Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zalım oğlu, ölləm, hara gedirsən, Qurban olum, məni sənsiz buraxma.




Aynur Yasəmən gənc şairə xanımlar sırasında maraqlı şeirləri ilə seçilir.
Ağdərə rayonunun Sırxavənd kəndində anadan olmuşdur.

Aynur xanım taleyini belə təqdim edir:
Şeir yazmağa 4 cü sinifdə oxuyanda başlamışam. Elə o gündən bir çox səpkidə şeir yazmaqda davam etmişəm.
Təhsilimə Sırxavənddə başlamışam. Köçkünçülük bizi bu yurddan o yurda sürüklədi. Ancaq təhsilimdən geri qalmamışam.
Orta təhsilimi başa vurub, ali təhsilimi uğurla bitirmişəm. Və buna baxmayaraq mən yurd həsrəti çəkən bir xanım olaraq, dərdimi ağ vərəqlərə düzməkdən başqa, yurdumu vəsf eləməkdən başqa, yurdum, elim, obam üçün heç nə edə bilmirəm.

Bir də yuxularımda tez-tez görürəm kəndimi. Hər görüşüm bir şeirlə öz yerini tutur.
Vətənpərvərlik mövzuları ilə yanaşı sevgi haqqında da çox yazıram. Şeirlər, esselər və s. Çünki mən sevən qadınam. Sevgidən başqa ürəyimə heç nəyi yaxın qoymamışam. Bu mənim həyat devizimdir.

Aynur xanımın vətənpərvərlik mövzusunda maraqlı şeirləri olsa da, biz Beynəlxalq Qadınlar günündə onun bir neçə sevgi şeirini sizə təqdim edirik.


MƏNİ SƏNSİZ BURAXMA

Sənsizlikdən buz bağlayıb donuram,
Qurban olum, məni sənsiz buraxma.
Bir tək səni, mən hər kəsim sanıram,
Qurban olum, məni sənsiz buraxma.

Sən gedərsən, dağlarıma sis gələr,
Ayım, ilim bir birindən pis gələr,
Qismətimə qurd gələr, iblis gələr,
Qurban olum, məni sənsiz buraxma.

Qınayacaq gəzdiyimiz yol məni,
Dincəltməz ki, ürək tərəf, sol məni,
Əfv eyləməz səni saran qol məni,
Qurban olum, məni sənsiz buraxma.

Ölərəm mən, səni ata bilmərəm,
Sənsiz bir zirvəyə çata bilmərəm,
Qor dolar yatağa, yata bilmərəm,
Qurban olum, məni sənsiz buraxma.

Sənin sevgin əmanətim, bil yarım,
Sənsiz saat mənə gəlir, il yarım,
Sevgin yoxsa, ömür yarım, il yarım,
Qurban olum, məni sənsiz buraxma.

Zənn et ki, çəkmisən dara, gedirsən,
Bəxş edib sağalmaz yara, gedirsən,
Zalım oğlu ölləm, hara gedirsən?!
Qurban olum, məni sənsiz buraxma.

APAR MƏNİ

Bir dərdim qalmayır cahanda mənim
Gözlərin gözümə baxanda mənim
Saçında, çiynində, yaxanda,mənim
Əlimə yer varsa, gəl apar məni

Sevdasına düşdüm şahin baxışın
Qəlbimə çəkmisən sevgi naxışın
Birlikdə bezmədən ömür yoxuşun
Çıxa bilərsənsə, gəl apar məni

Bizi qorxutmasın nə qar, nə boran
Yolu azdırmasın bizə sis, duman
Könül sarayında mənə bir məkan
Qura bilərsənsə, gəl apar məni

Hər kəlmə sözünə can deyəcəyəm
Baxçanda eşq gülü bitirəcəyəm
Sən “gözlə” dedikcə gözləyəcəyəm
Vədə tamamdırsa, gəl apar məni

Yaşamaq eşqiylə çarpışaq, duraq
Səninlə yaranıb həyata maraq
Xurmayı saçıma daima daraq
Barmağın olarsa, gəl apar məni

Ömür vəfa edib gözləmir daha
Sevdama don biçdi bahadan baha
Diz çöküb yalvaraq qadir ALLAHA
Qəbulsa duamız, gəl apar məni

CANIMI ALDI

Ürəyimi ovcuna buraxmışam
Yaşayır, döyünür hərarətinlə
O ürəyi sənə bağışlamışam
Ürəyim döyünür məhəbbətinlə...

Əyər sən özünü axtarsan, ömrüm
Elə ovcundaki o ürəyə bax
Sözünü yerinə yetirir könlüm
Bir ömür səninlə addımlayacaq...

Kükrəsə dəryalar, titrəsə göylər
Hər zaval doğruya yalandan gəlir
Bizim tək sevgini yaşayan bilər
Bu sevdam sən adlı ünvandan gəlir...

Məhəbbətin sonsuz, ürəyin geniş
Yandırıcı cismin canımı aldı...
Varlığın xoşbəxtlik simgəsi olmuş
Bir öpüş bir ömür dodaqda qaldı...


Aynur Yasəmən











Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10