O, yaxşı anlayıb ki, törədəcəyi hadisədən sonra sağ qalmayacaq. Buna görə də son sözlərini kağız parçasına yazaraq cibində saxlayıb. Ən maraqlı məqamlardan biri isə Mitrofan Nikitinin onu başqasının məhv etməyinə imkan verməməsi olub. “Terrorçu” son anda əlindəki tapança ilə ürəyinə atəş açaraq intihar edib. Sadə kəndli kişisinin Leninin nəşini hansı səbəblərdən güllələmək arzusu isə sonra məlum olub.
Mitrofan Nikitin 1988-ci ildə Bryanskda yoxsul kəndli ailəsində anadan olub. 13 yaşından başqalarının təssərrüfatlarında işləyən Nikitin Oktyabr inqilabından sonra ölkənin ayrı-ayrı bölgələrində, kənd rayonlarında ən kiçik vəzifələrdə çalışıb.
1933-cü ildə Moskva ətrafında “Tərəqqi” sovxozunda işə başladığı gündən Nikitinin sovxoz direktoru ilə aralarında konfliktləri günü-günüdən böyüməyə başlayıb. Sovxoz rəhbərliyinin işə münasibəti, vəzifə səlahiyyətlərinin icrası onu qane etməyib. Nəhayət, Nikitin sovxozda baş verən yeyinti və oğurluq halları ilə bağlı sovxozun partiya təşkilatı katibinə yazılı müraciət edib. Daha sonra vəziyyətlə bağlı Moskva vilayət Partiya Komitəsinə və Mərkəzi Komitəyə məktublar ünvanlayıb. Ancaq bu müraciətlərin heç birinin nəticəsi olmayıb.
Ümumiyyətlə, əvvəlki iş yerlərində də mövcud vəziyyət Mitrofan Nikitini ciddi şəkildə narahat edib. Xüsusilə, 1930-cu illərdə başlayan repressiyalar bu narahatlığı daha da artırıb. Təbii ki, o, baş verənlərlə təkbaşına mübarizə aparmaq gücündə və imkanında olmayıb. Bunu dərk edən Nikitin fərqli bir “çıxış yolu” tapıb.
Nikitin sosialist cəmiyyətində bu cür hadisələrin baş verməsində Lenini günahlandırıb, elə düşünüb ki, cəmiyyətdə baş verən neqativ halların birinci səbəbkarı Lenindir və qərara gəlib ki, qisasını da proletarların 10 il əvvəl ölmüş rəhbərindən alsın.
Beləliklə, 19 mart 1934-cü ildə 46 yaşı Nikitin işlədiyi “Tərəqqi” sovxozundan Moskvaya gəlib. Paytaxtda heç bir yerə dönməyərək birbaşa Qırmızı meydana yollanıb, Lenin mavzoleyini ziyarət etmək üçün növbəyə durub. Uzun-uzadı növbədə Nikitin özündə heç bir şübhə, həyəcan hiss etdirməyib. Elə mavzoleyə daxil olanda da mühafizəçilər onun heç bir qeyri-adi hərəkətini hiss etməyiblər. Mavzoley qapısından içəri keçəndə o, yanında dayandığı, tanımadığı qadını hörmət əlaməti olaraq irəli buraxıb. Bu nəzakətli davranış bütün şübhələri aradan qaldırıb və Nikitin gödəkçəsinin altında gizlətdiyi tapançanı da rahatlıqla içəri keçirə bilib.
Leninin nəşinə yaxınlaşanda Nikitin tapançanı çıxararaq iki dəfə atəş açıb. Amma güllələr hədəfə dəyməyib. Üçüncü atəşi açmaq istəyəndə mühafizəçilər ona imkan verməyiblər. Bu məqamda o, yalnız özünə atəş açmağa imkan tapıb. Ürək nahiyəsinə dəyən güllə ilə Nikitin elə yerindəcə ölüb.
Hadisədən dərhal sonra mavzoleydə olanların hamısını komendaturaya aparıblar. Onlardan hadisə ilə bağlı danışmamaq haqqında iltizam aldıqdan sonra sərbəst buraxıblar.
Nikitinin kimliyini müəyyən etmək üçün ilk növbədə onun üzərində axtarış aparıblar. Onun ciblərindən şəxsiyyətini və iş yerini təsdiqləyən sənədlər, sonuncu yazdığı qeydlər və əvvəllər Stalinin ünvanına göndərdiyi məktubların surəti çıxıb.
Nikitinin sonuncu yazdığı kağız parçasında aşağıdakı fikirlər də öz əksini tapıb:
“Kommunistlərimizin çoxu yalan danışırlar və insanları aldadırlar. Hər yerdə yoxsulluq, köləlik, aclıq, vəhşilik hökm sürür. İnsanlar bir-birilərindən qorxur, həqiqəti dilə gətirməkdən çəkinirlər. Çünki onlar “QPU”-nun təzyiqi altında yaşayırlar. Bu təzyiqlərin sonu isə ölüm və işgəncə deməkdir. Bu gedişlə “rus sosializmi” xalqın başına hələ çox fəlakətlər gətirəcək. Mən Mitrafon Nikitinəm. Xalq üçün böyük məmnuniyyətlə ölümə gedirəm. 13 yaşından işləməyə başlamışam. Vicdanım təmizdir. Çox düşündüm, narahat oldum və qərar verdim; mən öz ölümümlə milyonlarla zəhmətkeşin etirazını bildirirəm. Son söz olaraq isə üzümü Mərkəzi Komitə rəhbərlərinə tuturam, özünüzə gəlin, nə etdiyinizi düşünün, köləliyə, terrora son qoyun. Əks halda “rus sosializmi” sürətlə uçuruma doğru gedəcək...”
Sonrakı araşdırmalar nəticəsində o da məlum olub ki, Nikitinin heç psixoloji problemi olmayıb. Yəni o, hadisəni şüurlu şəkildə törədib.
Elə həmin günün axşamı Nikitinin cibindən tapılanlar Stalinin stolunun üstünə qoyulub. Onun göstərişi ilə sənədlər və kağızlar “məxfi” qriflə arxivə göndərilib. Həmin sənədlərin üzərindən məxfilik qrifi yalnız 60 ildən sonra götürülüb və onlar hazırda prezident arxivinin Stalin fondunda saxlanılır.
Qeyr edək ki, Mitrofan Nikitinin Leninin nəşinə sui-qəsd cəhdi Mavzoleydə baş verən ilk insident olub. Sonralar bu cür hadisələr daha bir neçə dəfə baş verib.
İlham Cəmiloğlu, Musavat.com