Türkiyədə, Gürcüstanda ev qalmadı, Bakıda isə..; Nüsrət İbrahimov: “Əmlak bazarında hansısa gözlənilməz aktivlik, tələb artımı yoxdur”
Rusiyanın Ukraynaya qarşı hücumu ilə başlanan sanksiya yağışı ölkə iqtisadiyyatına birbaşa təsirlərdən əlavə, yaxın gələcəkdə gözlənilən tənəzzülü daha da dərinləşdirəcək prosesə də səbəb olub. Söhbət orta təbəqəyə mənsub rusiyalıların kütləvi şəkildə ölkədən xaricə axmasından gedir. Əksəriyyəti yüksək tenxologiyalar sahəsində biznesə malik olan bu insanlar həm bizneslərini çıxarırlar, həm də özləri gedirlər. Onların üz tutduqları ölkələr sırasında Gürcüstan, Qazaxıstan, Ermənistan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin adı öndə çəkilir.
Rusiyalılar getdikləri ölkələrdə daşınmaz əmlak əldə etməyə çalışırlar. Çoxsaylı rusiyalının axını bu ölkələrdə əmlak bazarında böyük aktivliyə, tələbin birdən-birə kəskin yüksəlməsinə gətirib çıxarıb. Türkiyə mənbələrinin yazdığına görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra rusların Türkiyənin dəniz sahili ərazilərinə marağı artıb, məşhur şəhərlərdə kirayə evlərin qiyməti isə iki dəfə artıb. “Türkrus”un xəbərinə görə, Rusiya vətəndaşlarının Antalya və Alanyada kirayəlik ev tələbi son dövrdə təxminən 4 dəfə çoxalıb. Əvvəllər ayda 200-600 dollar civarında olan kirayə haqlarının bu gün 2,5-3 dəfə artdığı bildirilir.
“Just Real Prime Broker”in məlumatına görə, İstanbul, İzmir, Bodrum və Fəthiyədə bəzi studio mənzillərin kirayələri 2-3 dəfə artaraq ayda 1000-1500 dollara çatıb. Digər tərəfdən, tədarük çatışmazlığı səbəbindən kirayə mənzil tapmağın çətinləşdiyi, bəzi ev sahiblərinin 6 aylıq avans tələb etdiyi vurğulanır.
Türkiyə Statistika Qurumunun məlumatlarında qeyd olunur ki, 2022-ci ilin fevral ayında əcnəbilərə ev satışları əvvəlki ilin eyni ayına görə 55 faiz, Rusiyadan Türkiyədə mənzil alanlar 96 faiz, Ukraynadan Türkiyədə mənzil axtaranlar isə 85 faiz artıb.
Emlakjet.com-un məlumatına görə, Türkiyədə rus və ukraynalıların ev axtarışlarında Antalya əyaləti önə çıxır. Antalyanın mənzil axtarışlarında ruslar arasında bütün axtarışlar arasında payı 31 faiz, ukraynalılar arasında isə 32 faiz olub. Həm Rusiya, həm də Ukraynadan edilən axtarışlarda Antalya əyaləti birinci yerdəykən, Rusiya üçün ən çox yaşayış yeri axtarılan vilayətlər Antalyadan sonra İstanbul, İzmir, Ankara və Bursa olub. Ukrayna üçün Antalyadan sonra ən çox mənzil axtarılan vilayətlər İstanbul, Mersin, Ankara və İzmir olub.
Ruslar arasında 3-5 mənzil, hətta 30-dək mənzil alanlar var. Əksəriyyət Türkiyədə vətəndaşlıq almaq niyyətindədir. Bank əməliyyatları ilə mümkün olmadığına görə onlar ən müxtəlif yollarla pullarını Rusiyadan çıxarırlar. Ona görə də mənzil alanlar ödənişi nağd edirlər.
Əsasən əcnəbilər üçün mənzil layihələrinin hazırlanması ilə məşğul olan Babacan Holdinqin İdarə Heyətinin sədri İbrahim Babacan bildirib ki, xüsusilə Yaxın Şərqdən gələn müştərilərin sifarişləri üzərində çalışarkən birdən-birə rus müştərilərinin kütləvi axını ilə qarşılaşıblar: “Əvvəllər Antalya başda olmaqla, turizm şəhərlərində yaşamaq və ya səyahət etmək məqsədilə gələnlər olurdu. İndi isə pullarını təminat altına almaq üçün İstanbulda əmlak alırlar”.
“Reuters”in əlaqə saxladığı rus yatırımçıları isə onlar üçün həssas mövzu olduğunu əsas gətirərək açıqlama vermək istəməyiblər.
“Golden Brown Group” və “Becar Asset Management”in məlumatlarına əsasən fevral ayının əvvəlindən etibarən Dubayda mənzil alan rusların sayının artdığı bildirilib. Evə görə ödənilən məbləğ 272-816 min dollar arasında dəyişir. “Kommersant” yazır ki, Rusiyadan valyuta çıxışına qadağa qoyulduğu üçün ruslar xarici banklarda rubl hesabları açır, ölkədən rubl çıxarır, yaxud kriptovalyutalardan istifadə edirlər.
“TürkRus”da yer alan xəbərə görə, Dubayda rusdilli əhalinin sayı 300 min civarına çatıb. Bu isə o deməkdir ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan hər 10 nəfərdən 1-i rusdur.
Qeyd edək ki, həm Türkiyə, həm də Birləşmiş Ərəb Əmirliklərində əmlak sahibi olanlara yaşamaq üçün icazələr verilir. Türkiyədə 250 min dollar dəyərində əmlak alan əcnəbilər isə türk pasportu əldə edə bilirlər. Dubayda daha ucuz məbləğdə əmlakı olanlara 3 illik yaşamaq icazəsi verilir. Uzunmüddətli yaşamaq icazəsi üçün dəyəri 750 min dirhəm (205 min dollar) olan mənzillərə tələbat artıb. Əmlakçılar bildirirlər ki, Dubaydakı Palm Jumeirah kimi süni adalardakı daha bahalı və dəbdəbəli mənzillərə 6 milyon dirhəm ödəyəcək müştərilər də tapa bilirlər.
Xaricdə əmlak satın alan rus müştərilərə xidmət göstərən Moskva və Berlində yerləşən vasitəçi əmlak şirkətlərinin nümayəndələri bildiriblər ki, ruslar həm pullarını qorumaq, həm də müvəqqəti yaşamaq üçün Birləşmiş Ərəb Əmirliklərindən yaşamaq vizası əldə etmək fürsətini qaçırmaq istəmirlər. Bu ilin ilk 3 ayında Dubayda mənzil almaq istəyənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb.
Bəzi şirkətlər isə müraciətlərin təqdim edildiyindən daha artıq olduğunu bildiriblər.
“Modern Living” əmlak şirkətindən Tiaqo Kaldas qeyd edib ki, Ukraynaya hücumdan sonra bölgədə kampaniyaya başlayıblar, onlarla əlaqə yaradan zəngin rusların sayı indi təqdim edilən rəqəmlərdən 10 dəfə daha çox olub. Müharibədən bir qədər əvvəl pullarını Rusiyadan çıxaranların sayı da az deyil.
BƏƏ-də yerləşən “Royal Home Real Estate”də əmlakçı kimi işləyən Elena Timçenko bildirib ki, Dubayda bank hesabı olan ruslar üçün ödəmələr nisbətən asandır. Digərləri yatırım üçün dostlarından, tanışlarından yardım istəyirlər, bəziləri ölkədən pul çıxarılması üçün bütün güclərini səfərbər edirlər.
Türkiyəyə yeni gələn rusların əksəriyyəti də sanksiyaları pozmağa ehtiyat edən banklara vəsait köçürməkdə çətinlik çəkirlər. Rusların Visa və Mastercard-dan çıxarılması da bir yandan çətinlik yaradır.
Yeri gəlmişkən, BƏƏ ötən il maliyyə vəsaitlərinin qanunsuz köçürülmələrinin qarşısını almaq məqsədilə şübhəli prosedurları sərtləşdirmək üçün banklara yeni təlimatlar göndərib. Lakin BƏƏ-dəki bir bankın yüksək vəzifəli əməkdaşı bildirib ki, onun bankı əvvəlki kimi müştərilərə eyni yoxlamalar aparır və mərkəzi bankdan yeni bir göstəriş gəlməyib.
Digər tərəfdən, İbrahim Babacan da rus müştərilərinin banklar vasitəsilə ödəmələr etdiyini, bununla bağlı problemlərlə qarşılaşmadığını deyib.
Daşınmaz əmlak məsləhətçisi Aleks Cihanoğlunun sözlərinə görə, hazırda sanksiyalar maliyyə köçürmələrini çətinləşdirdiyindən ruslar nağd pul və kriptovalyutalarından istifadə edirlər. Kriptovalyutalar xüsusən də hazırda bu bazar üçün qarşılaşdıqları çətinliklərə qarşı çıxmaq üçün istifadə edilən kanaldır (Virtualaz.org).
Rusiya vətəndaşlarının yerləşmək üçün üstünlük verdiyi Ermənistan və Gürcüstanda da kirayə haqqının 1,5 dəfə artdığı bildirilir.
Gürcüstana həm Rusiyadan, həm də Belarusdan axın var. Paytaxt Tiflisdə artıq boş mənzil tapmaq mümkünsüz hala gəlib. Kirayə qiymətləri ikiqat artıb. Məsələn, dekabrda 1-2 otaqlı mənzilləri 250-300 dollara kirayələmək mümkün olurdusa, indi bunun üçün ən azı 500 dollar ödəmək lazım gəlir. Əvvəl kirayə, yaxud almaq üçün mənzil axtaranların seçim imkanları olurdusa, indi artıq bu imkan da qalmayıb. Şəhərin mərkəzində,yaxud kənarında olması tələbi də aradan qalxıb. Martın 20-21-dən bəri isə artıq Tiflisdə nə kirayə, nə də satılası mənzil tapmaq mümkündür: maklerlər müraciət edənləri Batumiyə yönəldirlər. Bu səbəbdən artıq Batumidə də mənzil qiymətlərində 60 faizdən yuxarı artım müşahidə olunur.
Maraqlıdır ki, Rusiyadan köçənlərin mütləq əksəriyyəti 45 yaş altında olan insanlardır. Orta təbəqəyə mənsub bu rusiyalılar sanksiyaların altında əzilən ölkədə demək olar ki, bütün adət etdikləri komfort vərdişlərini kənara qoymaqla yaşamaq istəmirlər. Son 20 ildə inkişaf etmiş ölkələrin komfortlu həyat tərzini mənimsəyən bu təbəqənin yenidən kasadlıq şərtlərində yaşaması mümkün görünmür. Buna görə də yaxın bir neçə ay ərzində Rusiyadan köçənlərin sayının daha da artacağı proqnozlaşdırılır.
Maraqlıdır ki, Rusiyadan çıxanlar Azərbaycanda yerləşməyə maraq göstərmirlər. Belə ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana Rusiyadan keçən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox - 49,7 min nəfər gəlib. Eyni dövrdə Azərbaycandan Rusiyaya gedənlərin sayı isə 4,3 dəfə artmaqla 46 min nəfərə yaxın olub. İlk iki ayda Rusiyaya gediş-gəlişin artmasının əsas səbəbi koronavirus pandemiyasına görə tətbiq olunan hərəkət məhdudiyyətlərinin aradan qaldırılmasıdır.
Nüsrət İbrahimov
Bakının əmlak bazarında da hər hansı kəskin aktivlik müşahidə olunmur. “Yeni Müsavat”a danışan əmlak məsələləri üzrə ekspert, “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bazarda mənzilə tələbatın ciddi artımının qeydə alınmadığını deyir: “Bu günə qədər bizə yalnız bir Rusiya vətəndaşı müraciət edib mənzil üçün. Digər şirkətlərə də ən uzağı 1-2 belə müraciət ola, ya olmaya. Yəni digər ölkələrdəki axın bizdə müşahidə olunmur. Mənzil bazarında bahalaşma olsa belə, bu, artan tələbə görə deyil, tikinti materiallarının qiymətindəki yüksəlişə görədir”.
Rusiyalıların Azərbaycana marağının az olmasını ekspertlər ölkəmizdə investisiya, biznes mühitinin qaneedici olmaması ilə əsaslandırırlar. Azərbaycan qanunvericiliyi daşınmaz əmlak almaqla ölkədə yaşayış icazəsi almağa imkan vermir. Bu səbəbdən də Rusiyanı tərk edən potensial alıcı-investorlar Azərbaycana deyil, daha liberal biznes və investisiya mühiti olan ölkələrə üz tuturlar.
Dünya SAKİT,
“Yeni Müsavat”