Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 1000-ə yaxın ev daşqından ziyan çəkib. Onlara kompensasiya veriləcək?


Azərbaycanın cənub bölgəsində daşqına səbəb olan güclü yağışlardan sonra təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlər görülür.

Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, burada evlərin su altında qalması nəticəsində Cəlilabad şəhərində beş ailə təxliyə edilib. Zərərçəkənlərə 4 saylı şəhər məktəbinin yaxınlığında xüsusi təchiz olunmuş otaqlarda müvəqqəti yaşayış təklif edilməsinə baxmayaraq, vətəndaşlar qohumlarının yanında qalmağa üstünlük veriblər. 

Hazırda çoxsaylı texnikadan istifadə olunmaqla şəhərin küçələrindən su çəkilib, nəqliyyatın hərəkəti bərpa edilib.

Cəlilabaddan Yardımlı şəhəri istiqamətində yol təmizlənib. Təbii fəlakət nəticəsində elektrik enerjisi verilməsinin dayandırıldığı üç kənddə elektrik enerjisi təchizatı bərpa edilib. 

Kənd təsərrüfatına dəyən zərərə gəlincə, əkin sahələrinə ziyan dəyib. Amma taxıl üçün suyun bolluğu faydalı olsa da, kartof və çiyələyə ziyan dəyib. 

Təbii fəlakət nəticəsində ən çox Masallı rayonuna ziyan dəyib. Burada 913 ev, 2093 həyətyanı sahə, 1000 hektara yaxın əkin sahəsini su basıb, 165 nəfər təxliyə edilib, rayon Fövqəladə Hallar Komissiyasından Turan-a bildiriblər.

İndi evlərin və həyətyanı sahələrin əksəriyyətində su çəkilib, yaşayış məntəqələri arasında nəqliyyatın hərəkəti bərpa olunub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir, Rayon Komissiyasından bildiriblər.

Yerli sakinlərin sözlərinə görə, zərərçəkən əhali onlara dövlət tərəfindən maddi yardım göstəriləcəyinə, kompensasiya ödəniləcəyinə ümid edir.

Evlərin çoxunda birinci mərtəbələri su basıb, nəticədə mebel, məişət texnikası yararsız hala düşüb. Həyətlərdəki suvarma motorlarını, digər avadanlıqları su yuyub aparıb. Təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu mal-qara, toyuqlara ziyan dəyib, faktiki olaraq bu il bol kartof və digər bitki məhsulu olmayıb. 

Yerli hakimiyyət kompensasiya ilə bağlı konkret heç nə demir. Rayon Fövqəladə Hallar komissiyalarında deyiblər ki, hazırda dəyən ziyanın hesablanması aparılır, bütün məlumatlar Bakıda mərkəzi hakimiyyətə veriləcək və kompensasiya məsələsi də orada həll olunacaq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10