlan və Məmmədoba kəndləri) ərazilərini əhatə edəcək.
Mövzu ilə bağlı yüksək tərtibatlar 1000 nüsxədən ibarət flayer hazırlanıb.
 
Bəs bu mövzunu qabartmaqda, belə layihəni reallaşdırmaqda məqsədimiz nədir?

Biz qəhrəman qadınlarımız, onların fədakar həyat yolu, ömrümüzə, günümüzə gətirdiyi gözəlliklərdən, fərəhli işlərdən, örnək olacaq əməllərində çoxlu nümunələr gətirə bilərik. Lakin sirr deyil ki, həyat təkcə bəxtəvərliklərdən, xoş və fərəhli günlərdən ibarət deyil.

Belə ki, bizim həssas qruplara daxil olan, yəni, maddi durumu aşağı, qismətinə əllillik düşmüş, fiziki imkanları məhdud, eləcə də həyat yoldaşını itirmiş, yaxud boşanmış,(müəyyən yaşa çatsa da, ailə həyatı qurmamış) və bu qəbildən olan qadınlarımız da az deyil.

Layihəmizin də əsas ideyası və məqsədi son illər sayı artan tənha qadınların problemlərini araşdırmaq, müvafiq təşkilatlar qarşısında əməli təkliflər irəli sürmək, onları maarifləndirmək, bu kateqoriyadan olan qadınların mənəvi ağrılarına dəstək olmaqdır. Yəni belə qadınlar da, obrazlı olsa da onlarda o inamı yaratmaqdır ki, sən tənha olsan da, tək deyilsən.

Mövzunun ictimai əhəmiyyəti və aktuallığı nədən ibarətdir?

Masallı ölkənin əhalisi ən çox - 230 min olan kənd rayonudur. Tənha qadınların problemlərinin həlli ilə bağlı rayonda bir sıra işlər görülsə də, hələ də bu sahədə problemlər qalmaqdadır. Boşananların sayı artır, 40 yaşdan yuxarı ailə qurmayan qadınlar elə də az deyil. Təkcə son 10 ilin təhlilinə nəzər salsaq, Masallı rayonunda boşananların sayı 73-dən 237-ə çatıb. Hələ dini nikahla ailə qurub-boşananları da bura əlavə etsək, bu rəqəm daha da yüksək olar. Təkcə Ərkivan qəsəbəsinin Abbaslı-İsoba-Göllü məhəllələrində həssas qruplara daxil olan tənha qadınların sayı 100-ə yaxındır. Hər il rayonda boşananların sayı 250-300-dən az olmur.

İş yerləri də regiondakı qadınlar üçün ciddi problemdir. İş tapanların özü də digər problemlərlə üzləşir. 
Tənha qadınlar təkcə mənəvi ağrılarla yox, həm də ciddi maddi çətinliklərlə qarşılaşır. Hər yerdə normal, əlçatan və ucuz hüquqi xidmət ala bilmir, bəzən məhkəmə qərarı olsa belə, aliment əldə etmək hüquq qazansa da, onu almağa nail olmur. Nə üçün, hara, necə müraciət etməkdə aciz qalırlar.

Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr

Məqsəd problemi ciddi araşdırmaq, sorğular keçirtmək, nəzərdə tutulan ərazilərdə maarifləndirmə işi aparmaq, bu sahədə problemi olanlar üçün hər hansı informasiyanı əlçatan etmək, bu istiqamətdə yerli informasiya mənbələrindən maksimum faydalanmaq, eləcə də bu problemləri İctimaiyyətin diqqətinə çatdırmaq və vətəndaş məsuliyyətini artırmaq yolu ilə onları bu problemin həllinə səfərbər etmək, yerli icra orqanları, bələdiyyələr və ictimai təşkilatların qarşısında əməli təkliflərlə çıxış etmək. Həmçinin nəzərdə tutulub ki, bir ərazidə tənha qadınların peşə vərdişlərini yüksəltmək üçün pilot kurslar, maarifləndirici tədbirlər təşkil etmək.

Bütün bunlardan əlavə həssas qrupa daxil olan 10 qadın üçün rayon mərkəzində pulsuz kompüter kursları təşkil olunacaq.
 
Gözlədiyimiz nəticələr də ondan ibarətdir ki, həssas qrupa daxil, sağlamlıq imkanları məhdud olan tənha qadınlar artıq qarşılaşdığı çətin məqamlarda müraciət edəcəyi şəxsləri və təşkilatları ünvanlarını daha yaxından tanıyacaq, Həm də təşkil olunacaq kurslar vasitəsi ilə zəruri vərdişlər əldə edəcəklər.

Müraciət olunan sahə üzrə əməkdaşlıq edəcəyiniz qurumlar. Masallı rayon icra hakimiyyəti, Ərkivan qəsəbəsi, Çaxırlı, Bədəlan, Məmmədoba və Şərəfə kəndlərinin bələdiyyə qurumları, Təhsil müəssisələri, hüquqşünaslar, Masallıdakı Qadın Resurs Mərkəzi, cenub.az saytı, CƏNUB XƏBƏRTV, “Təmiz dünya” qadın təşkilatı və digər qadın təşkilatları olacaq.

Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10