“Atamın xatirəsi” layihəsindən məşhur mühacir şairimiz Almas İldırımın Türkiyədə yaşayan oğlu Azər Almasla müsahibəni təqdim edirik.
- Almas İldırım mühacir poeziyasının ən parlaq simalarındandır. Biz onun yaradıcılığı haqqında çox şey bilirik, amma istərdik bir az da ondan atanız kimi bəhs edəsiniz.
- Atam çox sakit təbiətli insan idi. Hər zaman fikirli olurdu. İşdən evə gələndə başqa atalar kimi bizimlə vaxt keçirtmirdi. Bəzən saatlarla heykəl kimi dayanırdı. Mən onun danışdığını, səsini çox az eşitmişəm. Bir uşaq düşünün ki, atasının gülüşünü görməyib. O, heç vaxt gülmürdü. Evin içində ruh kimi dolaşırdı. Azərbaycanın mühacir poeziyasında vətən həsrəti heç bir şairin yaradıcılığına atamın yaradıcılığı kimi sirayət etməyib. Onun üçün Azərbaycan hər şeydən, hamıdan, hətta bizdən belə çox qiymətli idi.
Heç vaxt yadımdan çıxmır masanın yarısı boyda bir parçaya Azərbaycan xəritəsi cızmışdı, anam da ona rəngli iplik tikmişdi. Onu nahiyə müdiri otağında Atatürkün fotosunun yanına asardı. Mən orta məktəbdə oxuyanda Türkiyə xəritəsini hələ öyrənməmiş, artıq Azərbaycan xəritəsini əzbər bilirdim.
1940-cı illərdə o vaxt üçün ən çətin tapılan kitabları İstanbuldan çalışdığı kəndə gətirtdirirdi. Mirzə Ələkbər Sabirin yaradıcılığını çox sevirdi. Çox çətinliklə də olsa Sabirin “Hophopnamə”sini Türkiyəyə gətirtməyə nail olmuşdu. O, bütün həyatını kitablara həsr etmişdi. Bizi də belə yetişdirmişdi. Təsəvvür edin, mən orta məktəbdə oxuyanda artıq Rabindranat Taqorun külliyyatını oxumuşdum. Atam Elazığın müxtəlif nahiyələrdə (Türkiyədə inzibati ərazi vahidi – red.) müdir olub. Biz də onunla birlikdə nahiyə-nahiyə gəzmək məcburiyyətində qalırdıq. Mən 1940-cı ildə Elazığın Ağın kəndində birinci sinfə getmişəm. Atam xarakter etibarilə çox çalışqan insan idi. O, Elazığın məktəb olmayan nahiyələrində məktəb açmaq üçün dayanmadan çalışırdı. Elazığ valiliyində ona çox böyük hörmət var idi. Bilirsiniz, Elazığda Xankəndi deyilən bir kənd, Xəzər adlı bir göl var. İçindəki vətən həsrətini ovutmaq üçün Azərbaycan adını hər daşa, hər divara həkk etməyə çalışırdı. Azərbaycana olduqca bağlı insan idi.
- Almas İldırımın ananızla tanışlıq hekayəsindən bəhs edərsinizmi. Necə tanış olublar?
- Anamın danışdıqlarına görə, atamı bolşeviklər Bakıdan Dərbəndə, ordan da Aşqabada sürgün ediblər. Atam Aşqabadda coğrafiyadan dərs deməyə başlayıb. O zaman anam Zivər xanımla tanış olublar və evləniblər. Anamla atamın bir-birinə sevgidən əlavə dərin hörmət vardı. Anam atamla birlikdə sürgünlərə, təhdidlərə məruz qalıb. Bilirsiniz ki, anamın atası da Şamaxıdan Aşqabada sürgün edilən cənubi azərbaycanlı idi. Anam çox güclü qadın idi. Bir gün Aşqabadda atamın qulağına çatır ki, sənin dostlarını Bakıda həbs edirlər, güllələyirlər sən də orda durma, yerini dəyiş, səni də tapıb güllələyəcəklər. O zamanlarda anamın atası Aşqabaddan İrana xaçla aparan dəvə karvanlarından birinə başçılıq edirdi. Atam babamdan xahiş edib ki, İrana keçməkdə ona kömək eləsin. Mən anamın qucağında 3 aylıq olmuşam. Babam bizi qaçaqmalçılıq edən həmin karvana qoşub. Amma bir müddət gedəndən sonra adamların onları sərhəddə təslim edəcəklərini anlayıb gecələrin birində məni və anamı da götürüb qaçaraq meşə ilə yola davam ediblər. Atamla anam on yeddi gün meşə ilə yol gediblər. Anam danışırdı ki, ayaqlarımız qan içində idi. İran sərhədində onları Stalinin casusları hesab etdikləri üçün həbs ediblər. Atama orda 25 gün verilən işgəncələr haqda yəqin hamı bilir.
- Aşqabadda atanıza dostlarının öldürülməsi xəbərini kim vermişdi?
- Onu dəqiq bilmirəm. Amma o vaxt Bakıda ona qarşı çıxışlar edən Əkbər Ruhi, Süleyman Rüstəm atamın yerini tapmaqda dəridən-qabıqdan çıxıblar. Atamın Aşqabad radiosunda şeirləri səsləndirilirdi. Təbii ki, hakim dairələr bundan xəbər tutmuşdular. Hətta əmim oğlu Hacı Ağadan eşitdiklərimə görə, Əkbər Ruhini (Siyasi İdarənin agenti – red.) atamla bağlı məlumat toplamaq üçün Aşqabada göndərmişdilər.
- Əkbər Ruhinin atanızla şəxsi düşmənçiliyi olduğu deyilir.
- Bu barədə çox da məlumatlı deyiləm. Almas İldırım irsini araşdıranlar bu barədə yazıblar. Əkbər Ruhinin həyat yoldaşı, Azərbaycan Yazıçılar Birliyinin ilk xanım üzvü Humay xanımın Ruhi ilə evlənməmişdən atamla könül söhbəti olubmuş...
- Almas İldırım Azərbaycandakı şair dostlarından ən çox kimlərdən bəhs edərdi, kimləri xatırlayırdı?
- Atam Bakıda olanda Əhməd Cavadla, ən çox da Mikayıl Müşfiqlə dostluq edib. Bizim evimizdə ən çox adı çəkilən bu iki şair idi. Atam onları tez-tez böyük kədərlə xatırlayırdı. Əhməd Cavadın, Mikayıl Müşfiqin güllələnməsi atamı həmişə yandırdı. O, demək olar, hər gün ağlayırdı. Anam atama dayanmadan təhdid məktublarının gəlməsindən danışırdı. Onu da öldürmək üçün fürsət axtarırdılar. Bütün o təhdidlərə, təqiblərə baxmayaraq atamın içində bir inam var idi, o inam heç vaxt itmədi. Azərbaycanın bir gün müstəqil dövlət olacağından adı qədər əmin danışırdı. Yadıma onun bir şeiri düşdü.
Axşam olur, quşlar dönür yuvaya,
Mənim dönüb qonacağım dal hanı?
Sabah olur, çoban enir obaya,
Mənim qalxıb gedəcəyim yol hanı?
Yay gəlincə dağlar duman qurşanır,
Dərələrdən sellər axar, boşalır,
Könlüm deyir, onsuz necə yaşanır,
Söylər; Mənim o doğulduğum el hanı?
Həsrət qalıb baharına, qışına,
Sordum onu uçub gələn quşuna,
Baxma dostum, gözlərimin yaşına,
Məni ondan ayıracaq qol hanı?
- Almas İldırımın Azərbaycandan başqa arzusu nə idi?
- Qəribədir onun bütün arzularının bir ucu yenə gəlib Azərbaycana bağlanırdı. Övladlarının adı belə Azərbaycanla bağlı idi: Azər, Araz, Bakıxan, Odxan... Bizə hər zaman deyirdi ki, mən görməyəcəyəm, amma siz gedəcəksiniz Azərbaycana. Öz savadınızla, təhsilinizlə, uğurlarınızla Azərbaycana dəstək olacaqsınız. Hətta mən onun istəyi ilə mədən mühəndisliyini oxudum. Çünki hər zaman məni neft mütəxəssisi görmək istəyirdi. İstanbul Texniki Universitetinin mədən mütəxəssisi fakültəsinə onun vəsiyyəti ilə daxil oldum. O, mənim uğurlarımı görə bilmədi. Təəssüf ki, mən də Azərbaycana çox sonralar gəldim.
- Atanız Azərbaycandan kimlərləsə əlaqə saxlaya bilirdimi?
- Mən çox kiçik idim. Amma xatırlayıram ki, atam Türkiyədə bir neçə şairlə məktublaşırdı. Məmməd Əmin Rəsulzadəyə də məktub yazırmış. Sonralar əmim oğlu Hacı Ağadan öyrəndim ki, atam məktubları Azərbaycana - bacısı Sona xanıma yollayırmış. Təbii, həmin dövrdə bu, atamın Azərbaycandakı ailəsi üçün təhlükə yarada bilərdi. Çünki onların evi mütəmadi olaraq yoxlanılırdı. Düşünün indi o evlərdən birindən atamın məktubunun çıxması nə demək olardı?
- Sona xanım o məktubları necə mühafizə edirdi?
- Çarpayısının dəmir borusunun içərisində gizlədərmiş. Sonradan o məktubları ələ keçməsin deyə yandırıb.
- Atanız dünyasını dəyişəndən sonra yəqin, Azərbaycandakı qohumlarınızla əlaqələriniz kəsildi.
- Atam dünyasını dəyişəndən sonra bizim çox əziyyətli və çətin günlərimiz başladı. Mən universitetdə oxuyurdum, həm də işləyib ailəmə baxırdım. Azərbaycanda qohumlarımın varlığından xəbərim yox idi. Qohumlarım olduğunu bilirdim, onların hamısının öldüyünü zənn edirdim. Dediyim kimi, atama görə babamı əmilərimi, bibilərimi incidirdilər. Babamı atamla əlaqə saxladığı üçün bütün ailə üzvləri ilə birlikdə Nargin adasına sürgün ediblər. Atam ailəsinə daha çox zərər verməmək üçün qohumlarına məktub yazmağı dayandırıb, bütün əlaqələrini kəsib. Ona görə də biz qohumlarımızın artıq həyatda olmasından əlimizi üzmüşdük.
- Bəs sonra necə xəbər tutdunuz qohumlarınızın yaşadığından?
- Bir gün ev telefonumuza tanımadığım adamdan zəng gəldi. İstanbulda yaşayırdım o vaxt. Telefonu açdım. Zəng vuran adam dedi ki, sizə Azərbaycandan məktub gətirmişəm. Görüşdüm adamla, məktubu aldım. Azərbaycanda yaşayan əmim oğlu Hacı Ağadan idi. O, bizi çox axtarıb. Ondan sonra mən ilk dəfə 1993-cü ildə Bakıya gəldim. Əmilərimlə, əmiuşaqlarımla görüşdüm.
- Azərbaycana ilk gəlişinizdə hansı hissləri keçirtdiniz?
- Çox həssas gün idi mənim üçün. Azərbaycanı atamın şeirlərindən, xatirələrindən tanıyırdım. İlk dəfə ata yurduma gəlmişdim. Öldüyünü zənn etdiyim doğmalarımla görüşürdüm. Təbii, göz yaşlarıma hakim ola bilmədim. O hissləri izah etməkdə acizəm.
- Həmin illər Azərbaycan üçün çox çətin idi. Qarabağ müharibəsi gedirdi.
- Bəli. Müharibə gedirdi. Çox ağır illər idi. Azərbaycan atamın istədiyi kimi azadlığına qovuşmuşdu, amma bu dəfə də işğalçı erməni ilə qarşı-qarşıya qalmışdı. Tarix boyu bu diyarın insanlarına dörd bir tərəfdən hücumlar, zülmlər səngimədi. Atamın da dediyi kimi, Azərbaycan bizim bəxtsiz anamızdır.
- Azər bəy sovet rejimi dağılandan, ara sakitləşəndən sonra niyə həmişəlik Azərbaycana köçməyi düşünmədiniz?
- Bizim o vaxt artıq bütün həyatımız, işimiz, düzənimiz Türkiyədə qurulmuşdu. Amma qardaşım Araz Azərbaycana köçdü. Orda yaşadı, orda dünyasını dəyişdi. Vətəndaşlığım olsa, bu gün gəlib Azərbaycanda yaşayaram.
- Atanızdan qardaşınıza şeir yazmaq qabiliyyətinin keçdiyini bilirik. Sizin necə, belə bir istedadınız varmı?
- Mən gimnaziyada oxuduğum illərdə qəzəlxan kimi məşhur idim. Ən az 200-250 şeirim var. Şeirlərimi dəftərə yazırdım. Gənclik illərimdə o dəftəri bir qız məndən aldı oxumaq üçün, sonra itdi dəftər. 200-250 şeirim də yox oldu. Əruz vəznini çox sevdiyim üçün şeirlərimin əsas hissəsini əruz vəznində yazırdım. Mənim də şeirlərim atamınkılar kimi vətən həsrəti ruhundadır. Bu gün Azərbaycanın Qarabağ uğrunda apardığı haqlı mübarizə məni çox qürurlandırır. Gələ bilmirəm, amma ürəyim ordadır. Hər gün xəbərlərdə izləyirəm. İşğaldan azad olunan torpaqlarımızın xəbərləri gəldikcə qürurdan ürəyim sinəmə sığmır.
- Atanız Azərbaycan mətbəxindən hansı yeməyi çox sevirdi?
- Pitini. Çox da dadlı bişirirdi. Yadıma gəlir, dostları məxsusi olaraq atamın pitisini yemək üçün bizə qonaq gəlirdi.
- Atanızla bağlı ən unudulmaz xatirəniz hansıdır?
- Elazığda Gölcük adlanan bir yer var idi. Hansı ki, sonralar o gölün adı atamın xahişi ilə Xəzər oldu. İstəyirəm bunun da qısa tarixçəsini danışım. Bir gün atam Atatürkə məktub yazır ki, qürbətdə böyük bir Xəzərim var, adı olmayan bu gölə Xəzər adı verməyimə izn verin. Atatürk bu xahişi qəbul edir. O zamandan bu gölün adı Xəzər olur. Atam orda vaxt keçirməyi, dərdləşməyi sevirdi. Bir gün gedəndə məni də atının tərkinə alıb ora apardı. Çatdı, atdan düşdü və üzünü gölə tutub qollarını açdı, başladı bu sözləri söyləməyə:
Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam
Eli, yurdu çalınmış bir qərib Qafqazlıyam.
Bu, atamın “Gölcüklə dərdləşmə” adlı şeiri idi və atam bu misraları orda bədahətən söyləmişdi. Orda o şeirin yazılmasının şahidi olmuşdum. Bu, mənim atamla bağlı ən xoş və unudulmaz xatirəmdir.
- Şeir yazanda necə bir ruh halında olurdu?
- Atam əlinə qələm alanda bütün dünya ilə əlaqəsi kəsilirdi. Biz sadəcə onun zümzüməsini eşidərdik. Şeir yazanda dodağının altında zümzümə edirdi. O zaman kağız-qələm də çox çətin tapılan şeylər idi. İndiki kimi ağ kağızlar yox idi, saman kağızlar var idi. Atam bəzən bir şeiri on dəfə təkrar yazırdı. Bilirsiniz ki, o dövrdə surət çıxarma maşınları yox idi. Ona görə də atamın şeirlərini toplamaq çox çətin oldu.
- Onun ölümünü necə xatırlayırsınız?
- On doqquz yaşım var idi. İranda ona verilən işgəncədən sonra böyrəkləri zədələnmişdi. O həbsdən sonra atam on doqquz il yaşaya bildi. Ömrünün son illərində Malatyada Qala nahiyəsinə təyin olunmuşdu. Bir gün bərk xəstələndi. Onu xəstəxanaya yerləşdirsək də artıq iş-işdən keçmişdi. Həkim bizə atamın hər iki böyrəyinin fəaliyyətinin dayandığını söylədi. Onu evə gətirdik. O vaxt dializ aparatı yox idi. Böyrəklər işləmirdi deyə bütün zəhər bədəninə yayılmışdı. Çox əziyyət çəkdi. On gün yaşaya bildi.
- Almas İldırımın məzarının olmadığını bilirik. Necə olub ki, atanızın məzarının dağılmasından çox uzun illər sonra xəbər tutmusunuz?
- Atamı Malatyada dəfn etdiyimiz qəbiristanlığı tanıyıram. Amma müəyyən səbəblərə görə uzun illər biz atamın məzarını ziyarət edə bilmədik. Mən evin böyüyü olduğum üçün həm oxuyub, həm işləyib qardaşlarıma baxmaq məcburiyyətində qaldım. Maddi sıxıntılarımız var idi. Malatya İstanbuldan çox uzaq məsafədə yerləşirdi və yolpulu, zaman tələb edirdi. Heç zamanım, fürsətim olmurdu. Rahatlığa çıxandan sonra getdiyim zaman qəbiristanlığı tapa bilmədim. Malatya valisinə müraciət etdik. Məsələnin üstünə düşdülər. Məlum oldu ki, atamın dəfn olunduğu həmin qəbiristanlığı dağıdıb üstündən yol çəkiblər.
- Bunu eşidəndə nə hiss etdiniz?
- Çox dərin bir ağrı hiss etdim. Bir az peşmançılıq hissim də var. İndi anım, doğum ildönümlərində gedib ziyarət edə biləcəyim bir məzarı yoxdur./kulis.az