Hələ bir müddət əvvəl Bakı-Astara magistral yolunun üzərində yerləşən istirahət məkanları və restoranların bağlandığı xəbərləri yayılmışdı. "Hacıoğlu”, "Masallı”, "Ulduz” restoranlarının bir müddətə bağlandığı, onlardan yalnız "Hacıoğlu” və "Masallı”nın açıldığı da təsdiqlənib. Lakin həmin prosesin hansı səbəbdən baş verdiyi barədə ictimaiyyətə heç bir məlumat verilmədi.
Məsələ ilə bağlı aparılan araşdırma zamanı maraqlı detallar üzə çıxıb. Məlum olub ki, Bakı-Astara yolunun üzərində ayrılmış istirahət sahələrinin hamısı hələ yolun inşası başlayan ərəfədə satılıb. Həmin vaxt yolun tikintisinə nəzarət edən keçmiş Nəqliyyat Nazirliyi nəzərdə tutulan yerlərin satışını da həyata keçirib.
Əldə edilən məlumata görə, bu staış işini ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahov rəhbərlik edib. Restoran, kafe, Yanacaq Doldurma Məntəqələri və digər sahələr üçün ayrılmış ərazilərin də hər birinin özünün qiyməti olub. Məlumatlı mənbələr qiymətlərin hər iş adamının cibinə uyğun olmadığını da qeyd edirlər.
Onlar bildirirlər ki, Musa Pənahov yalnız YDM-lər üçün ayrılmış ərazilərdən orta hesabla 20-50 min manatdan pul yığıb. Restoran və kafelər üçün bu rəqəm isə 15-30 min manata qədər müəyyən olunub. Bu qiymətlər də ərazinin hansı əlverişli imkana malik olması ilə dəyərləndirilib.
Məlumata görə, Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra bu məsələ bir müddət açıq qalıb. Musa Pənahov Nazirlər Kabinetinə şöbə müdiri təyin olunduqdan sonra da proses qismən davam edib. Daha doğrusu, həmin yerləri satan Pənahov onların işləməsinə də zəmanət verib. Lakin Ramiz Mehdiyev və ona bağlı komandanın vəzifədən getməsindən sonra bəzi araşdırmalara start verilib. Bu zaman məlum olub ki, Bakı-Astara yolunun üzərində işna edilmiş restoran və kafelərə Musa Pənahov himayədarlıq edib.
Məlumata görə, İqtisadiyyat Nazirliyi qısa zaman içində məsələni tam araşdıraraq, həmin kafe və restoranların bağlanması barədə qərar verib. Təkcə, bağlanma deyil, onları Musa Pənahovun himayəsindən də çıxarıblar. Bunun ardından isə sənədləşmə və yeni müqavilə bağlanılıb və onların işləməsinə icazə verilib.
Bağlanan restoranlardan yalnız "Ulduz”un açılmamasının dəqiq səbəbi isə məlum deyil. Güman edilir ki, onlar təklif olunan şərtləri qəbul etməyiblər.
Mənbə: Jamaz.info