Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb ki, rusiyalı oliqarxlar Prezident Vladimir Putinin fiziki olaraq aradan qaldırılması imkanlarını müzakirə edirlər. Buna səbəb isə Ukraynadakı müharibəyə görə tətbiq olunan beynəlxalq sanksiyalar nəticəsində onların külli miqdarda ziyana düşmələridir.
Açıqlamada qeyd olunur ki, Rusiyanın böyük biznesinin nümayəndələri indi güc blokundan Prezidentə və ya onun yaxın ətrafına təsir imkanlarını axtarırlar. Amma bu, Putinin ciddi təcriddə olması və praktiki olaraq heç kimi yaxın buraxmaması ilə çətinləşir.
Ukrayna kəşfiyyatının məlumatına görə, böyük rus biznesi artıq ən radikal addımlara hazırdır. Bəzi oliqarxlar hətta Putinin fiziki olaraq aradan qaldırılması üçün pul ödəməyi müzakirə edirlər.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı açıq şəkildə bəyan edir ki, onların tətbiq etdiyi sanksiyaların əsas məqsədi Rusiya daxilində etirazlara yol açmaq və bununla Putin iqtidarını devirməkdir. Bəs, görəsən rus oliqarxları bu ölkədə hakimiyyət dəyişikliyinə nail ola bilərmi? AYNA mövzunu ekspertlərlə müzakirə edib.
Türkiyəli politoloq Yasin Aktayın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü ABŞ və Qərbi çıxılmaz duruma salıb: “Ukraynada şiddətli müharibə davam edir. Moskva onun şərtlərinin qəbul edilməsini tələb edir. Yalnız bundan sonra Ukraynaya qarşı hücumları dayandıracağını bəyan edir. ABŞ və Qərb isə Rusiyaya qarşı çoxvektorlu sanksiyalar siyasətindən istifadə edir. Görünən odur ki, bu sanksiyalar Kremli dayandırmır. Bir tərəfdən Qərbin təzyiqləri Rusiyanı işğala təhrik edir, digər tərəfdən isə Qərb bunun qarşısını almaqda çarəsiz görünür”.
“Artıq rəsmi Kiyev də baş verənlərə ən yüksək səviyyədə öz etirazını bildirir. Zelenskinin təkidli tələblərinə Qərb liderləri müşahidəçi qismində yanaşırlar. Hələ də bilmirik ki, ABŞ və Qərbin məqsədi nədir. Ya Qərb nəticənin onun xeyrinə olacağından əmindir, ya da Rusiyanın bu şəkildə müqavimət göstərəcəyini gözləmirdi. Avropa qorxur ki, atacağı addımlardan təkcə Rusiya yox, onun özü də zərər çəkə bilər. Dünyanın bir-birinə qarışdığı, hamının bir-birindən asılı vəziyyətə düşdüyü hazırkı şəraitdə qərar vermək çətindir”, - deyə analitik bildirib.Qeyd edib ki, Ukraynaya qarşı hücumlar Rusiyanın əfsanəvi döyüş qabiliyyəti və qarşısındakını hərbi yolla çəkindirmək manevrlərinə də kölgə salır: “Bununla Putinin illərdir qoruyub saxladığı xarizmatik lider obrazı da zədələnir. Digər yandan Avropa Rusiya qazından asılılığı azaltmaq üçün alternativ mənbələr axtarışına başlayıb. Bütün bunlar baş verərsə, Rusiya iqtisadiyyatı dərin böhranla üz-üzə qalacaq. Nəticə etibarilə bütün ölkələr və liderlər sınaq qarşısındadır. Bu sınaq bəzilərinin ulduzunu parlatsa da, digərlərinin işığını söndürəcək”.
“Belə bir şəraitdə bitərəf qala bilmək böyük diplomatik bacarıq tələb edir və münaqişədə neytral tərəf olaraq Türkiyənin oynadığı rol onu Rusiya ilə Ukrayna arasında ən uğurlu təmas nöqtəsinə gətirib çıxarıb. Məhz cənab Rəcəb Tayyib Ərdoğanın yürütdüyü uğurlu diplomatik siyasətin nəticəsidir ki, həm Moskva, həm də Kiyev Türkiyənin vasitəçiliyi məsələsində israr edir. Hadisələrin necə yekunlaşacağı və hansı nəticələrə gətirib çıxaracağı barədə qəti proqnoz vermək isə hələ tezdir”, - deyə həmsöhbətimiz vurğulayıb.
Aktayın fikrincə, Mövcud şəraitdə Rusiya daxilində hər hansı oliqarxın Putinə qarşı qiyama qalxması real görünmür: “Kreml bütün bunları nəzarətdə saxlayır. Rusiyaya qarşı sanksiyalar yenidir. Bunun əhəmiyyətli təsirlərini rus ictimaiyyəti bir müddət sonra öz gündəlik həyatında hiss edəcək. Düşünmürəm ki, hazırda Rusiya cəmiyyətində kütləvi etirazlar gözlənilir. İndiki şəraitdə Kremlə qarşı daxildən hər hansı təhlükə yoxdur”.
Azərbaycanlı politoloq Zərdüşt Əlizadə də deyib ki, Putinə qarşı sui-qəsd cəhdindən Ukrayna kəşfiyyatının məlumatı varsa, Putinin də bundan xəbər var: “Hətta deyərdim ki, dünya liderləri arasında hazırda ən çox qorunan lider Vladimir Putindir. Hələ müharibədən əvvəl uzun-uzun masalarda qəbullar keçirir, hamı ilə təmasdan yayınırdı. Yəqin bu gün daha etibarlı şəkildə mühafizə olunur. Şübhəsiz ki, həm Putini, həm də Zelenskini qətlə yetirmək istəyən qüvvələr mövcuddur. Lakin bir daha söyləyirəm ki, hər iki lider ən yüksək səviyyədə qorunur və onlara qarşı sui-qəsd cəhdini reallaşdırmaq elə də asan məsələ deyil”.
“Beynəlxalq sanksiyalardan sonra mümkündür ki, müflisləşən rus oliqarxları Putini aradan götürməkdə maraqlı olsunlar. Lakin bunu həyata keçirəcək gücləri və imkanları yoxdur. Rusiya daxilində repressiya maşını fəaliyyətdədir və daxildən gözlənilən bütün təhlükələrin qarşısını alır”, - deyə siyasi şərhçi söyləyib.Əlizadə hesab edir ki, mövcud şəraitdə Putinin devrilməsi inandırıcı görünmür: “Rusiya əhalisinin 71 faizi Putini və onun yürütdüyü təcavüzkar siyasəti dəstəkləyir. Putini yalnız bir qüvvə devirə bilər – ordu. Ordu rəhbərliyi isə hazırda onunla həmrəydir, müharibədən yaxşı qazanır. Təbii ki, yekunda rus ordusu məğlub olacaq və Rusiyanın iqtisadiyyatı çökəcək. Bundan sonra rus xalqı oyanacaq və bu oyanışın nəticəsində Putinin yola salınması məsələsi gündəmə gələcək. Buna isə hələ var”.
“Belə bir müqayisə aparım. 44 günlük müharibədən öncə ermənilər işğalçı siyasətdən imtina etməyəcəyini deyir, təkəbbürlü davranış nümayiş etdirirdilər. Ancaq uduzandan sonra məğlub dövlətin rəhbərinə, yəni Paşinyana yenidən etimad göstərdilər. Bu, o demək idi ki, erməni xalqı oyanıb və yenidən istismar olunmaq niyyətində deyil. Bir müddət sonra rus xalqı da oyanacaq və Putini yola salacaq”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Müəllif: Azər Niftiyev